Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib ki, ölkəsi bundan sonra da bölgədə vasitəçilik prosesində iştirak etməyə hazırdır. Romada İŞİD-ə qarşı Qlobal Koalisiyanın konfransında iştirak edən nazirin sözlərinə görə, tədbir çərçivəsində ikitərəfli görüşlərdə regiondakı vəziyyət müzakirə olunub.
Zalkaliani xüsusi vurğu ilə deyib ki, Gürcüstan vasitəçilik funksiyasını gələcəkdə mütləq inkişaf etdirəcək.
Gürcü nazirin açıqlamaları suallar yaradıb.
3+3 formatına Gürcüstan ilkin olaraq vasitəçilikləmi girir? Və hansı istiqamətlər üzrə vasitəçilikdən söhbət gedir?
Çünki Gürcüstan regional baxımdan o vəziyyətdədir ki, onun özünə vasitəçi lazımdır. Bu barədə Bakıda, Milli Məclisdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Rusiya ilə onun arasında vasitəçi olmağı Gürcüstana təklif edib.
Gürcüstan böyük ehtimalla, onun ərazisində baş verən əsir və mina xəritələri dəyişikliyində iştirakını və bu tipli vasitəçiliyi nəzərdə tutur.
Bizə belə bir vasitəçilik lazımdırmı? Lazım olacaqmı? Yoxsa söhbət digər formatlardan, projelərdən gedir? Azərbaycan-Ermənistan arasında da gələcəkdə sülh prosesinə dair danışıqlarda Gürcüstanın vasitəçiliyi mümkündürmü?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu gürcü nazirin dediklərindən önəmli sitatlar gətirdi: “Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda ”Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları" panelində çıxış edərək bunu dedi: “Regional əməkdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir. İnanıram ki, bölgədəki qonşularımız üçün də bu belədir”. David Zalkalianinin sözlərinə görə, Gürcüstanın Azərbaycanla əla münasibətləri var. Sitat: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Türkiyə də həmçinin. Ermənistanla tarixi yaxın dostluq münasibətlərimiz var. Regional əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əla praktiki nümunələri var. Biz Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və digər layihələrdə iştirak edirik. Bu layihələr praktiki əməkdaşlığın nümayişidir. Bu mesajı bölgədəki digər ölkələrə, ermənistanlı həmkarlarımıza da göndəririk. Biz Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa, iqtisadi əməkdaşlıq üzrə konkret layihə və ideyaları inkişaf etdirməyə hazırıq. Bu sahələr nəqliyyat, rabitə, Qara və Xəzər dənizlərinin potensialının istifadəsi, humanitar, biznes və ticari əlaqələr, mədəni sahələri əhatə edə bilər. Türkiyə, ABŞ, Avropa İttifaqının də bu layihələrə qoşulması və inkişafı imkanlarını nəzərdən keçirmək olar. Çünki mühüm əhəmiyyətli iqtisadi layihələr olmadan sabitlik mümkün deyil, sabitlik olmadan isə inkişaf və tərəqqi yoxdur”. Zalkaliani Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu razılaşma yaxşı başlanğıcdır. Bu prosesin inkişaf potensialı var. Ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra üçtərəfli əməkdaşlıqla bağlı müzakirələri davam etdirmək imkanı olacaq. Türkiyə, ABŞ və Avropa İttifaqının də bu regional əməkdaşlıqda vacib rol oynayacağına inanıram”.

Elxan Şahinoğlu: “Gürcüstanın Rusiya ilə diplomatik münasibətlərinin olmaması da Azərbaycanla Ermənistanın maraqlarına cavab verir”
Politoloq bu sitatların fonunda qeyd etdi: “Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyini davam etdirmək istəyir. Nikol Paşinyan Ermənistanda parlament seçkisində qələbə qazandı. Paşinyan bir dəfə Gürcüstanın vasitəçiliyini qəbul etdi və Azərbaycan 15 ermənini Ermənistana təhvil verdi. Bunun əvəzində Ermənistan Azərbaycana mina xəritələrindən birini verdi. Bu prosesi davam etdirmək olar. Gürcüstan Azərbaycanın müttəfiqi, Ermənistanın dostudur. Gürcüstanın Rusiya ilə diplomatik münasibətlərinin olmaması da Azərbaycanla Ermənistanın maraqlarına cavab verir. Azərbaycan və Ermənistan Gürcüstanın vasitəçiliyini qəbul etməklə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını da azaltmış olurlar”.
![]()
Əhəd Məmmədli: “Ölkəmizi səmərəsiz danışıqlar prosesinə cəlb etmək istəyirlər”
Politoloq Əhəd Məmmədli Gürcüstanın hazırda Azərbaycandan daha ciddi ərazi bütövlüyü problemi yaşadığını qeyd etdi: “Gürcüstan Qərb tərəfindən Cənubi Qafqazda iki addım Ermənistandan, bir addım da Azərbaycandan yaxın qəbul edilən ölkədir. Hələ 1918-ci ildə də belə olub. Rəsmi Tiflis hər zaman hakim rolunu oynamağa çalışıb. Sadəcə, buna Azərbaycanın günü-gündən artan nüfuzu imkan verməyib. Bu ölkənin özündə də ciddi ərazi bütövlüyü problemi var. Gürcüstan Rusiya ilə münaqişədədir. Hazırda bu ölkənin ərazi bütövlüyü Azərbaycandan daha ciddidir. İndi Gürcüstan bu məsələdə bir qədər irəliləmək və Azərbaycan-Ermənistan münasibətlərində özünü beynəlxalq aləmə arbitr kimi göstərmək istəyir. Bunu da yeni imicdə, yeni bir formada etməyə çalışır. Amma düşünmürəm ki, rəsmi Tiflisin arbitr rolunu oynamağa ehtiyac var. Azərbaycan dəfələrlə bildirib ki, Dağlıq Qarabağ kimi problemi yoxdur. Bu baxımdan nə Gürcüstanın, nə də Rusiya, Amerika, Fransa kimi dövlətlərin arbitrliyinə ehtiyac yoxdur. Sadəcə, Azərbaycanı səmərəsiz danışıqlar prosesinə cəlb etmək istəyirlər. Qərb və Rusiya çalışır ki, bu konflikt dondurulmuş vəziyyətdə qalsın. Azərbaycan qətiyyən buna yol verməməlidir. Ermənistan qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalayıb, ərazi bütövlüyümüzü tanıyacaq. Başqa bir çıxış yolu da yoxdur. Əks halda, Azərbaycan qoşunlarını rus sülhməramlıları olan ərazilərə yeritmək məcburiyyətində qalacaq”.
