Ermənilər son günlərdə Tovuz rayonu istiqamətində bir neçə dəfə atəşkəsi pozublar. Bəziləri bunu Nikol Paşinyana tabeçiliyi zəif olan ordudakı mafiyanın təxribatı sayır. İstənilən halda, ölkəmizə Ermənistan ərazisindən atəş açılır və buna bir cavab olmalıdır. Yada salaq ki, ötən ilin iyun-iyul aylarında da düşmənlər Tovuz istiqamətini atəşə tuturdular və sonra bəlli proseslər baş verdi, yekun isə Qarabağ Zəfərimiz oldu. İndi isə ermənilər hüquqi baxımdan 10 noyabr üçtərəfli bəyənnaməsini açıq-aşkar pozurlar, özü də Qarabağda yox, konflikt zonası olmayan sərhəd ərazidə.
Görünən budur ki, silahlı erməni bandaları bu dəfə Tovuz istiqamətində dəmir yumruq yemək istəyirlər. Bunu kimlər və niyə edirlər, cavabımız necə olmalıdır?

Ruslan İmamquliyev
Hərbi ekspert Ruslan İmamquliyev “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsində əldə olunmuş qələbədən sonra Ermənistanla aramızda artıq heç bir təmas xətti yoxdur. Bu isə o deməkdir ki, bundan sonra Ermənistanın edə biləcəyi hər hansı bir təxribat terror aktı olaraq qiymətləndirilməlidir və bütün bu törədilmiş cinayətlər Azərbaycanın daxili təhlükəsizlik məsələlərinin həll müstəvisində, eyni zamanda qanunun tələb etdiyi qaydada cavabını almalıdır: “Bu gün terror aktları törədənlər və buna havadarlıq edənlər ən sərt şəkildə cəzalandırılmalıdır. Buna bariz nümunələr var. Bir zamanlar Türkiyənin daxilində terror aktları törədən PKK-ya, onun liderlərinə qarşı Türkiyənin müvafiq güc strukturları öncə ölkənin daxilində, sonra isə ölkə sərhədlərindən kənarda əməliyyatlar keçirdi. Nəticədə bilirsiniz ki, terror təşkilatı demək olar sarsıdıldı, zəif düşürüldü, liderlərinin bir çoxu ya öldürüldü, ya da həbs olundu. Əgər Ermənistan terror aktları təşkil edirsə, terrorçulara şərait yaradırsa, istər bu terror hərəkətləri Tovuz istiqamətində edilsin, istər Qarabağ istiqamətində, təbii ki, Azərbaycan olaraq həm sərhədlərin qorunması, həm də daxili təhlükəsizlik adına bunun qarşısını almalıyıq. Sərhədlərimizdən kənarda yerləşən terrorçu kamplarını aşkarlamalı və gələcəkdə ola biləcək risklərin qarşısını almaq üçün həmin düşərgələri darmadağın etməliyik. Əgər bu edilərsə, terrora dəstək olan dövlət və ya dövlətlər, yaxud qurumlar öz yerini bilmiş olacaqlar. İstənilən halda Azərbaycanın təhlükəsizlik məsələlərinin tam nəzarətdə olduğundan əmin olmuş olacaqlar”.
Hərbi ekspert xatırlatdı ki, Ermənistan keçən ilin iyulunda Tovuz istiqamətində terrorçu hücumları həyata keçirdi və cavabını aldı: “Bu istiqamətdə irəliləmək həvəsinə düşən Ermənistan dəmir yumruğun ilk zərbəsini elə oradaca aldı. Cəmi iki ay sonra isə Qarabağda misilsiz zərbə aldı və işğal etdiyi Azərbaycan torpaqları əlindən çıxdı. İndi Ermənistanın ya hakimiyyəti, ya da hakimiyyətə rəqib olan klanın hərbidəki uzantıları yenidən Tovuz və ya başqa bir ərazimizdə terror hərəkətlərinə yol verirlərsə, bu niyyətə düşüblərsə, keçən ildə olduğundan daha ağır zərbəni başlarında görməlidirlər. Terror yuvalarına qarşı əməliyyatlar sərhədimizdən o tərəfdə-məhz həmin yuvaların yerləşdiyi ərazidə keçirilməlidir.
musavat
