Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
İş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutur.
Sonuncu məhkəmə prosesində Samir Həsənovun vəkili məhkəməyə xatırladıb ki, zərərçəkmiş kimi tanınan Şakir Ələkbərov hələ də məhkəməyə 5 milyondan artıq pulun mənbəyini təqdim etməyib.
Hakim isə bildirib ki, buna məhkəmə qiymət verəcək.
Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı bildirilib. Növbəti prosesdə prokuror Samir Həsənova cəza istəyəcək.
Daha əvvəlki proseslərdə də vəkil eyni məsələ ilə bağlı vəsatətlər təqdim etsə də hakim 5 milyonun mənbəyini araşdırmamışdı.
Şakir Ələkbərov isə əvvəlki proseslərdə pulun özünün olduğunu desə də sonradan ayrı-ayrı şəxslərdən borc aldığını bildirmişdi. Həmin şəxslərdən işə sadəcə ikisini məhkəməyə dəvət etmişdi.
Samir Həsənov sərbəst ifadəsində deyib ki, iş üzrə tanınan zərərçəkmişlərdən borc olaraq pul alıb, lakin borcu qaytaracağını vəd etdiyi vaxtdan əvvəl həbs edilib, buna görə də pulu qaytara bilməyib və heç də həmin şəxslərə qarşı dələduzluq etməyib.
Zərərçəkmiş kimi tanınan və əsasən şikayətçi kimi göstərilən Şakir Ələkbərovun epizodu üzrə yazılanları qəbul etməyən Samir Həsənov deyib ki, adı çəkilən şəxsdən aldığı pulu faizi ilə geri qaytarıb.
Samir Həsənov vurğulayıb ki, Şakir Ələkbərovdan aldığı 5 milyondan artıq pula görə 6 milyondan artıq pul qaytarıb. Həmin artıq məbləğ də Şakir Ələkbərova çatan qazanc və faiz olub.
Şakir Ələkbərovun Samir Həsənova 5 milyon pul verməsini sübut edən yeganə sənəd isə bir dəftərdir. Həmin dəftərdə Şakir Ələkbərov qələmlə Samir Həsənova verdiyi məbləği yazıb. Bu isə sübut kimi qiymətləndirilib. Tərəflər arasında heç bir borc müqaviləsi və rəsmi sənəd yoxdur. Eyni dəftər Samir Həsənovda da var. Samir Həsənovun qeyd dəftərində isə pulun qaytarıldğı tarixlə göstərilir.
İttihama görə, Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə, S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.
Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.
Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.
S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.
