|
ABŞ-Almaniya yaxınlaşmasında “Holokost” faktoru

Elçin Mirzəbəyli: “İkinci Dünya müharibəsindən bəri Almaniya ABŞ-ın Avropadakı ən yaxın müttəfiqidir”

ABŞ Avropa İttifaqının aparıcı dövləti olan Almaniya  ilə münasibətləri yoluna qoymağa çalışır. Belə ki, ABŞ və Almaniya Holokostun inkar edilməsinə və antisemitizmə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq edəcək. ABŞ dövlət katibi Antoni Blinken deyib ki, bu səylər “hazırkı və gələcək nəsillərin Holokost haqqında məlumat əldə etmələrini və ondan dərs çıxarmalarını” təmin edəcək.

Cümə axşamı Berlində Holokost Qurbanlarının Memorialında çıxışı zamanı Blinken bildirib ki, Holokostun inkar edilməsi və antisemitizm homofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliyin digər formaları yaxından əlaqəlidir və onlar “demokartiyamızı məhv etmək istəyənləri birləşdirir”.

“Buna görə də Holokostun tarixini yalnız keçmişi başa düşmək üçün deyil, həm də bizim bugünümüzü istiqamətləndirmək və gələcəyimizi formalaşdırmaq üçün Holokost haqqında məlumatların ortaya çıxarılması üçün yenilikçi yollar tapmalıyıq”,-deyə Blinken bildirib.

Blinken və Almaniyanın xarici işlər naziri Heiko Mass əməkdaşlıq haqqında sənəd imzalayıblar. Blinken hər iki hökumətin dövlət qulluqçularının və gənclərin Holokostu eləcə də antisemitizmi dərindən öyrənmələrinə yardım etmək üçün təhsilli gücləndirmək və tarixin inkar edilməsi və ya təhrif edilməsinə qarşı mübarizə sahəsində birlikdə işləyəcəyini deyib.

Bəs görəsən, bu vasitəçilikdə Ağ Evin məqsədi nədir? Almaniya hökuməti ilə yəhudilər arasında “Holokost” probleminin həlli ABŞ üçün nə deməkdir və ya niyə  yəhudilərin rəğbətini qazanmağa çalışır?

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, Almaniya Holokosta - yəhudilərin soyqırımına görə bütün məsuliyyəti üzərinə götürmüş, zərərçəkənlərə münasibətdə kifayət qədər məsuliyyətli davranan bir ölkədir və müasir Almaniyanı III Reyxin cinayətlərinə görə davamlı olaraq ittiham etmək doğru olmazdı: “Qeyd edim ki, ABŞ hər zaman Almaniya-İsrail yaxınlaşmasında və bu iki dövlət arasında 1950-ci ildən hərbi əməkdaşlığın, 1965-ci ildən isə diplomatik münasibətlərin başlanmasında müstəsna rol oynayıb. İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniya, ”soyuq savaş"dan sonra isə bütöv Almaniya Federativ Respublikası ABŞ-ın Avropadakı ən yaxın müttəfiqidir. Bu baxımdan Almaniya-ABŞ yaxınlaşmasından danışmaq doğru olmazdı, çünki bu iki dövlət hər zaman yaxın olub. Almaniya siyasətində nəzərə çarpan bəzi siyasi gedişlər, xüsusilə də Rusiyaya münasibətdə atılan addımlar ilk baxışda Vaşinqtonun iradəsinə qarşı həyata keçirilən siyasət kimi nəzərə çarpdırılsa da - bu da çox zaman Rusiya mediası tərəfindən edilir - bu, daxili aiditoriyaya hesablanmış təbliğatdan başqa bir şey deyil".

Almaniya-İsrail münasibətlərinin bugünkü reallığına gəldikdə isə E.Mirzəbəyli hesab edir ki, statistikaya müraciət etmək daha doğru olar: “Almaniya İsrailin ABŞ-dan sonra dünyada ikinci, Avropada isə birinci ticarət tərəfdaşıdır. Blinken bildirib ki, Holokostun inkar edilməsi və antisemitizm homofobiya, ksenofobiya, irqçilik və ayrıseçkiliyin digər formaları yaxından əlaqəlidir və ”onlar demokartiyamızı məhv etmək istəyənləri birləşdirir" kimi fikirlərinə gəldikdə isə, əgər bu Vaşinqtonu siyasətini ifadə edirsə, çox doğru yanaşmadır və ilk növbədə ABŞ və Avropa cəmiyyətlərini ciddi çağırışlar qarşısında qoyan problemlərin aradan qaldırılması niyyəti kimi başa düşülə bilər. Bu gün Birləşmiş Ştatlarda irqçiliyin ən son həddə çatması və hətta vətəndaş qarşıdurması təhlükəsi yaratması, görünür Ağ Evi son 12 il ərzində buraxılan səhvlərdən nəticə çıxarmağa sövq edir".

Politoloq vurğuladı ki, artıq Avropa da bəşəriyyətin gələcəyinin faşizmdən yox, sivilaziyaların dialoqundan asılı olduğunun fərqindədir: “Avropada ultrasağ və millətçi təşkilatların güclənməsi də olduqca təhlükəli faktordur və həm də Almaniya kimi faşizmin acı nəticələrini yaşamış bir dövlət üçün böyük təhdidlər yaradır. Bu baxımdan, sözdə deyil, əməldə və təkcə antisemitizmin deyil, həm də islamafobiyanın təzahürlərinin qarşısının alınması vacib şərtlərdən biridir və bəşəriyyətin gələcəyi sivilizasiyaların qarşıdurmasında yox, dialoqundadır”.

“Yeni Müsavat”