Azərbaycanda az-çox rəqabət mühitinin olduğu, inhisarlaşmanın getmədiyi bir neçə sahə var ki, onlar arasında taksi və çatdırılma xidmətləri xüsusi yer tutur. Uzun illərdir taksi xidmətində hökumətin həyata keçirdiyi, yaxud keçirməyə çalışdığı dəyişikliklər cəmiyyət tərəfindən kəskin təpki ilə qarşılanır. Həm bu təpkiyə, həm də on minlərlə insanın dolanışığını təmin etdiyinə görə taksi xidməti sahəsində kəskin inhisarlaşma baş tutmayıb.
Taksi xidmətindən xeyli “gənc” olan çatdırılma-kuryer xidməti isə son 4-5 ildə sürətli inkişaf yoluna çıxıb. 2020-ci ildən koronavirus pandemiyasına görə tətbiq olunan hərəkət məhdudiyyətləri insanların elektron alış-verişə üstünlük verməsinə gətirib çıxarıb. Bu isə internet üzərindən alınan malların çatdırılması üçün kuryer xidmətinə tələbatı kəskin artırıb. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin yanvar-may aylarında əhali bank kartları vasitəsilə elektron ticarətdə 1,846 milyard manatlıq ödəniş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz çoxdur. Cari ilin ilk beş ayında da e-ticarət ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib - 52,9 faiz. Aydın məsələdir ki, İnternet üzərindən alış-verişin belə artması kuryer xidmətinə ehtiyacı da yüksəldir. Bu proses Azərbaycanda kuryer xidməti göstərən şirkətlərin sayının kəskin artmasına səbəb olub. Vaxtilə taksi xidməti sahəsində baş verən proses hazırda kuryer xidməti sahəsində təkrarlanır: tələb artdıqca bazar iştirakçıları da artır. Bazar iştirakçılarının - xidmət təklif edənlərin artması qiymətlərin də düşməsinə səbəb olur. Bu baxımdan, gedən proses maddi baxımdan istehlakçının xeyrinədir. Mütəxəssis qiymətləndirmələrinə əsasən kuryer-çatdırılma xidmətində hazırda qiymətlərin endirilməsi üçün “döşəmə” qalmayıb: mövcud həddən aşağı qiymət yalnız o halda mümkündür ki, şirkət fəaliyyətinin böyük hissəsini uçotdan yayındırsın. Buna görə də mütəxəssislər bu bazardakı rəqabətə davam gətirmək üçün şirkətlərin keyfiyyət amilini önə çəkməsini məsləhət görürlər. Dünya təcrübəsi göstərir ki, rəqabətin mövcudluğu yalnız qiymət deyil, keyfiyyət yüksəlişini də təmin edir. Bu baxımdan, yaxınmüddətli dövrdə kuryer xidməti sahəsində keyfiyyət dəyişikliyin də olacağını gözləmək olar.
Qeyd edək ki, kuryer xidməti sahəsində də daxili ixtisaslaşma var. Xarici ölkələrdən, Azərbaycan daxilində çatdırılma xidmətlərini göstərən şirkətlər, həmçinin ictimai iaşə müəssisələrindən, daxili mağazalardan malları çatdıran şirkətlər. Hazırda bu iki qrup şirkətlərin öz arasında kifayət qədər ciddi rəqabət gedir.
ERA Araşdırmalar Mərkəzinin məlumatına əsasən, pandemiya dövründə paytaxt əhalisinin 65 faizi daşıma şirkətlərinin xidmətlərindən istifadə edərək yemək sifarişi edib. Və 2020-ci ilin altı ayı ərzində göstəricilərinə görə yemək sifarişi xidməti arasında lider “Wolt” şirkəti olub. Qısa müddət öncə yaradılan şirkət restoran və kafelərlə müqavilələr əsasında işləyir. Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən pandemiya dövründə paytaxt əhalisinin 52 faizi “Wolt” vasitəsilə qida sifarişi verib. “Wolt”un kuryer partnyorları yeməkləri velosiped, motosiklet və avtomobillə çatdırır. Yeməyin hazırlanması ilə birlikdə ortalama çatdırılma vaxtı 30-45 dəqiqə təşkil edir. Bazarda digər yüksək paylı çatdırılma şirkətləri “Hungry.az”, pizzaçatdırılma xidməti olan “Dominos’’, ”Anadolu’’, “Papa Jons’’, ”Shaurma N1", “Pak Dad”, “Köz döner”, “Sushi Azerbaijan” və sairləri də fəaliyyət göstərir.

Dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamadan məlum oldu ki, çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görülüb: “Belə ki, araşdırma zamanı məlum olub ki, ”Volt Azərbaycan" MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub. Bununla əlaqədar “Volt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib".
Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb.
Maraqlıdır ki, bazara bələd olan mütəxəssislər bildirirlər ki, “Volt Azərbaycan” MMC-nin heç bir tərəfdaşı ilə müqaviləsində yalnız özünün xidmətlərindən istifadə olunacağına dair şərt qoyması normal hal deyil: “Hər bir müqavilə rəsmi bir sənəddir və onu imzalayan tərəflər qanunvericiliyə zidd olan hər hansı müddəanı müqaviləyə sala bilməzlər. Bu, kobud qanun pozuntusudur. Bu baxımdan, ”Volt" əgər müqavilədə belə məsələ qoyubsa, maliyyə sanksiyası qərarını ədalətli hesab etmək olar. Ümid edək ki, xidmətin atdığı addımın arxasında həqiqəyən istehlakçı-sahibkar hüququnun müdafiəsi məqsədi dayanır. Çünki Azərbaycanda hansısa bazarın ələ keçirilməsi, iri oyunçuların kənarlaşdırılması üçün müəyyən dövlət qurumlarından istifadə olunması təcrübəsi var. Bir çox hallarda buna həmin dövlət qurumunu aldatmaqla da nail olurlar. Bu baxımdan, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər nəzarət qurumlarının ehtiyatlı olmasında, müraciətləri araşdırarkən bütün məqamları nəzərə almasında fayda var".
Mütəxəssis qeyd edir ki, kuryer xidməti sahəsində sağlam rəqabət mühitinin saxlanması çox vacibdir: “Bu xidmət bilavasitə qeyri-nağd ödənişlərin artmasına bağlıdır. Xidmət sahəsi inhisarlaşarsa, bu, avtomatik olaraq qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Qiymətlərin yüksəlməsi öz növbəsində ondan istifadə edənlərin sayını azaldacaq. Bu isə son nəticədə qeyri-nağd formada həyata keçirilən elektron ticarətin həcminin azalması demək olacaq. Bu baxımdan, antiinhisar orqanının üzərinə böyük məsuliyyət düşür”.
