Əkrəm Həsənov: “Sahibkar qorxur ki, ərazini götürəcək, infrastruktur quracaq, pul xərcləyəcək, sonra gəlib hansısa məmur əlindən alacaq, ona görə də...”
Azərbaycanın turizm baxımından böyük potensiala malik olan, lakin turizmi inkişaf etməmiş bölgələrindən biri də cənub regionudur. Belə ki, Lənkəran, Masallı, Astara kimi gözəl təbiətə malik rayonların meşə, dağ və dənizi birləşdirən imkanlarından yetərincə istifadə edilmir. Turizm əsasən ölkənin şimal bölgəsində məhdudlaşır, bu istiqamətdə tələbin artması isə qiymətlərin həddindən artıq yüksəlməsinə gətirib çıxarır. Məsələn, bu gün Qəbələdə, Qubada, Şamaxıda əgər 60 manatdan ucuz kirayə bağ evi tapmaq mümkün deyilsə, Astarada dənizə yaxın, səfalı kəndlərdə günü 10 manata ev tapmaq və ya 1 aylıq kirayəsi 150 manata ev tapmaq da mümkündür. Bu fərq özünü hər bir qismətdə, istər ərzaq məhsullarının, istər kafelərdəki menyuların qiymətində göstərir. Masallıda kotteclərin icarəsi Şamaxı ilə müqayisədə iki dəfə ucuzdur. Bu mənada son illər cənub regionuna maraq artmaqdadır. Bu bölgənin subtropik bağları, dənizi, bulaqları, mineral su bulaqları, İsti su müalicəvi mərkəzləri olsa da, turizm potensialından yetərincə istifadə olunmur. Cənub bölgəsində həm infrastrukturun inkişafına, həm də bu bölgənin piarının qurulmasına ehtiyac var.
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunan iqtisadçı ekspert Əkrəm Həsənov da vurğuladı ki, bu gün bölgələrdə, ucqar rayonlarda əsas problem mülkiyyət hüququ məsələsi, məmur-sahibkar münasibətləridir: “Mən özüm də cənub bölgəsindən olduğum üçün oranın turizm imkanlarını bilirəm, bu bölgənin potensialı çoxdur. Ancaq deməzdim ki, cənub bölgəsinin problemləri digər bölgələrdən fərqlidir. Hər yerdə problemlər eynidir. Sadəcə, sahibkarlığın inkişafı üçün lazım olanlar edilsə, qanuna uyğun, Prezidentin göstərişlərinə uyğun iş qurulsa, orada da turizm inkişaf edə bilər. Cənub bölgəsində qiymətlərin aşağı olmasının səbəbi isə nisbətən paytaxtdan uzaq olmasıdır. Azərbaycanda turizm əsasən harada inkişaf edir? Əsasən paytaxta yaxın yerlərdə, Quba, Xaçmaz, Qəbələ, Şamaxı və sair.

Əkrəm Həsənov
İnsanlar ona görə oraya üz tutur ki, daha yaxındır. Həmin regionlarla rəqabət aparmaq üçün cənub bölgələrində qiymətlər aşağı olmalıdır. İnkişaf, turizm üçün perspektiv cənubda çoxdur. Ancaq insanlara sərbəstlik vermək lazımdır. Orada xeyli ərazilər var ki, oranın mülkiyyət hüququnun rəsmiləşdirilməsində problem var. Bu zaman sahibkar necə fəaliyyət göstərsin? Hətta uzunmüddətli icarə hüququ da qanunda təsbit edilmiş şəkildə rəsmiləşdirilmir. Ona deyirlər ki, problem yoxdur, get, fəaliyyət göstər. Sahibkar isə qorxur ki, ərazini götürəcək, infrastruktur quracaq, pul xərcləyəcək, sonra gəlib hansısa məmur əlindən alacaq. Mülkiyyət hüququ, uzunmüddətli istifadə hüququnu rəsmiləşdirmək həqiqətən çətin məsələdir. Bakıda da bu problem var. Daşınmaz əmlakın qeydiyyat problemi həllini tapsa, bir çox sahədə inkişaf olar. Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, düzgün mexanizm qurulsun və məmurlar müdaxilə edə bilməsinlər”.

Müzəffər Ağakərimov
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da vurğuladı ki, cənub bölgəsinin turizm üçün çox böyük imkanları, potensialı var: “O imkanlardan təkcə Cənub bölgəsi yox, heç şimal-qərb, şimal-şərq də istifadə etmir. Bunun bir çox səbəbləri var. Ancaq onlardan ən əsası budur ki, rəqabətə imkan yaradılmalıdır. Bu bölgələrdə çadır turizmini inkişaf etdirməklə qiymət siyasətinə güclü təsir etmək olar. Həm də qida məsələsində keyfiyyət göstəricilərini atırmaqla, xidmətdə keyfiyyətə nail olmaqla daha çox turist cəlb etmək olar. Əgər turistik bölgələrdə restoranlarda insanlara kənd toyuğu, orqanik yumurta, birbaşa dirrikdən gələn tərəvəzlər verilərsə, kəndlilərdən alınmış nehrə yağı, digər süd məhsulları təqdim olunarsa, o zaman insanlar qiymət məsələsinə önəm verməz. Çünki artıq burada önəmli olan təmiz məhsuldur. Rayonlarda bəzi restoranlar müştərilərə broyler toyuğu, fabrik yumurtası verir, bu düzgün deyil axı. Keyfiyyət məsələsi önəmlidir. İnsan bilsə ki, restoran öz məhsullarını kənd sakinlərindən alır, o zaman üstünlüyü ona verəcək. Bu zaman kəndlilər də qazanacaq, tələbat varsa istehsal da artacaq. Mən təəssüf edirəm, bu məsələdə böyük ağıl lazım deyil. Mütləq ekspertlər bir araya gəlib bunun həllini tapmalıdır. Ancaq yeganə yol rəqabətdir, rəqabət olan yerdə keyfiyyət də olacaq. Rəqabət olanda qiymət siyasətində də dəyişiklik olacaq, insanlar münasib qiymətlərlə istirahət edə biləcəklər. Biz əhalimizin sağlamlığı, yaxşı istirahət etməsi, uşaqların inkişafı və sair haqqında fikirləşməliyik. Bu həm də ona gətirir ki, insanlarımız öz ölkələrində dincəlirlər, valyuta da ölkədə qalır. Ancaq burada xidmət zəif olanda, gedib Türkiyədə, Gürcüstanda, Avropada pul xərcləyirlər. Elə həmin pulu öz ölkələrində xərcləyərlər, yeni hotellər, restoranlar inşa olunar, yeni iş yerləri açılar, əlavə xidmət sahələri qurular. Bunlar hamısı zəncirvari əlaqədədir. Əgər turist gəlmirsə, qoy gəlməsin. Lakin bizim yerli əhalimiz öz pulunu elə ölkə daxilində turizmə xərcləyərsə, bu hamı üçün yaxşı olar. Həm də yeni turizm növlərini inkişaf etdirmək olar”.
M.Ağakərimovun sözlərinə görə, ölkəmizdə 365 gün turizmi inkişaf etdirmək olar: “Bizdə yay turizmi, qış turizmi də var. Ancaq keyfiyyət və qiymət məsələsində diqqətli olmalıyıq. Qiymət mütləq əhalimiz üçün münasib olmalıdır, keyfiyyət də qiymətə uyğun olmalıdır.
Cənub bölgəsi turizm üçün çox əvəzsizdir. Orada meşələr var, Azərbaycanın subtropik zonasıdır, gözəl çay plantasiyaları var. Gözəl meyvələri var, həmçinin qoruqları var. Lənkəranın çox təmiz dənizkənarı sahili var. Oranın suyu çox təmizdir. Mavi bayraq adı altında oranı Antalya kimi inkişaf etdirib çimərlik turizmini yaratmaq olar. Bunun üçün yaxşı infrastruktur qurulmalıdır. Cənub bölgəsində isti su mənbələri var, Masallıda, Lənkəranda müalicəvi turizm baxımından çox işlər görmək olar. Bu sahələri inkişaf etdirmək lazımdır, təkcə reklamla iş bitmir, yeni xidmət növləri, əyləncələr olmalıdır, insanlar darıxmamalıdır. Məsələn, çadır turizmini inkişaf etdirmək, oraya aztəminatlı insanları da cəlb etmək olar, qiymətləri ucuz etmək olar ki, turizm kütləviləşsin. Bu zaman əhalinin bütün təbəqələri turizmdən zövq edə bilərlər. Bu gün nə bizim insanların, nə də avropalı turistlərin hotelə 300 dollar verməyə pulu yoxdur. Turizmin məqsədi əhalinin bütün təbəqələrini cəlb etmək olmalıdır".
