Bakıda erməni yaraqlıların məhkəməsində zərərçəkənlər ifadələrində dəhşətli ifadələr verdilər; “Şuşa türməsinin yanında odun doğranılan yerdə dəfələrlə işgəncələrə məruz qalmışıq”
Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtıçoviç Mkrtıçyan və Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. İyunun 16-da hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin ifadələri dinlənilib.
“Məni ən çox Xosrovyan döyürdü, dəyənəklə, botinka ilə...”

Zərərçəkmiş Həbib Kazımov bildirib ki, 1992-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə yollanıb, 1993-cü ildə döyüşlər zamanı əsir düşüb. Onu Şuşa türməsinə aparıblar: “Xosrovyan Alyoşa Aramaisoviç tərəfindən dəfələrlə işgəncələrə məruz qalmışam. Müalicə üçün Xankəndinə aparılmışam, lakin orada da məni döyürdülər. Bu iki şəxsi Şuşa türməsindən tanıyıram. Sərdar adında dostumuz var idi, orada onu döyüb öldürdülər. Şuşa türməsinin yanında odun doğranılan yerdə dəfələrlə işgəncələrə məruz qalmışıq. 1 il 9 ay əsirlikdə olmuşam, 1 il 2 ay da Lüdvik və Alyoşanı orada görmüşəm, onların hamısı hərbi geyimdə idilər. Məni ən çox Xosrovyan döyürdü, dəyənəklə, botinka ilə... Bizi ac-susuz saxlayırdılar. Onların qəhrəman hesab etdikləri şəxsin abidəsinin açılışı zamanı bizi çox pis döydülər”.
“Lüdvik Mkrtıçyan bizi Azərbaycan dilində söyüb təhqir edirdi”
Daha sonra digər zərərçəkmiş Zaur Rzayev ifadə verib. O deyib ki, 1992-ci ildə Saatlı rayonundan hərbi xidmətə yollanıb, 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə yaralanıb və əsir düşüb:
“Huşsuz halda idim. Ayılanda gördüm ki, Xankəndi şəhərindəyəm, sağ çiynimdən güllə yarası almışam. Bizi separatçı rejimin o vaxtkı ”müdafiə naziri" Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər. Lüdvik mənim yaramı ayağı ilə basırdı. Su içəndə başıma armatur və bellə vururdular. Siqareti yandırıb yarama basırdılar. Beli götürürdü, belin sapı ilə yox, dəmir hissəsi ilə, kəsici tərəfi ilə yaramı kəsirdilər. Xocavənd rayonunda Samvel Babayanın ferması var idi. Bizi orada işlədirdilər. 30-40 nəfər azərbaycanlı əsirə 50 metr uzunluğunda donuz və toyuq fermaları tikdirirdilər. Usta işlərini ermənilər görürdü, söküntü işlərini bizə gördürürdülər. David, Karen, Lüdvik nəzarətçi idi. Hərbi forma geyinib gəlirdilər, orada bizə işgəncə verirdilər. Lüdvik Mkrtçyan bizi Azərbaycan dilində söyüb təhqir edirdi. Başqa yerdə binanı söküb materialları Samvel Babayanın fermasına aparırdıq".

Zərərçəkmiş deyib ki, Lüdvik Mkrtçyan azərbaycanlı əsirləri avtomatın qundağı, dəmir parçası, armaturla döyürdü: “Daş daşıyırdıq, ac-susuz olurduq, gücümüz çatmırdı daşımağa. Lüdvik məni avtomatın qundağı ilə döyürdü, cəld işləməyi tələb edirdi. Bizi növbə ilə döyürdülər. 5 nəfərlik dəstə bir həftə gəlib işgəncə verirdi, onlar gedirdi, yeni dəstə gəlirdi, onlar da döyürdü. Başımda döyülməkdən çapıqlar var, avtomatın sünbəsini (odlu silahların lüləsinin içini təmizləmək, yağlamaq, habelə bir şeyi bir yerə təpmək və ya çıxarmaq üçün uzun dəmir mil - E.M.) ocaqda qızdırıb basırdı sinəmə, güllə yarası olan yerə basırdı, qışqırdırdı bizi”.
Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Növbəti məhkəmə iclası iyunun 23-nə təyin olunub.
