Milli Məclisdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Deputatlar bir gün əvvəl parlamentdə bu layihə ilə bağlı dinləmənin keçirilməsini yüksək qiymətləndirdilər.
Komitə sədri Siyavuş Novruzov qanun layihəsilə bağlı tənqidi fikirlər söylədi. “Vəkil gecikdirmələrə görə cərimə olunur, həmçinin lüzumsuz müdaxilələrə görə. Bəs, məhkəmə lüzumsuz müdaxilələrə görə niyə cərimə olunmur? Bəzən məhkəmələr məqsədli şəkildə qərarları qarşı tərəfə vaxtında təqdim etmir ki, yuxarı insansiyalara müraciət edilməsin. Məhkəmə düzgün qərar çıxartmırsa, o halda niyə cərimə olunmur?”
Məhkəmələrin daha çox cərimələməyə maraqlı olacağını deyən S.Novruzov konkret misal çəkdi: “Avropa Məhkəməsinin qərarlarına baxırıq. Ordakı qərarların hamısı Azərbaycan məhkəməsinin prosedur qaydalara əməl etməməsilə bağlıdır və nəticədə Azərbaycan dövləti cərimələr ödəməli olur. Bu gün biz qəbul etdiyimiz qərarla ancaq və ancaq məhkəmələri müdafiə ilə məşğuluq, vəkillərin yox”.
