“Beş qızıl qaydaya mütləq əməl olunmalıdır...”
Son aylar Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edilir. 2021-ci ilin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yaradıb.
Azərbaycanda məhdudiyyətlər aradan qaldırılır, ölkə əvvəlki həyatına qayıdır, amma hələ də təhlükə qalmaqdadır. İnsan həyatı üçün daha çox təhlükə sayılan Hindistan ştammının 90-dan artıq növü müəyyən edilib, bu ştammın Rusiyada, digər region ölkələrində geniş yayılması əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə səbəb olub. Qonşu Gürcüstanda da Hindistan ştammı aşkar olunduğundan, onun Azərbaycana keçmə ehtimalı da yüksəkdir.
Yeri gəlmişkən, Nazirlər Kabineti tərəfindən müəyyən şərtlər əsasında toyların keçirilməsinə də razılıq verilib. Bəziləri isə hesab edir ki, toylara icazə veriləndən sonra yoluxma sayı artacaq. Digər tərəfdən, toyların keçirilməsi şərtləri bəzi vətəndaşlar tərəfindən narazılığa səbəb olub.
Belə ki, toylarla bağlı verilən qərara görə, tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır. “Birdən qonaq sayı artıq olarsa, cərimə olunacağıqmı”, deyə insanlar bununla bağlı narahat olduqlarını dilə gətirirlər.
İlk olaraq bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq hazırkı vəziyyəti öyrənməyə çalışdıq.
“Oskar” şadlıq sarayının inzibatçısı “Yeni Müsavat”a bildirib ki, artıq iki gündür ki, sifarişlərin sayı artıb: “Demək olar ki, bütün günlər sifariş olunub. Bizim restoranda pandemiyanın şərtlərinə uyğun olaraq hər cür şərait yaradılıb. İşçilərimiz də 100 faiz vaksin olunub. İnsanlar da portalda qeydiyyata alınma ilə bağlı verilən qərara görə narahat olmasınlar. Şadlıq sarayı ilə toy edən şəxs arasında müqavilə imzalanacaq. Əsas odur ki, portalda toya gələnlər qeydiyyatdan keçməyəcək. Sadəcə olaraq, bizə nə qədər adamın iştirak edəcəyi ilə bağlı məlumat veriləcək”.
“Hollywood” restoranının administratoru bizimlə söhbətdə bildirdi ki, müraciət edənlərin ardı-arası kəsilmir: "Müraciət edirlər, maraqlanırlar, amma hələ ki gün təyin etməyiblər. O ki qaldı restorana gələnlərin sayı ilə bağlı narahatlığa, qərarda 150 nəfərədək yazılıb. Biz də çalışacağıq ki, həmin saydan çox adam olmasın".
Qərardan sonra növbələrin yarandığını deyən “Elit Events Hall”un administratoru da bizimlə söhbətdə bildirdi ki, əsasən 100 nəfərlik sifarişləri qəbul edəcəklər: “150 nəfərədək icazə var, bu rəqəmi keçməmək şərtilə toy etmək olar. Şadlıq sarayımızda bütün gigiyenik qaydalara əməl olunur. Biz, ümumiyyətlə, bütün bu qaydalara əməl edəcəyik”.

Nilufər Məmmədova
Həkim-infeksionist Nilufər Məmmədova həm epidemioloji vəziyyət barədə, həm də insanları narahat edən suallarla bağlı “Yeni Müsavat”a danışıb: "Bu qərarlar tək Azərbaycanda yox, dünya üzrə xəstəliyin yayılma statistikasına baxaraq və digər ölkələrin təcrübəsinə dayanaraq verilib. O ki qaldı toyların tarixinə beş gün qalmış portala daxil edilməsinə, buna müsbət tərəfdən baxmaq lazımdır. Əgər kimdəsə testin cavabı pozitiv çıxıbsa, bunu gizlədərək toya gələ bilər. Ona görə bu şəxslər haqqında portala məlumat daxil olması dərhal bizə xəbər verəcək ki, bu şəxsin adı portalda var və toya gedə bilməz, çünki xəstədir. Ona görə də toya xəstələrin gəlməsinin bir tərəfdən qarşısını alacaq, ikinci bir tərəfdən, əgər toyda bir neçə ailə üzvü arasında yoluxma halı toydan sonra qeyd olunduqda artıq orada təmaslar müəyyənləşmiş olacaq. Bu baxımdan düşünürəm ki, bu çox doğru və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş bir addımdır".
İnfeksionist son vaxtlar insanların qapalı yerlərdə maskadan imtina etməsinə də münasibət bildirib: “Temperaturun yüksək olması ilə əlaqədar insanlar maska taxmaq istəmirlər. Ancaq biz yenə də xalqımıza üz tutub deyirik ki, pandemiya hələ bitməyib. Baxmayaraq, ki, Azərbaycanda yoluxma sayı bəzi günlərdə sıfıra düşsə də, dünya üzrə bu xəstəlik bitməyib. Rusiyadakı vəziyyəti göz önünə gətirsinlər. Əhalidən çox xahiş edirik ki, maskadan maksimal dərəcədə doğru istifadə etsinlər, bu qaydalara düzgün riayət etməyə çalışsınlar. Yenə də əsas bizim beş qaydamız var. Hər nə olursa-olsun bu beş qızıl qaydaya - maska taxmaq, sosial məsafənin gözlənilməsi, qapalı məkanların tez tez havalandırılması, əl gigiyenasının saxlanılması və vaksinasiya olunmağa riayət olunsun”.

Hüseyn Qabulov
Bu arada, əhali arasında vaksinlərə qarşı yenə də inamsızlıq hökm sürür. Bəziləri hesab edir ki, COVİD-19-a qarşı peyvəndlər qısa müddətdə istehsal olunduğu üçün təhlükəli sayılır. Yenə də COVİD-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyini deyənlər var. Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov məsələ ilə bağlı bildirib ki, COVİD-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir: "İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda COVİD-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi. Məlum məsələdir ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarının üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır. Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim. Peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir".
Həkim vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi ilə bağlı məsələyə münasibət bildirib: “Elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil. COVİD-19 peyvəndinin sonsuzluğa səbəb olması iddiası da əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVİD-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi.
Eyni zamanda vaksin olunmuş insanlarda inyeksiya yerində ağrı, baş ağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısa müddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib".
