Türkiyə-Azərbaycan əlaqələri tarixinin ən yüksəliş və intibah dövrünü yaşamaqdadır. İkinci belə yaxınlaşma, qardaşlaşma nümunəsi olmayıb. Ümumiyyətlə, müasir siyasətdə də bir-birinə bu dərəcədə sıx dostluq və müttəfiqlik edən ölkələr axtarmaq çətindir. Hətta NATO-da müttəfiq ölkələr var ki, müəyyən milli məsələlərdə fikirləri haçalanır, yaxud tez-tez aralarında soyuqluq, gərginlik yaşanır. Ankara-Bakı münasibələrində isə heç bir anlaşılmayan, razılaşdırılmayan nüans yoxdur. Türkiyənin problemi Azərbaycanın problemidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir.
Xüsusən də Şuşada imzalanan bəyannamədən sonra iki qardaş dövlətin müttəfiqliyi daha da yüksək səviyyəyə, daha üstün platformaya qalxdı. “Yeni Müsavat”ın qənaətinə görə, NATO-nun ikinci ən güclü ordusuna malik olan Türkiyənin Azərbaycanın yanında yer alması təbii ki, bizə münasibəti də dəyişəcək, amma bədxahlar da güclərini iki dövlətə qarşı birləşdirə bilərlər. Əlbəttə, dünyada bizə münasibətin dəyişməsi daha çox pozitiv istiqamətdə müşahidə olunacaq. Lakin təhlükə bundan sonra da Ermənistan və dünya erməni lobbisi olaraq qalacaq. Amma türk birliyini istəməyən, bunu həzm etməyən təkcə ermənilər deyil... Qonşuluqda, həmçinin bizdən uzaqda başqa güclər də var. Onlar bu yaxınlaşmadan, müttəfiqliyin genişlənməsindən şübhəsiz ki, narahatdırlar. Üstəlik, Türkiyənin Cənubi Qafqazda təsirlərinin artmasından xoşhal olmayan dairələr, dövlətlər var. Bu, Qərb ölkələri və başqa siyasi mərkəzlərdir. Bəs bundan belə daha nələr olmalıdır ki, Türkiyə-Azərbaycan birliyi sarsılmasın, bizi gözü götürməyən güclərin əleyhimizə aparmaq istədiyi fəaliyyət qabaqlansın?
Milli Məclisdə çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq”, - deyə bəyan etdi. Bununla dünyanın gözləri önünə sərildi ki, Azərbaycana qarşı hər hansı təhdid olacaqsa, hansısa qüvvələr erməniləri qızışdırıb üstümüzə göndərəcəksə, o zaman qarşısında həm də Türkiyəni görəcək.

Tənzilə Rüstəmxanlı: “Türkiyənin Şuşada önəmi möhürlənməsəydi, Qarabağın taleyi təhlükəyə düşə bilərdi”
“Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, ömrünün 30 ilini iki qardaş ölkənin əlaqələrinin möhkəmlənməsinə, inkişafına sərf etmiş biri kimi bu prosesdə əməyi olanlara minnətdarlıq edir. Onun sözlərinə görə, o zaman mənəvi körpülər qurulurdu, bu günlərə gəlməsi üçün təməl daşları atılırdı: “Bu, aydınların gördüyü işlər idi və bu gün dövlət səviyyəsinə çevrilib. Türkiyə-Azərbaycan əlaqələri tarixində heç zaman olmayan səviyyəyə gəlib çatıb. Türkiyə sevdasını yox etmək istəyən qüvvələr olmuşdu. Amma bütün maneələrdən Türkiyə-Azərbaycan qardaşlığı sağlam, bərkimiş çıxdı”.
T.Rüstəmxanlı hesab edir ki, Türkiyənin Şuşada önəmi möhürlənməsəydi, Qarabağın taleyi gələcəkdə təhlükəyə düşə bilərdi: “Düşmən gizli də olsa çox böyükdür. Biz bilirik ki, Qarabağın işğalında pərdəarxası güclər kimlər idi. Ona görə Şuşa görüşünün reallaşması ilə önəmli sənəd imzalandı. Bu anlaşma Azərbaycan üçün çox vacib idi. Bu anlaşmadakı bəndlər Qarabağın təhlükəyə düşməməsi üçün əhəmiyyətli idi. Bundan sonra sülhməramlının bir əhəmiyyəti qalmadı. Əgər hər hansı hərbi müdaxilə olsa, Türkiyənin hərbi dəstəyi olacaq. Bu anlaşmanı illər sonra dərk edəcəyik. Xalqımız bu anlaşmanın bizə nələr verəcəyini görəcək. Nuru Paşadan sonra türk əsgəri lazımi anda boy göstərəcək. Bu da BMT nizamnaməsinə uyğun olacaq ki, heç bir qanunazidd addım atılmayacaq . Ona görə də iki qardaş dövlətin münasibətlərinin bu yerə gəlib çıxması Qarabağın azadlığı qədər məni sevindirir”.
T.Rüstəmxanlı qeyd etdi ki, düşmən həmişə iş başında olub: “Bəzən özünü erməni üzündə göstərib, bəzən gizli şəkildə olub. Türkün həmişə düşməni olub və onunla da bacarmağa qadirdir. Bütün tədbirləri alaraq birgə addımlayacağıq”.

Qabil Hüseynli: “İrəlidə türkdilli dövlətlərin strateji birliyini təmin etməliyik”
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə çatmasından sonra qarşıda duran vacib istiqamətlərdən biri türkdilli dövlətlərin strateji əlaqələrini formalaşdırmaq olmalıdır. Onun fikrincə, ümumtürk birliyinin yaradılması əsas məqsəd kimi qarşıda dayanmalıdır: “Buna Turan ideyası da, türkdilli dövlətlərin strateji birliyi də deyə bilərik. Əsas məsələ odur ki, qısa müddətdə buna nail olmaq lazımdır. Hazırda türkdilil xalqların çoxu Rusiyanın əsarəti altındadır, onlarda özünüdərk prosesi sürətlə gedir. Söhbət Tatarıstan və Başqırdıstandan gedir. Amma Rusiyadakı türk xalqlarının ümumtürk prosesinə qoşulması çətindir. Çünki məsələ ölkənin parçalanmasına bağlıdır”.
Q.Hüseynli hesab edir ki, Şuşada imzalanan bəyannamədən sonra əlaqələr daha da inkişaf edəcək: “Türkiyə Avropa Birliyi ilə münasibətləri qaydaya salmaq üzrədir. Eyni zamanda Ərdoğanın Baydenlə görüşündən sonra həm ABŞ-Azərbaycan, həm ABŞ-Türkiyə əlaqələri pozitiv istiqamətdə gedəcək. Xüsusilə Azərbaycan çalışır ki, İsraillə Türkiyənin arasını düzəltsin. Sadəcə, Fələstin, müsəlman amili bu iki dövlətin əlaqələrinə əngəl olur. Məncə, bu problem də yoluna qoyulacaq. Çünki Türkiyə-Azərbaycan münasibətləri inkişaf etdikcə, bu məsələlər gündəmə gətiriləcək. Ona görə də iki qardaş ölkə arasında dünyada analoqu olmayan addım atılıb. Bu iki ölkə dünya dövlətlərinin cazibə mərkəzinə çevriləcək. O baxımdan irəlidə türkdilli dövlətlərin strateji birliyini təmin etməliyik”.
Professorun fikrincə, Türkiyə türkdilli dövlətlərlə yanaşı müsəlman ölkələrində də özünə ciddi müttəfiqlər seçə bilər. Politoloqun sözlərinə görə, bu sırada Pakistan var, Qətərlə münasibətlər strateji xarakter daşıyır və inkişaf edir, Birləşmiş Ərəb Əmirliyi də müsəlman ölkələrlə əlaqələri yenidən qurmağa hazırlaşır.
