|
Ələtə xarici investorları necə cəlb edək - təhlil

Azərbaycanın beynəlxalq tranzit habına çevrilməsi istiqamətində proseslərin sürətlənməsi müşahidə edilməkdədir. İyunun son ongünlüyündə ölkəmizdən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi ilə ilk qatarın hərəkətə başlaması nəinki Azərbaycan və regionun, bütövlükdə beynəlxalq ticarətin inkişafında çox mühüm hadisədir. Hindistanla Avropanı dəmiryolu vasitəsilə əlaqələndirmək məqsədilə əsası qoyulan dəhliz üzərində işlər 21 ildir ki, davam edir. Hərəkətliliyin indi artması təsadüfi deyil: 2000-ci illərdən etibarən Hindistan dünya üçün gözlənilməz şəkildə sürətli iqtisadi artım yoluna çıxıb. 2007-2017-ci ildə ölkənin Ümumi Daxili Məhsulu iki dəfə artıb. 2022-ci ilədək daha iki dəfəlik artıma nail olunacağı gözlənilir. Hazırda bu ölkə ÜDM-in həcminə görə dünyada ABŞ və Çindən sonra üçüncü pillədə qərarlaşıb.

İqtisadiyyatının 60 faizə yaxını kənd təsərrüfatından ibarət olan Hindistan xaricə düyü, buğda, çay və digər məhsullar ixrac edir. Eyni zamanda ölkədə sənayenin sürətli inkişafı baş verməkdədir.

Hindistandakı sürətli iqtisadi artım bu ölkənin Avropaya ixracını da kəskin artırır. Ənənəvi dəniz yolu ilə artan ixracı vaxtında reallaşdırmaq bir çox səbəblərdən çətinliklərlə müşayiət olunur. Buna görə də Hindistan, eləcə də ondan mal alan ölkələr alternativ quru yolunun maksimum tez işə salınmasında maraqlıdılar. Buna görə də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyətlər sürətləndirilib.

Azərbaycan layihəyə 2005-ci ildən qoşulub: neft gəlirləri yeni-yeni artmağa başladığı dövrdə. Bu addımın atılmasında məqsəd neftdənkənar sahələrin inkişaf etdirilməsi idi. Bu məqsədlə Azərbaycan dəhlizlə aktiv hərəkəti təmin etmək üçün öz ərazisində dəmiryol infrastrukturunu tam yeniləyib. Hətta öz infrastrukturunu təkmilləşdirmək üçün İrana kredit də ayırıb. Hazırda Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi ilə hərəkət edəcək yük qatarlarını qarşılayıb yola salmaq üçün bütün imkanlara malikdir.

Azərbaycan həmçinin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizində iştirak üçün də zəruri infrastrukturunu qurub. Uzun illər boyu Çindən Avropaya uzanan ticarət-daşıma marşrutunun öz ərazisindən keçməsinə, bu sahədə Çinin həyata keçirdiyi “Bir Kəmər Bir Yol” layihəsinə qoşulmağa çalışan rəsmi Bakı artıq bu istəyinə də çatmış sayılır. Çin Azərbaycan üzərindən keçən marşrutu layihə çərçivəsində yükdaşımaların hərəkət istiqamətlərindən biri kimi qəbulı edib.

Beləliklə, Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olmaq məqsədinə çatdığını rahatlıqla söyləmək olar.

Müsbət haldır ki, ölkə yalnız beynəlxalq yükdaşımalar üçün tranzit rolunu oynamaqla kifayətlənmək istəmir. Azərbaycan beynəlxalq yükdaşımaların yaradacağı əlverişli şəraitdən istifadə edərək qeyri-neft istehsalını da inkişaf etdirmək niyyətindədir. Bakı yaxınlığında Ələt İqtisadi Zonasının yaradılması məhz bu niyyətlə irəli sürülən layihədir. Zonada həm müxtəlif növ məhsulların istehsalı, həm də hazır məhsulların qablaşdırılması nəzərdə tutulur. Dünyada, xüsusilə Avropada bir çox limanların yaxınlığında yaradılan azad iqtisadi zonalarda daşınan məhsullara əlavə dəyər qatmaqla böyük həcmdə gəlir əldə olunması təcrübəsi geniş yayılıb. Azərbaycan bu təcrübədən istifadə etmək niyyətindədir. Məsələn, hər il Hindistandan, Çindən Avropaya külli miqdarda dərman preparatları daşınır. Bir sıra Avropa limanlarında konteynerlərlə daşınan preparatların qablaşdırılmasından irihəcmli gəlirlər əldə edilir. Azərbaycan Ələt AİZ-də müasir qablaşdırma müəssisələri yaratmaqla konteynerlərlə daşınan çox sayda məhsulu qablaşdıraraq son məhsul halında Avropa və digər istiqamətlərə göndərə bilər. Bundan əlavə, bir sıra yerli məhsulların istehsalını quraraq Asiya və Avropa bazarlarına ixrac edə bilər. Ələtin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi AİZ-ə böyük üstünlük yaradır.

Polşada Bakı limanı və Ələt azad iqtisadi zonasının imkanları təqdim edilib  | DƏNİZ XƏBƏR

Açıqlanan rəsmi məlumatlardan aydın olur ki,  Ələt Azad İqtisadi Zonasının texniki göstəriciləri və burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq. AİZ haqqında qanunla zonada iş quracaq investorlara müstəsna hüquqlar nəzərdə tutulur: vergi, gömrük rejimində muxtariyyət tanınır. Dünya təcrübəsi göstərir ki, belə müstəsnalıq verilən azad zonalarda xarici investorların cəlbi daha rahat olur. Azərbaycan indiyədək neft-qaz sektorunda imzaladığı hasilatın pay bölgüsü sazişləri ilə xüsusi vergi və gömrük rüsumu rejimi təcrübəsini yaşayıb. 27 ildir bağlanan müqavilələr çərçivəsində nəzərdə tutulan rejimlərlə bağlı Azərbaycan hökuməti ilə xarici tərəfdaşları arasında hər hansı narazılıq, fikir ayrılığı, konflikt qeydə alınmayıb. Bu, Ələt AİZ-ə gəlmək istəyən xarici investorları həvəsləndirmək baxımından çox böyük üstünlük yaradır. İki gün əvvəl Ələt AİZ-in təməlini qoyan Prezident İlham Əliyev də zonaya dair qanuna xüsusi diqqət ayırıb: “Bu həm dövlət maraqlarını, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də dövlətin inamına əsaslanır. Ona görə qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir”.

Beləliklə, Azərbaycan dövləti AİZ-lə bağlı xüsusi rejimlər tətbiq etməklə xarici investorların cəlbi üçün zəruri olan əsas addımlardan birini atıb.

Xarici investorların AİZ-ə gəlməsi üçün mühüm şərtlərdən biri də ölkədə müvafiq infrastrukturun olmasıdır. Prezident İlham Əliyev müsahibəsində bu məqamı da diqqətə çatdırıb: “İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir”.

Azərbaycan Prezidenti: Bir ildən sonra Ələt Azad İqtisadi Zonası  investorları qəbul etməyə hazır olacaq

Azərbaycan Ələt AİZ-in ən qısa müddətdə fəaliyyətə başlaması üçün zəruri olan addımları atacaq. Ölkə prezidentinin verdiyi məlumata görə, 2022-ci ilin iyulunda artıq AİZ öz işinə başlamağa hazır olacaq. Ona qədərsə hökumət investorların cəlbi üçün zəruri olan addımları atmalıdır. Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən bütün xarici ölkələrdəki səfirliklərə öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat vermək göstərişi verilib.

Onu da qeyd edək ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etmək üçün apardığı 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatması da Ələt AİZ-ə investorların cəlbi baxımından mühüm müsbət amildir. 30 ilə yaxın davam edən münaqişənin bitməsi Azərbaycanla bağlı dünyada müsbət imicin formalaşmasına gətirib çıxarıb. Digər tərəfdən, işğaldan azad edilmiş torpaqlardakı böyük infrastruktur layihələr böyük investisiyalar tələb edir. Artıq azad edilmiş torpaqlarda böyük tikinti-quruculuq işlərinə start verilib. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Artıq onlarla ölkədən bərpa prosesində iştirakla bağlı Azərbaycan dövlətinə təkliflər gəlməkdədir. Azərbaycan hökuməti böyük layihələrə podratçı kimi cəlb etdiyi şirkətlərlə Ələt AİZ-də işləyəcəklərinə dair razılığa gələ bilər. Bunun  üçün Qarabağda tikinti-bərpa prosesində iştirak edən  şirkətlərə AİZ-də istehsal layihələrinin icrası müqabilində müəyyən güzəştlər tanına bilər. Bununla da dövlətin qayıdış prosesinə yatıracağı vəsaitlərin bir qismini Ələt AİZ-ə sərmayə şəklində geri qaytarmaq mümkün olacaq.