|
“Avropa ölkələri ”Pfizer"dən başqa COVİD pasportu qəbul etmir" iddiası

Avropa ölkələri vətəndaşlarının daxildə karantin müddəti qoyulmadan və PCR testi olmadan səyahət etməsinə imkan verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin - COVİD sertifikatının sınaq rejimində tətbiqinə başlayıb. Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ulsula Lyayen məlumat verib. Avropa yaşıl rəqəmsal buraxılış vəsiqələri iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün onu daha tez tətbiq edə bilərlər.

“COVİD pasportu” ilə bağlı Azərbaycanda xeyli suallar var. Əsasən də xarici ölkələrə getmək istəyənlər arasında narahat olanlar çoxluq təşkil edir. Türkiyəyə getmək üçün COVİD pasportu, yoxsa PCR testi lazımdır", - deyə soruşanlar çoxdur. Hansı vaksini vurdurmağın  Avropaya səfərlər üçün əhəmiyyəti varmı? Guya Çin və Rusiya vaksinini ÜST tanımır. Bu səbəbdən yalnız ABŞ vaksini (“Pfizer”) vurduranların Avropaya gedə biləcəkləri kimi iddialar var. Yeri gəlmişkən, iyunun 21-dən daha yeddi dövlətin vətəndaşlarının Azərbaycana daxil olmasına icazə verilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Əsasən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşları Azərbaycana səfər edə biləcəklər.

Qərar sözügedən ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması və əhalinin geniş vaksinasiyası nəzərə alınmaqla qəbul edilib. Səfər zamanı əcnəbilər vaksinasiya barədə COVİD - pasport və uçuşdan öncə 72 saat ərzində verilmiş koronavirus testinin mənfi nəticəsini təqdim etməlidirlər.

Bu arada Rusiyada, xüsusilə azərbaycanlıların daha çox gəlib-getdiyi Moskvada koronavirusla bağlı vəziyyət pisləşib. Bunun Azərbaycana təsiri ola bilərmi?

COVID -19 və evdə müalicə / MEDBLOG / Professional Tibbi Informasiya Portalı

Vüqar Cavadzadə

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə mövzu ilə bağlı “Yeni Müsavat”a  danışıb: “Bütün vaksinlər reyestrdən keçib, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib. Bütün ölkələrdə istifadə olunur. Çinin vaksinini 40-dan çox ölkə alıb. Bununla bağlı hər hansı maneə yoxdur. Dünyada vahid səhiyyə qurumu var, o da Ümumdünya Səhiyyə Təşkilatıdır. Onun moderatorluğu rol oynayır, onun təsdiqindən keçəndən sonra tətbiqinə icazə verilir. Bunun üçün narahat olmağa əsas yoxdur”.

İnfeksionist Avropa ölkələrinə getmək üçün “Pfizer” peyvəndinin tələb olunması ilə bağlı iddialara da cavab verib: “Mən özümə iki doza ”SinoVac" peyvəndi vurdurmuşam. İlk vaksin olunanlardan biriyəm. Sadəcə, ola bilər ki, insanlarda inam yoxdur. Guya Çinin vaksininə deyil, Amerikanın vaksininə inanırlar. Onlar tibb işçisi deyil axı. Əslində vaksinlər  eyni təsirə malik, eyni məqsədlər üçün istifadə olunur. Bütün Avropa ölkələri konkret vaksinasiya tələbi qoymur axı. Tələb PCR testinin təqdim olunmasıdır,  hansısa Avropa ölkəsinin “Pfizer” tələb etməsi yoxdur. Sadəcə olaraq, insanlar arasında belə bir fikir formalaşıb. Azərbaycanda vaksinasiya könüllü olanda heç kim vaksin olunmurdu. İndi tələblər qoyulub, ona görə hər kəs peyvənd olunmaqda maraqlıdır. İnsanlar məcburiyyət qarşısında qalıb, bunu edirlər. Konkret Avropanın belə bir tələb qoyması haqqında məndə məlumat yoxdur".

Həkim əlavə edib ki, Rusiyada virusa yoluxanların sayında  artım var, Azərbaycanda da artım ola bilər: “Hazırda pandemiya dövrünü yaşayırıq, bu dövrdə mütəmadi olaraq infeksiya ilə bağlı epidemik alovlaşmalar, insanların dili ilə desək, növbəti dalğalar müşahidə edilir. Dünyada pandemiya dövrüdür. Yoluxma sayının 25-27-yə düşməsi o demək deyil ki, virus yox olub. Bu, arxayınlıq yaratmamalıdır. Yoluxmaların sayı az olanda bu şansdan istifadə edib hamı vaksin olunmalıdır ki, növbəti yoluxmalar olduqda rəqəmlər yüksək olmasın. Mən istisna etmirəm ki, növbəti dəfə bizdə də müşahidə edilməsin. Ola bilsin ki, artım yenə olsun. Artıq Rusiyada yenidən artımlar müşahidə edilir. Virusun oradan gəlib çıxmasına ehtiyac yoxdur, bizdə artıq var. Əgər gün ərzində 20-30 nəfər yoluxursa, deməli, infeksiya mənbəyi var. İnfeksiya mənbəyi də ya virusu gəzdirəndir, ya da xəstə şəxsdir. Sağlam insanlar da bunlardan yoluxur. Sadəcə olaraq, qaydalara riayət etmək lazımdır ki, 20-25 nəfər artıb iki min, üç minə çatmasın”.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən də məsələ ilə bağlı münasibət bildirilib: “Epidemioloji vəziyyətin yaxşılaşması və koronavirusa qarşı fəal peyvəndləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan, karantindən azad sərhədlərin açılması, maksimal səviyyədə təhlükəsiz səyahətin təmin olunması, turizm sənayesinin və beynəlxalq aviadaşımaların bərpasına yönəldilmiş qlobal təşəbbüsə mərhələli şəkildə qoşulur. Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından Rusiya, Türkiyə, həmçinin 21 iyun tarixindən etibarən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri ləğv edib. Əvvəllər ölkə ərazisinə giriş yalnız Azərbaycan vətəndaşları, onların birbaşa qohumları Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər üçün mümkün idi. Yeni qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVİD-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVİD-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. Testin nəticəsində belə atributların olması məcburi deyil, lakin rəsmi prosedurlardan keçidin sürətləndirilməsi üçün arzuediləndir.

Sənədlər hava limanında qeydiyyat zamanı yoxlanılacaq. 1 yaşdan 18 yaşadək şəxslərin COVİD-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur".

Qurumdan o da qeyd edilib ki, Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

“Azərbaycandan yola düşən vətəndaşlar arayış və ya COVİD-19 pasportu təqdim etməlidirlərmi” sualına da cavab verilib: “Azərbaycandan yola düşən sərnişinlər yalnız təyinat ölkəsinə daxil olmaq üçün tələb olunan sənəd və arayışları təqdim etməlidirlər. Azərbaycan tərəfi yola düşən sərnişinlərdən arayış və ya COVİD-19 pasportu tələb etmir, lakin təyinat ölkəsində bu sənədlər tələb olunduğu halda uçuşdan əvvəl qeydiyyat zamanı həmin sənədlər yoxlanacaq. Müxtəlif ölkələrin tələblərinə dair aktual məlumatla müvafiq diplomatik qurumların rəsmi saytlarında tanış olmaq üçün tövsiyə olunur. Ölkəyə gəldikdən sonra isə  iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir. Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar”.