İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Prezidentə verdiyi məlumatdan aydın olub ki, AİZ-in sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
V.Ələsgərov bildirib ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir: "İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir".
Mərasimdən sonra Dövlət Televiziyasına müsahibə verən Prezident İ.Əliyev bildirib ki, AİZ-in yaradılması qeyri-neft sektoruna sərmayə cəlb etmək istiqamətində atılan addımdır: “Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyllidirlər. Ona görə bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.

İlham Əliyev dünyada dəniz sahilindən kənarda azad iqtisadi zonaların yaradılması sahəsində olan uğurlu və uğursuz təcrübələrin öyrənildiyini və ən optimal variantın seçildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda müasir infrastrukturun, münbit invesitisya mühitinin yaradılması, güclü kadr potensialının formalaşdırılması, təhlükəsizlik və sabitliyin təmin olunması kimi amillər xarici investorları Ələt AİZ-ə cəlb edəcək əsas faktorlardır: “Əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.

Prezident qeyd edib ki, Ələt AİZ bir ildən sonra - gələn ilin iyul ayından etibarən investorları qəbul etməyə hazır olacaq: "O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər".
Dövlət başçısı xarici şirkətlərin Azərbaycanda yalnız podratçı kimi deyil, həm də sərmayəçi kimi fəaliyyət göstərməsini istədiklərini deyib: “Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”.
Xatırladaq ki, AİZ-in yaradılması barədə sərəncamı Prezident İlham Əliyev 2016-cı ilin martında imzalayıb. Həmin ilin sentyabrda isə AİZ-in yaradılması üzrə məsləhətçilik işi dünyanın 3-cü böyük belə limanı olan Cəbəl-Əlinin yaradıcısı “DP World” şirkətinə həvalə olunub. Şirkətin mütəxəssislərinin iştirakı ilə “Ələt AİZ haqqında” qanun layihəsi hazırlanıb, 2018-ci ildə Milli Məclisdə qəbul edilib. Eyni zamanda “DP World” şirkəti Ələt AİZ-nin inkişaf planını hazırlayıb hökumətə təqdim edib.
Qanunla Ələt Azad İqtisadi Zonasına yüksək müstəqillik verilir. İndiyədək dünyada yaradılan azad iqtisadi zonaların xeyli hissəsi, postsovet məkanında, xüsusən də Rusiyada yaradılan zonaların isə əksəriyyəti öz potensialına uyğun səviyyədə səmərəli fəaliyyət göstərə bilmir. “Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsi isə daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbəl-Əli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb. Rəsmi məlumata əsasən qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkərlər, investorlar üçün cəlbedici etməkdir.Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, AİZ-in səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı AİZ-dəki kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur.
![]()
Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit habına çevrilməsi istiqamətində fəaliyyətlər AİZ-lə birbaşa bağlıdır. Belə ki, AİZ-in yerləşdiyi Ələt qəsəbəsi Azərbaycanın ərazisindən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Keçən həftə Şimal-Cənub nəqliyyat dəhlizi ilə pilot qaydada yük qatarlarının daşınmasına başlanıb. Bu dəhlizin əsas həlqələrindən biri olan İrana qarşı sanksiyaların aradan qaldırılması ehtimalının getdikcə artması Şimal-Cənub dəhlizi ilə yükdaşımaların yaxın gələcəkdə sürətlə artacağını göstərir. Eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə hərəkət getdikcə intensivləşir. Bakı-Tiflis-Qars dəmiryol xəttinin işə düşməsi, həmçinin Azərbaycanın torpaqlarının azad olunmasından sonra Zəngəzur dəhlizinin yaradılması üçün işlərə başlanması Şərq-Qərb yolu ilə daşımaların artmasına ciddi təkan verməkdədir. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Əfqanıstanda Lapis-Lazuli layihəsi ilə Bakı-Tiflis-Qars birləşdirilib.
Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə Azərbaycan 2005-ci ildən qoşulub. Layihə çərçivəsində Bakı-Rusiya sərhədi, Bakı-Astara, Astaradan İrana qədər olan dəmiryol infrastrukturu yenilənib. Azərbaycan İran ərazisində layihə çərçivəsində dəmiryol xətti və yük terminallarının inşasını maliyyələşdirib. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Şərq-Qərb dəhlizi ilə artan yükdaşımalara hazır olmaq üçün Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanını inşa edib. Limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə tranzit yüklərin, sadəcə, daşınmasını deyil, onlara əlavə dəyər qatılaraq daşınmasını təşkil etmək niyyətindədir. Ələtdə AİZ də bu məqsədlə yaradılır.
