“Günün ən isti saatlarında (saat 11:00 ilə 17:00 arası) uşağı günün altına çıxarmaq olmaz. Bu saatlarda çölə çıxmaq məcburiyyətində qalınsa, mütləq uşağın başına qoruyucu papaq qoyulmalı və ya çətir tutulmalıdır. Uşağa bol su verilməlidir. Ayran da ola bilər. Çay yox. Uşaqlara, ümumiyyətlə, valideynlər çay verməməyə çalışmalıdır. Şirin çay isə heç verilməməlidir”.
Bu sözləri pediatr Günay Rəsulova Musavat.com-a açıqlamasında deyib. Pediatr isti havalarda uşaqlarla davranış qaydalarını açıqlayıb:
“Uşaqlar gündə 2 dəfə günün isti saatlarında çimizdirilməlidir. Çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silmək olar. Yüngül qidalandırılmalıdır. Yüksək kalorili, şəkərli, un məmulatları əvəzinə, bol vitaminli, asan həzm olunan yeməklər verilməlidir. İstidə yemək istəməyən uşağı məcbur etmək olmaz. Əvəzinə bol maye verilməsi məsləhətdir”.
![]()
İsti havalarda rastlaşa biləcəyiniz problemlərdən, istilikvurma, günvurma qorunmaq üçün nələr edilməlidir?
Həkim bildirir ki, qusma, baş ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahsızlıq ilk əlamətləridir. Günvurmadan sonra uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə, qızdırma varsa, qızdırmanı düşürmək və daha sonra təcili yardım çağırmaq lazımdır.
İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışılmalıdır. Temperatur 22-23 dərəcədən aşağı olmamalı, kondisioner havası bir başa uşağın üstünə düşməməli, otağın nəmliliyinin normal olmasına diqqət etməlidir”.
Çimərliklərdə uşaqlarla necə davranmalıdır? Hansı yaş qrupu uşaqları dənizdən uzaq tutmaq lazımdır?
Pediatr bildirib ki, 0-6 aylıq uşaqlarə dənizdən uzaq tutmaq lazımdır:
“Çimərliklər uşaqların sevdiyi ortamdır. Amma bəzi nüanslara diqqət etməsək, uşaqlar zərər görə bilər. 6 ayına qədər körpələri dənizə salmaq olmaz. 6 ay-2 yaş arası uşaqları isə təmizliyinə əmin olmadığımız dəniz suyuna salmaq olmaz. Bu yaş qrupu uşaqlar yüksək sidikyolu infeksiyası, orta-xarici qulaq infeksiyası, dəniz suyunun udulmasına bağlı mədə-bağırsaq infeksiyası riski daşıyırlar. Dəniz suyunun temperaturu önəmlidir, 29-30 dərəcədən az olmamalıdır. Uşaqlara SPF kremlər çəkilməlidir. Xüsusilə, hovuza girərkən gözlükləri olmalıdır. Hovuz suyunun nə ilə dezinfeksiya olunduğu da vacibdir. Aşırı xlor suyu olan hovuzlara uşaqları salmaq olmaz. Əsasən də, allergiyası, astması olan uşaqlara ziyandır”.
O həmçinin bildirib ki, yay aylarında uşaqlar sərin, dəri tənəffüsünə mane olmayacaq, boş geyimlər geyinməlidir”.
