|
“Fulya Öztürkə qara yaxmaqla bizdən qisas almaq istəyirlər” - politoloq

Bir neçə gündür sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanla bağlı informasiyaların dünyaya çatdırılmasında böyük rolu olan “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkilməsi xeyli müzakirələrə səbəb olub. Bəziləri bu ideyanı “yersiz” adlandırıb,  bəziləri isə bunun əksini deyib.

Bəs görəsən, media nümayəndələri bununla bağlı nə düşünür?

Teletənqidçi, filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli bizimlə söhbətdə mübahisələrin predmetini dəqiq tuta bilmədiyi üçün müzakirələrin nəyin üstündə getdiyini başa düşməkdə çətinlik çəkdiyini deyib: “Bir televiziyanın ekstremal şəraitdə işləyən müxbiri, reportyoru Azərbaycanla bağlı bir çox məlumatları yayımlayıb. Azərbaycan xalqının böyük tamaşaçı auditoriyası onu sevib və öz rəğbətini bildirib. Əgər kimsə bununla bağlı bir film çəkirsə, buna çox normal baxıram. Söhbət haqqında film çəkilən şəxsin göylərə qaldırılmasından getmir, onun işinin özəlliyini, reportyor sənətinin çətinliklərini göstərməkdir, bunun portretini yaratmaqdır.

Qulu Məhərrəmli: “Biz Qarabağın səsini eşidəcəyik”

Qulu Məhərrəmli: “Onu təkcə reportyor kimi yox, həm də genetik olaraq xalqa bağlılığı olan, haqsızlığa, ədalətsizliyə qarşı dayanan, öz həqiqətini ortaya qoyan bir jurnalist kimi sevdik”

İstər Rusiyada, istərsə də Amerikada “CNN”in, “BBC”nin ekstremal şəraitdə işləyən jurnalistləri haqqında çox sənədli filmlər var. Bu, çox sıradan bir hadisədir və məsələnin bu qədər mübahisə yaratmağının, diskussiyalara yol açmağının səbəbini başa düşmək olmur.

Tərəfdarıyam, film çəkilsin. Bu, bir müxbirin hekayətidir və onun taleyidir, həyatının bir hissəsidir. Təbii ki, burada Azərbaycanla bağlı motivlər də var. Çünki biz onu təkcə reportyor kimi yox, həm də genetik olaraq xalqa bağlılığı olan, haqsızlığa, ədalətsizliyə, yalana, riyakarlığa qarşı dayanan və öz həqiqətini ortaya qoyan bir jurnalist kimi tanıdıq və sevdik. Film çəkilsin, baxaq".

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist  Elçin Mirzəbəyli də mövzu ilə bağlı fikir bildirib: “İki gündür sosial şəbəkələrin Azərbaycan seqmentində əziz həmkarımız, bacımız Fulya Öztürk haqqında çəkilən filmlə bağlı müzakirələri izləyirəm. Keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm. Nə baş verir? Kimdir kiçicik bir minnətdarlıq jestinin ətrafında fırtına qoparanlar, miskin eqolarını milli qürur adına ictimai rəyə sırıyanlar? Məqsədləri nədir? Bəlkə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində gerçəkləşən xəyallarımız, Şuşada Azərbaycan-Türkiyə müttəfiqlik Bəyənnaməsinin imzalanması kimlərinsə yuxularına haram qatıb?! Və xalqın qəzəbindən qorxub bəyannamənin əleyhinə çıxış edə bilməyənlər, indi məhv olmuş ümidlərinin qisasını ən çətin günlərdə bizimlə birlikdə olan, özünü təhlükəyə atan, səsimizi dünyaya duyuran Fülya Öztürkdən almağa çalışırlar?

Fulya Öztürk haqqında film çəkilir? Çox yaxşı.  Bunu yalnız alqışlamaq lazımdır. Zənnimcə, 44 günlük Vətən müharibəsi dövründə informasiya savaşında bizimlə yanaşı addımlayan, hətta bizdən dəfələtlə öndə olan qardaş ölkənin jurnalistləri haqqında ayrı-ayrılıqda sənədli filmlər çəkilməli, proqramlar hazırlanmalıdır və bu, davamlı bir şəkildə həyata keçirilməlidir ki, sosial şəbəkələrdə Azərbaycan-Türkiyə birliyindən çat verənlər paramparça olsun, dişləri dillərini, barmaqlarını gəmirsin.

Fulya Öztürk haqq savaşımızda bizlərdən biri kimi mücadilə aparan Türkiyə mediasını simvolizə edən bir xanımdır. Tale elə gətirib ki, Gəncənin mənfur düşmən tərəfindən atəşə tutulduğu o müdhiş gecənin yaşantılarını ifadə etmək ona qismət olub. Hörmətsiz kimlər və kimsələr, Gəncəni alova və qana bürüyən o müdhiş gecəni, Fulya Östürkün fəryadımızı dünyaya hayqıran səsini, göz yaşlarını xatırlayın. Fülya dünyanın gözü qarşısında baş verən insanlıq faciəsinə ağı deyirdi".

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların  aydınlaşmasına ehtiyac var” - Editor.az

Elçin Mirzəbəyli: “O, dünyanın gözü qarşısında baş verən insanlıq faciəsinə ağı deyirdi”

E.Mirzəbəyli qeyd edir ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının bizə verdiyi dəstək, sadəcə, gördüyümüz, yaxud eşitdiklərimizdən ibarət deyil: “Həm müharibə dövründə, həm də daha sonra ölkəmizə gələn əksər xarici media nümayəndələri, sözün bütün mənalarında Türkiyə üzərindən gəliblər. Biz informasiya müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Türkiyə mediasının dəstəyi sayəsində maneələri dəf etməyi bacarmışıq. Axı bütün bunlar 10 il, yaxud 20 il öncə baş verməyib, gözümüzün önündə cərəyan edib. O çətin və şərəfli günlərdə hara baxırdınız, gözünüz kimlərin ”kanal"ında idi ki, gözə sıçrayan bu reallıqları görə bilməyiblər?

Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı görür və ona bir misqal yaxşılıq edənləri də göz bəbəyi kimi qorumağı, sevməyi bacarır.

Hələ qarşıda görəcək günlər var. Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə media platforması bütün gücü ilə işə düşəcək, ortaq layihələr həyata keçiriləcək, ortaq media qurumları yaranacaq. Bilin ki, indidən və belə sıradanbir hadisədən çatlasalar, çiliklənəcəklər. Çalışsınlar indi ortaya çıxan gerçək kimliklərinin bir parçasını da Azərbaycan-Türkiyə Media Platformasının tam gücü ilə fəaliyyətə başlayacağı günə saxlasınlar. O zaman Gəncəyə atılan erməni raketi kimi birdən partlayarlar".