“Millət vəkili Vahid Əhmədovun “2015-ci ildə Azərbaycan hökumətinin tərkibində dəyişikliklər olacaq” açıqlaması akademik Ramiz Mehdiyevin çıxışının tezisləri əsasında qurulub”.
AzNews.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, hökumətdə gözlənilən islahatlar öz müsbət təsirini göstərəcək:
“Ramiz Mehdiyev dövlət idarəçilik sistemində yüksək qabiliyyətli kadrlara ciddi ehtiyac olduğunu bəyan edib. Mən bu fikirlə tam razıyam. Azərbaycanda bir sıra sahələrdə ciddi islahatlar olub və biz bunun müsbət nəticələrini görməkdəyik. Artıq insanlar ünvanlı yardımda yaranan problemlər, təqaüdlərin verilməməsi ilə bağlı parlamentin qarşısına az gəlirlər. Vətəndaşların payına uzanan əllər kəsildi. Bütün bunlar islahatların nəticəsidir və bu islahatlar davam edərək digər sahələrdə də uğurla həyata keçiriləcək. Ordu sferasında da bir sıra problemlər mövcud idi. Yeni nazir bu sahədə apardığı islahatlarla bir sıra uğurlar əldə etdi. Hesab edirəm ki, dəyişiklik sadəcə adların dəyişikliyində olmamalıdır”, - deyə Zahid Oruc bildirib.
