|
Parlamentin iclası başladı:

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. Spiker Sahibə Qafarova əvvəlcə Macarıstan səfəri ilə bağlı məlumatlandırdı.

Daha sonra cari məsələlər ətrafında çıxışlar oldu. Birinci vitse-spiker Əli Hüseynli öz çıxışında Macarıstana səfərlə bağlı sədrin fikirlərini bölüşdüyünü bildirdi. Daha sonra Azərbaycan polisinin peşə bayramı günündən bəhs etdi. Bildirdi ki, Azərbaycan polisi Birinci Qarabağ Müharibəsində olduğu kimi, Vətən Müharibəsində də cəsarətlə iştirak etmiş, qələbəmizə böyük töhfələr verib. Ə.Hüseynli Azərbaycan polisinin ölkədəki sabitlik, təhlükəsizlik məsələlərində də öz sözünü dediyini bildirdi. Ardınca vitse-spiker parlament rəhbərliyi, deputatlar adından Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyini və şəxsi heyətini təbrik etdi, deputatlar alqışlarla təbrikə qoşuldular. Sədr də bütün deputatların təbriklərə qoşulduğunu bildirdi.