ABŞ-ın Vitse-prezidenti Kamala Harris Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi forumda deyib ki, söz və ya səs azadlığından məhrum olan qadınlar öz hüquqları uğrunda mübarizə aparmalı və ABŞ-ın onları dəstəklədiyini bilməlidirlər.
Harris gender bərabərliyinin demokratiyanın güclənməsi üçün hər şeydən üstün olduğunu vurğulayıb. O qeyd edib ki, dünyada demokratiyaya təhdid var.
Bəs Azərbaycanda qadınların söz və səs haqqı pozulurmu? Ölkəmizdə qadınların özlərini ifadə etmələri üçün mövcud olan şərait yetərincədirmi? Nəhayət, Kamala Harrisin demokratiyanın taleyi ilə bağlı dedikləri nə dərəcədə doğru və səmimidir?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Qadın hüquq müdafiəçisi ilk olaraq Kamala Harrisin qadınlarla bağlı fikrinə münasibət bildirib:
“Fikrimcə, Kamala Harrisin hər zaman qadınların yanında olduqlarını deməsi bir qədər ikibaşlı mesajdır. Düşünmürəm ki, onlar hər zaman qadınların yanında ola bilirlər.

Mehriban Zeynalova: “Qadınlarımız sosial şəbəkələrdə öz fikirlərini çox yaxşı ifadə edə bilirlər və bunun özü də yaxşı haldır”
O ki qaldı Azərbaycana, ölkəmizdə vəziyyət belədir ki, ailə münasibətləri ilə bağlı stereotiplər əksər hallarda qadınların öz fikirlərini ifadə etməsinə mane olur. Bəzən qadınların fikri eşidilməz olur. Və yaxud bəzən qadınlar fikirlərini ifadə etməkdə çətinlik çəkirlər, onları görməzdən gəlirlər və sairə. Doğrudur, bir çox qadınlarımız da var ki, öz fikirlərini sərbəst ifadə edə bilir, cəsarətlidir. Lakin onların sayı çox deyil, ümumilikdə götürəndə 15-20 faiz təşkil edir.
Amma deyə bilərəm ki, qadınlarımız sosial şəbəkələrdə öz fikirlərini çox yaxşı ifadə edə bilirlər və bunun özü də yaxşı haldır".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” tədqiqat və inkişaf ictimai birliyinin sədri Günel Səfərova isə qeyd etdi:
“Bildiyiniz kimi Bayden hakimiyyəti fundamental insan azadlıqları üzərində qurulub. Yəni əvvəlki Tramp hakimiyyətindən tamamilə fərqlidir.
Həmçinin müşahidə etdik ki, Bayden hakimiyyəti formalaşanda onun administrasiyasının idarəçiliyində əsasən qadınlar təşkil etdi. Bu baxımdan Kamal Harrisin səmimiliynə əminəm. Lakin ümumilikdə demək olmaz ki, ABŞ-da insan hüquqları problemi yoxdur. Bunun özü fərqli formadadır. Yəni orada da qadınların hüquq və azadlıqlarına daha fərqli maneələr ola bilir. Sözsüz ki, bu Azərbaycanla müqayisə edilməz dərəcədə azdır.

Günel Səfərova: “Son illərdə məişət problemlərinin, zorakılıqlarının da artdığını görürük”
Azərbaycanda qadın hüquqları ilə bağlı ümumi məlumat çoxdur. Məsələn, qadınların mülkiyyət hüquqları pozulur, məişət zorakılığına tuş gəlirlər və sairə.
Ölkəmizdə qadın hüquqlarının pozulması ilə bağlı sual verəndə bəziləri qeyd edir ki, təhsil problemi var, bəzisi isə qeyd edəcək ki, qadınlara qarşı xeyli stereotiplər var. Bunların hamısı ilə razılaşmaq olar. Lakin onları sıralamaq, hansı problemin daha öndə olduğunu demək çətindir.
Bəli, ölkəmizdə qadınlara qarşı daha çox mədəniyyətin və cəmiyyətin formalaşdırdığı stereotiplər var. Köklü araşdıranda görürük ki, bütün deyimlərimiz, atalar sözlərimiz, məsəllərimiz, yanaşmalarımızda qadınlar ikinci tutulur və bu cür tərbiyə olunuruq.
Bütün bunlardan da dərin problem - selektiv abort məsələsi var. Son illərdə yeni doğulan qızların sayında azalmalar müşahidə edilir. Həmçinin gender problemi, sosial baxımından qadına yüklədiyimiz bir rol var, hansı ki, qanunvericilikdə yazılmayıb. Cins olaraq deyil, gender olaraq yüklədiklərimiz olur. Həmçinin, çox təəssüf ki, son illərdə məişət problemlərinin, məişət zorakılıqlarının da artdığını görürük. Gender məsələsi ilə bağlı daha bir problem - erkən nikahlar hələ də mövcuddur. Hesab edirəm qadın hüquqları məsələsini siyasiləşdirmək lazımdır.
Bu günə qədər ölkəmizdə dövlətə məxsus qadın sığınacaqları, məişət zorakılıqlarından əziyyət çəkənlər üçün sığınacaqlar, psixoloji mərkəzlərimiz yoxdur. Olan sığınacaqlar qeyri-hökumət təşkilatlarına məxsusdur. Halbuki dövlətin 2011-ci ildə qəbul etdiyi məişət zorakılığı haqqında qanunun nəticəsi olaraq bunlar çoxdan hazırlamalı idilər.
Yəni Amerika ilə müqayisədə ölkəmizdə qadın hüquqları ilə bağlı problemlər çoxdur".
