|
“Azərbaycanda aviabiletlər digər ölkələrdən bahadır...”-

“Azərbaycanda aviabiletlər digər ölkələrdən bahadır, ümid edirik ki, bu məsələ həllini tapacaq”.

Bu sözləri Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. İcraçı direktor qeyd edib:

"Məlum olduğu kimi ölkədə xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır. Digər ölkələrdə aviabiletlər Azərbaycandan daha ucuzdur. Əgər siz onlayn platformalarda qiymətlərə baxsanız görərsiniz ki, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan uçuşları ilə müqayisədə Türkiyə-Azərbaycan uçuşları bahadır.

Turistlərin sayının artması üçün rəqabətli mühit olmalıdır. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. O cümlədən dövlət aviaşirkəti olan “Azərbaycan Hava Yolları” ilə əlaqədəyik. Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”.

Daha sonra icraçı direktor turizm sektorunda olan digər bahalıqdan da söz açıb:
"Qurumumuz turizm sektorunda müşahidə edilən bahalaşmanı izləyir. Qiymətlərin artması diqqətimizdədir, lakin onları biz tənzimləmirik, tələb və təklifə uyğun tənzimlənir. Biz yalnız göstərilən xidmətlərin sayını artırmağı təklif edirik.

Çox müsbət haldır ki, sərhədlər açılır. Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür. Çalışmalıyıq ki, daxili turizmi inkişaf etdirək”.