|
Cərimələrin kəskin artırılmasına deputatlardan etiraz

Milli Məclisin iclasında İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb.

Birinci vitse-spiker Əli Hüseynli layihə barədə məlumat verib. Dəyişikliklərə əsasən, Azərbaycanda bir sıra cərimələr artırılır. Belə ki, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

 Qanun layihəsinin cərimələnmə ilə bağlı hissəsi deputatlar tərəfindən birmənalı qəbul olunmayıb.

Komitə sədri Tahir Mirkişili Azərbaycanda dövlət rüsumlarının illərdir dəyilşmədiyini vurğuladı. Azərbaycanda məhkəmə xərclərinin cəmi 2 faizi dövlət rüsumları hesabınadır. Həmçinin Azərbaycanda hakimlərin baxdığı işlərin sayının kifayət qədər çox olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanda bu rəqəm 5 mindirsə, Türkiyədə 800-dür.

Deputat Zahid Oruc rüsumların kəskin şəkildə artmasından narahatlığını ifadə etdi.

Deputat Fazil Mustafa da rüsum ənənəsinə son qoyulması zərurətindən danışdı. Rüsumların artırılmasına qarşı çıxan deputat bildirdi ki, bu, vətəndaşı məhkəmədən çəkindirəcək və insanlar “küçə razborka”sına üstünlük verəcək.

Deputat Azay Quliyev isə qanun layihəsini təqdir etdi. Bildirdi ki, rüsumların artırılması bu sistemdə çalışanların maddi-texniki bazasının yaxşılaşdırılmasına imkan yaradacaq.

Deputat Qənirə Paşayeva dedi ki, cərimələrin məbləği kiçik deyil, ona görə də cəmiyyətin aztəminatlı hissəsinin rəyi nəzərə alınaraq bu məbləğə yenidən baxılmalıdır. Deputat bildirdi ki, vəkillər əsassız iddiaya görə cərimələnirsə, o halda əsassız qərar qəbul edən hakimlər də cərimələnməlidir. “Bu, ciddi problemlərin əsasını qoyacaq”, Q.Paşayeva bildirdi.

Deputat Əziz Ələkbərli isə “Mən bu qanun layihəsini dövlətin yürütdüyü sosial siyasətə uyğun olmayan qanun layihəsi hesab edirəm”, deyə söylədi. Ardınca bildirdi ki, son vaxtlar elə bil bəzi qurumlar yarışa giriblər: “Kim daha çox cərimə, rüsum yığa bilər”.

Deputat Etibar Əliyev məhkəmələrlə cəmiyyət arasında müəyyən gərginliyin olduğunu vurğuladı.