|
Azərbaycan bir daha ərazi işğalına imkan verməyəcək

Bakı Ermənistan üzərində hərbi və iqtisadi üstünlüyünü zamanla daha əzici səviyyəyə gətirəcək; Şuşada birgə dalğalanan Azərbaycan və Türkiyə bayraqları məkrli çevrələrə həmişə göz dağı olacaq...  

Bu gün faşist Almaniyasının SSRİ-yə hücumundan 80 il ötür. İkinci Dünya müharibəsinin bəşəriyyət üçün hansı itkilər və nəticə ilə yekunlaşdığı məlumdur. Ultra-millətçi ideologiyanın hakim olduğu Almaniya acınacaqlı məğlubiyyətə uğradı və kapitulyasiyaya imza atdı. Nasist ideologiyası alman xalqına baha oturdu. Lakin almanlar ondan lazımi dərsi götürüb doğru inkişaf yolunu seçməyi bacardılar. Bir daha Hitler tipli və düşüncəli şəxslərin hakimiyyətə gəlməsinə imkan vermədilər.

Ötən ilin payızında isə faşist Ermənistanın işğalçı ordusu müzəffər ordumuz tərəfindən darmadağın edildi. Lakin əfsuslar olsun ki, qonşu xalq, onun siyasi elitası bundan hələ də doğru-dürüst nəticə çıxarmaq istəmir. “Bəlkə də qaytardılar” xülyası ilə, revanşist hisslərlə yaşayır, Şuşanı, Hadrutu qaytarmadan dəm vurur. Halbuki “qatar” çoxdan gedib və Azərbaycan bir daha öz ərazilərinin işğalına imkan verməyəcək.

Buna heç Ermənistan adlı saxta dövlətin potensialı da yoxdur və yaxın on ildə gözlənilmir də - Ermənistanda havaya nə qədər yumruq atsalar da. Başqa yandan, o vaxtadək Azərbaycan təbii ki, sakitcə oturası deyil. Əksinə, Bakı Ermənistan üzərində hərbi-iqtisadi üstünlüyü qat-qat əzici edəcək, öz silahlı qüvvələrini daha da modern hala gətirəcək. Ermənistanın başı üzərində indikindən də qorxunc bir “dəmir yumruq” asılı olacaq.

Odur ki, Ermənistanın tək yolu Azərbaycanla, Türkiyə ilə dil tapmaqdan keçir. Hətta ordu quruculuğu da bunu - inteqrasiyanı tələb edir. Çünki normal iqtisadiyyatı olmayan ölkənin güclü orduya sahiblənməsi, sadəcə, istisnadır. Blokadada olan Ermənistanın hərbi “qüdrəti”, “məğlubedilməzliyi” isə ötənilki 44 günlük savaşda bütün çılpaqlığı ilə göründü. Erməni ordusunda 10 min hərbçinin (!) fərarilik eləməsi öz-özlüyündə çox şey deyir.

Bir sıra analitiklərə görə, rusiyapərəst revanşist qüvvələrin hansısa yolla hakimiyyətə gəlişi Ermənistana Qərbin dəstəyinə ciddi zərbə vurmaqla, hazırda davam edən iqtisadi tənəzzülün qarşısının alınması ehtimalını sıfra endirəcək. Bu isə Ermənistandan kütləvi köçü daha da sürətləndirəcək, ölkəni növbəti bir dalana aparacaq. Ermənistanın yenidən təcrid olunmanın acı nəticələrini bir daha öz üzərində yaşayacaq.

*****  

Azərbaycan isə müharibə sonrası dönəmdə də özünün hərbi quruculuğunu uğurla davam etdirir. Bu proses əlbəttə ki, 1 nömrəli strateji müttəfiqimiz qardaş Türkiyə ilə birgə davam etdirilir və etdiriləcək. İki qardaş dövlətin hərbi-siyasi ittifaqının növbəti təzahürü isə ötən həftə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi oldu. Dostları sevindirən, düşmənləri ciddi narahat edən həmin sənəd Bakı-Ankara hərbi-siyasi müttəfiqliyini ən yüksək zirvəyə qaldırmış oldu. Bundan əlavə, tezliklə mədəniyyət paytaxtımız Şuşada Türkiyənin Baş Konsulluğu da açılacaq.

“Şuşada Baş Konsulluq açmaq üçün liderlərimiz qərar qəbul etdilər. Xarici İşlər Nazirliyi olaraq bizə düşən səlahiyyət də ən qısa vaxtda rəsmi işlər tamamlandıqdan sonra Şuşada Baş Konsulluğumuzu açmaq və əməkdaşlarımızı oraya göndərməkdir. Orada Azərbaycan bayrağı ilə birgə Türkiyə bayrağı da dalğalanacaq”.

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

 

Sitat Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna məxsusdur.

Bundan sonra həmişə də belə olacaq: birgə dalğalanacaq Azərbaycan və Türkiyə bayraqları, iki qardaş ölkənin hərbi-siyasi tandeminin simvolu olaraq məkrli çevrələrə göz dağı, xəbərdarlıq olacaq...  

*****

Bu xüsusda Ermənistanda 20 iyun seçkilərində kimin qalib olmasından, hakimiyyət başında kimin durmasından asılı olmayaraq, ermənilər əgər dövlət olaraq mövcud olmaq istəyirlərsə, nəhayət, ağıllarını başlarına yığmalı, müharibə yolu ilə “əraziləri geri almaq” haqda xəyallar qurmaqdan vaz keçməlidirlər. Onlar heç olmasa, neçə vaxtdır öz xalqını qəflət yuxusundan ayıltmağa çalışan sabiq prezident Ter-Petrosyanı eşidəcəklərmi? Hansı ki, Qarabağ məsələsinin artıq bitdiyini, bu məsələdə Ermənistanın müttəfiqinin qalmadığını, “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan”, “Kürdən-Araza ölkə” kimi sərsəm iddiaları unutmağın, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağın vacibliyini bəyan edir.

“Ermənistanda ”şizofrenik ağılsızlığa" son verilməlidir. Mən hesab edirəm ki, Ərdoğan və Əliyevin imzaladığı Şuşa Bəyannaməsi - Ermənistandakı ağıllı qüvvələrə çox vacib bir siqnaldır. Şəxsən mən Ermənistan prezidentinin Şuşada Azərbaycan, Türkiyə və Rusiya prezidentləri ilə görüşməsini, ardınca onların Xankəndinə getməsini görmək istərdim. İrəvanda maşına oturub Bakıya gələrək Xəzərdə çiməcəyim günü görmək istərdim".

Oxu.az - Maksim Şevçenko: “Azərbaycan torpaqlarını qaytarır”- VİDEO

Maksim Şevçenko

Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış publisist və analitik Maksim Şevçenko deyib.

Şevçenkonun bu arzusunun reallaşması mümkündür. Lakin onun İrəvanda maşına oturub Bakıya gələrək Xəzər dənizində çimməsi üçün ermənilər ilk növbədə “dənizdən dənizə Ermənistan” sərsəmləməsindən əl çəkməlidirlər. Çəkəcəklərmi?

Ermənistanda srağagün keçirilən parlament seçkiləri bu suala aydınlıq gətirməlidir. İstənilən halda bu xalq xam xəyallarla yaşayıb bölgəni qarışdırmaq kimi destruktiv əməllərindən əl çəkmək, gec-tez öz taleyi ilə bağlı həlledici seçimi eləmək, normal inkişaf yoluna çıxmaq zorundadır. Çünki üzücü blokada, özünütəcrid, qonşu ölkələrə qarşı davam edən əsassız ərazi iddialarının sonu yoxdur və bu, erməniləri milli fəlakətə, onların simvolik dövlətçiliklərini də itirməsinə aparır.

Ümid eləmək qalır ki, baş nazir əvəzi Nikol Paşinyanın son seçkilərdə qələbəsi Ermənistanda legitimlik qazandıqdan sonra o, qonşu ölkələrlə əməkdaşlıq və qarşılıqlı etimadın bərpası məsələsində daha inamlı addımlar ata biləcək. Söhbət öncəliklə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərin bəndlərini raallaşdırmaqdan, özəlliklə də Zəngəzur dəhlizinə qarşı əngəl yaratmamaqdan gedir.

*****

Bu səbəbə Ermənistandakı 20 iyun parlament seçkiləri Türkiyədə də yaxından izlənilib. Yəni səbəb əlbəttə ki, regionda nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Türkiyə ilə Azərbaycanı birləşdirəcək quru dəhlizinin fəaliyyətə başlaması barədə aparılan danışıqların sonrakı aqibəti ilə bağlıdır.

“Ermənistanda seçkilərdən çıxacaq nəticə Azərbaycan-Türkiyə dəhlizinin aqibətini də müəyyən edəcək”, - Türkiyədən “Habertürk” şərhçisi Çetiner Çetin yazıb (Axar.az).

Çetiner Çetin kimdir? Kaç yaşında, nereli, mesleği ne? Hangi kanalda  çalışıyor? - Haberler

Çetiner Çetin

Müəllif qeyd edib ki, Paşinyan ötən ilin payızında kapitulyasiyaya imza atdıqdan sonra çox çətin durumdadır. O, üzləşdiyi böhrandan çıxa bilmək üçün növbədənkənar seçkilər təyin edib, amma hazırda Paşinyan üçün cəmiyyətdə ciddi etimad problemi var. “Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanata imza atandan sonra ona ”xain, satqın" damğası vurulub, amma bir çox gənclər Paşinyanı hələ də Ermənistanı Qərbə apara biləcək lider kimi görür", - deyə türkiyəli yazar vurğulayıb.

Müəllif Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edərək prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə Azərbaycan parlamentindəki çıxışından sitat gətirib. Ərdoğan demişdi ki, Ermənistanın Zəngəzur (Sünik) bölgəsindən Naxçıvana gedən dəmir yolunun açılması Ermənistan vətəndaşlarına Moskvaya və dünyanın qalan yerlərinə rahat səyahət imkanı verəcək, beləliklə də, Ermənistan öz-özünə tətbiq etdiyi blokadadan çıxa biləcək.

Paşinyan isə bunun ardınca Qafandakı çıxışında regionda nəqliyyat kommunikasiyalarının açılmasına tərəfdar olduqlarını demişdi. Amma bildirmişdi ki, söhbət heç bir halda suveren dəhlizdən gedə bilməz, çünki 10 noyabr razılaşmasında “dəhliz” və “Zəngəzur” sözləri yer almır. “Bununla da Paşinyan Bakıdan Naxçıvana yol açılmasının Ermənistanın Sünik bölgəsi üzərində nəzarətini itirməsi ilə nəticələnəcəyindən narahat olan seçiciləri sakitləşdirməyə çalışıb”, - müəllif yazıb.

Əslində isə Ermənistanın xilası nəinki Zəngəzur (Sünik), bütövlükdə Ermənistan üzərində Türkiyə və Azərbaycanın təsir və nəzarətinin bərqərar olmasından keçir. Yolların və kommunikasiyaların açılması onsuz da buna gətirəcək. Gec ya tez...