|
“Altılıq formatı” region ölkələrinə nə vəd edir

Azərbaycan və Türkiyənin Cənubi Qafqazda regional əməkdaşlıq formatının yaradılması təşəbbüsü ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ötən həftə Azərbaycan Milli Məclisindəki çıxışında bu məsələdən bəhs edib. Bildirib ki, format çərçivəsində əməkdaşlığın formalaşması Ermənistan üçün özünün yaratdığı mühasirə şəraitindən çıxmış olacaq: “Biz altı ölkə bir araya gəlsək, bölgədə sakitlik və hüzur bərpa olacaq. Burada yalnız Gürcüstanın özü ilə bağlı sualları vardı. Gürcüstan baş nazirinin son Türkiyə səfərində bunu mən onunla danışdım. Dedim, bu, Gürcüstanın da xeyrinə olacaq. Biz Türkiyə olaraq Ermənistanla aramızda olan sıxıntılara rəğmən Azərbaycandakı qardaşlarımızla olan sıxıntıların da aradan qalxmasını istəyirik. Bu foprmat sizin də Rusiya ilə bağlı sıxıntılarınızın aradan qalxmasına vəsilə olacaq. Ermənistan Azərbaycanla olan problemlərini həll etdikcə biz də Türkiyə olaraq lazım olan addımları atacağıq”.

"Altılıq platforması" region ölkələri üçün nə deməkdir? Ermənistandakı seçkilərdə Nikol Paşinyanın rəhbəri olduğu qüvvələrin qalib gəlməsindən sonra bu format çərçivəsində əməkdaşlığın qurulması imkanları nə qədər artır?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, “3+3" formatı ölkələrinin kəsişmə coğrafiyası - özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır: ”Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3" formatına əsaslar yaradıb.”

V.Qasımlının sözlərinə görə, “3+3" formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: ”Əgər alıcılıq qabiliyyəti pariteti ilə götürsək, “3+3" formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır və miqyasına görə Çin, ABŞ və Hindistandan sonra 4-cü ən iri iqtisadiyyat sayılır. ”3+3" formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir".

Vüsal Qasımlı: Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: “Bu, Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”

V.Qasımlı hesab edir ki, “3+3" formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər: ”Regionun fraqmentasiyası inkişaf üçün buxovdur. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətli məsələdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycan ticarət dövriyyəsinin cəmi 2 faizi, Gürcüstanın ticarət dövriyyəsinin 12 faizi və Ermənistanın ticarət dövriyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beşliyə daxildir. “3+3" formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

V.Qasımlının fikrincə, “3+3" formatı ”Zəngəzur dəhlizi" də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmir yolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir. Məsələn, Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir.” V.Qasımlı bildirib ki, dünya neft ehtiyatlarının 14,7 faizi, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3" formatı ölkələrindədir: ”Əgər Rusiya, İran və Azərbaycan daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları üstünlük təşkil edir. “3+3" formatı həm də regionun enerji təhlükəsizliyi üçün yeni imkanlar aça bilər. Ermənistan da bu formatdan istifadə edərək, region üçün ekoloji təhdid sayılan atom elektrik stansiyasından imtina edib, yeni formatın gətirdiyi imkanlardan istifadə edə bilər”.

V.Qasımlının rəyinə görə, “3+3" formatı qloballaşmaya nisbətən regionalizmin gücləndiyi bir vaxtda bütün iştirakçıların maraqlarındadır: ”Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq “Altılıq platforması" üçün də zəmin sayıla bilər".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Formatın işləməsi üçün ilk addım Zəngəzur dəhlizinin açılmasıdır”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, "Altılıq platforması"nın işləməyə başlaması bölgədəki kommunikasiyaların açılması ilə birbaşa bağlıdır: “Bu formatın işləməsi üçün bütün tərəflərin iqtisadi-siyasi maraqlarının uzlaşdırılması lazımdır. Bu baxımdan, Gürcüstanın maraqlarının təmin olunması üçün yəqin ki, zəruri addımlar atılacaq. Bilirsiniz, bölgədə normal əməkdaşlıq münasibətlərinin yaranması üçün ilk növbədə regional kommunikasiyalar açılmalıdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması ilk sıradadır. 2020-ci ilin 10 noyabr anlaşmasında Azərbaycanı Naxçıvanla birləşdirən eksterritorial dəhlizin yaradılması nəzərdə tutulur. Bu dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkib hissəsi olacaq. Buna görə də region ölkələri ilə yanaşı, qonşuluqda yerləşən İran və Rusiya da bu dəhlizin açılmasında maraqlıdır. Türkiyə isə həm Azərbaycanla əlavə bağlantı əldə edəcək, həm də Rusiya ilə bağlantısı yaranacaq. Bu dəhlizdən Ermənistanın da iqtisadi dividentlər əldə edəcəyi şəksizdir. Lakin dəhlizin eksterritorial xarakterli olması onları bir qədər qorxudur”.

Sabiq nazirin fikrincə, Gürcüstanın Rusiya ilə münasibətlər baxımından müəyyən problemlərinin yaranması mümkündür: “Lakin bu problemlərin də aradan qaldırılması mümkündür. Əsas odur ki, formata daxil olan ölkələrin hər birində qarşıya çıxan problemləri həll etmək iradəsi olsun. Söhbət elə bir formatdan gedir ki, ona həm siyasi, həm iqtisadi üstünlük və çatışmazlıqlar təsir göstərir. Buna görə də ilkin addımlar kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizinin açılmasıdır. Ondan sonra münasibətlərin daha da genişlənməsi mümkün olacaq”.