|
Rusiya Avropanı parçalaya biləcəkmi?

İyunun 24-25-də Brüsseldə Avropa Birliyi dövlət rəhbərlərinin sammitində Rusiyaya qarşı münasibətdə iştirakçılar arasında ciddi fikir ayrılıqları yaşanıb. Belə ki, Almaniya kansleri Angela Merkel iyunun 24-də Rusiya prezidenti Vladimir Putinlə AB dövlət başçıları arasında görüşün təşkil olunmasını təklif edib. Fransa prezidenti Emmanuel Makron bu təklifi dəstəkləyib. Lakin Avropa Birliyinin digər dövlət başçıları, xüsusilə Şərqi Avropa və Baltikyanı ölkələrin rəhbərləri bu təklifi ciddi etirazla qarşılayıblar.

Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, onlar “Rusiyanın böyük təhlükə olduğu” üzərində razılaşıblar: “Onlar çox aqressivdirlər. Mənə maraqlıdır ki, indi nə baş verib, bu təklif hardan çıxıb? Və mən onların keçən dəfədən bu yana nəyin dəyişdiyinin izahını dinləmək istəyirəm, çünki Rusiya bizim onlara icazə verdiyimz qədər uzağa gedə bilir”.

Makron deyir ki, Rusiya ilə dialoq Avropanın maraqlarını və sabitliyini qorumaq üçün vacibdir. Lakin o israr edir ki, Aİ bloka təhlükə yaradan heç bir şeydə güzəştə getməməlidir.

İki günlük müzakirədən sonra AB dövlət başçılarının sammiti yekunlaşıb. Yekun bəyannamədə Merkelin təklifi ilə bağlı bir kəlmə də yoxdur. Bu isə Birlik üzvlərinin Almaniya və Fransanın təşəbbüsünü qəbul etmədiklərini göstərir. Bloomberg agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Şərqi Avropa ölkələri yekun bəyanatda təkliflə bağlı hissənin salınmasına qəti etiraz edərək, əks halda, sənədə veto qoyacaqlarını bəyan ediblər.

EU nominations 2019: Who is Spain′s Josep Borrell? | News | DW | 03.07.2019

 Jozef Borrel

Yekun bəyanatda Avropa Birliyi xarici siyasət xidmətinə Jozef Borrelin rəhbərliyi ilə Birlik üçün maraq kəsb edən ayrı-ayrı məsələlərdə Rusiya ilə dialoq imkanlarını araşdırmaq, Moskvanın gələcək fəaliyyətinə qarşı mümkün iqtisadi sanksiyaları üzrə variantlar hazırlamaq tapşırılıb: “Avropa İttifaqı Rusiyanın gələcəkdə hər hansı mümkün zərərverici hərəkətinə qarşı qəti və koordinasiyalı cavabın zəruriliyini vurğulayır. Bu məqsədlə Avropa Şurası Avrokomissiyanı və Jozef Borrelin rəhbərliyi ilə xarici siyasət nümayəndəliyini iqtisadi də daxil olmaqla,əlavə məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü araşdırmağa çağırır”.

Sammitdə həmçinin Rusiyanın yaxın müttəfiqi olan Belarusa qarşı dördüncü mərhələ kəskin sanksiyalarla bağlı qərar qəbul olunub. Qərar Belarusun istehsal etdiyi kalium gübrələrinin, neft-kimya məhsullarının AB ərazisində satışını qadağan edir. Bundan əlavə, Belarusdan tütün məmulatları, onların istehsalı üçün xammal və avadanlıqlarla ticarət də qadağan olunur. Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankı Belarusda maliyyələşdirdiyi bütün proqramlarını dayandırır, bu ölkənin dövlət və hökumət orqanlarının sığorta olunması qadağan edilir.

Belarusa monitorinq, telefon danışıqları və İntenet üzərindən baş tutan əlaqələri aşkarlamağa imkan verən texnologiyaların, avadanlıqların, Minskin hərbi məqsədlər üçün istifafə edə biləcəyi ikili məqsədli malların satışı da qadağan edilir.

Avropa banklarına Belarus dövlət layihələrində iştirakın məhdudlaşdırılması, Belarus banklarının maliyyə xidmətlərindən istifadə, pulköçürmələri və qiymətli kağızlarla əməliyyatların dayandırılması tapşırılır.

Qeyd edək ki, 2020-ci ildə Belarusdan AB ölkələrinə ixracın həcmi 5,5 milyard dollar təşkil edib. Bu, ölkənin ümumi ticarət dövriyyəsinin 19 faizi deməkdir. Hazırda Belarusun 2023-2031-ci illərdə bağlanması nəzərdə tutulan 3,3 milyard dollarlıq avrobondları var. Artıq bir sıra iri investorlar bu bondları satmağa başlayıblar.

Avropa Birliyi ölkələrinin Belarusa qoyduğu birbaşa investisiyaların həcmi 2019-cu ildə 3,2 milyard dollar təşkil edib.

Beynəlxalq ticarət statistik platforması olan Comtrade-in məlumatına əsasən, 2020-ci ildə Avropa Birliyi ölkələri Belarusdan 206 milyon dollar dəyərində kalium gübrələri idxal ediblər. Bu, Birlik ölkələrinin ümumi kalium idxalının 25 faizi deməkdir. Belarusdan idxal dayandıqdan sonra avropalıların çatışmayan 25 faiz gübrəni hansı mənbədən alacaqları hələ müəyyənləşməyib. Bundan əlavə, AB ölkələri ötən il Belarusdan əsas komponentlərindən biri kalium olan kompleks gübrələrin alışına 116 milyon dollar xərcləyiblər.

Ötən il Belarusdan AB-yə tütün və içki ixracı 19 milyon dollar, neft məhsullarının ixracı isə 289,5 milyon dollar təşkil edib. AB-nin yeni sanksiya qərarı açıqlandıqdan sonra Belarus və Rusiya KİV-ləri bloger Roman Protaseviç və rusiyalı Sofiya Sapeqanın ev dustaqlığına buraxılmasına dair məlumat yayıb.

Belarus iqtisadiyyatı üçün ciddi zərbə olacaq Avropa sanksiyaları fonunda Minskin uğradığı zərərin Rusiya tərəfindən qarşılanacağına dair məlumatlar yayılmaqdadır. Minskə qarşı sanksiyaların Brüssellə Moskva arasında gərginliyi daha da artıracağı gözlənilir.

Göründüyü kimi, Belarusa sanksiyaların tətbiqində yekdil olan AB üzvləri arasında Rusiyayla münasibətlər məsələsində fikir ayrılıqları, ziddiyyətlər yaranmaqdadır. Moskva Avropa Birliyi arasında ziddiyyətləri dərinləşdirə, özünə sərf edəcək həddə qədər gərginləşdirə biləcəkmi? Belarusa qarşı sanksiyalar Rusiya ilə Avropanın münasibətlərinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

 Elxan Şahinoğlu

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, Rusiyanın Avropa Birliyini parçalamaq niyyəti yeni deyil: “Rusiya həmişə çalışıb ki, Avropa Birliyi daxilində nifaq salsın. Almaniya və Fransa bu baxımdan həmişə ikili siyasət yürüdürlər. Bir tərəfdən, Ukrayna, Krım məsələsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, digər tərəfdən, Paris və Berlin Moskva ilə ikitərəfli əlaqələri genişləndirirlər. Almaniya Rusiyadan qaz alışını artırır, ”Şimal Axını -2" layihəsini dəstəkləyir. Eyni zamanda illərdir Ukrayna və Gürcüstanı qapıda gözlətdirir, həm NATO, həm də Avropa Birliyi üzvlüyünə qəbul etmirlər. Ukrayna Rusiyanın hücumlarına Avropa Birliyi və NATO-ya yaxınlaşdığına görə məruz qalıb".

Politoloq bildirir ki, Mərkəzi və Şərqi Avropanın Rusiya əsarətindən əziyyət çəkmiş ölkələri Moskvaya qarşı radikal münasibət sərgiləyir: “Polşa, Çexiya, Bolqarıstan, Baltikyanı ölkələr Rusiyanın əsl üzünü yaxşı bilirlər. Ona görə də onlar mümkün olan qədər sərt addımların atılmasına çalışırlar. İndi Belarus məsələsi də münasibətlərdə soyuqlaşdırıcı amil kimi qabarmağa başlayır. Belə bir şəraitdə Almaniya və Fransanın ikili siyasəti nə ABŞ, nə Britaniya, nə də Avropanın digər ölkələri tərəfindən dəstəklənəcək”.