|
İlham Əliyevin ikinci Şuşa zəfəri

Uğruna minlərlə şəhid verilmiş bir ideya gerçək oldu. Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində böyük addım atıldı. İyunun 15-də Şuşa şəhərində imzalanmış Bəyannamə təkcə Azərbaycanla Türkiyənin maraqlarını, təhlükəsizliyini təmin etmir. Həmçinin bölgəyə barış, sülh gətirə biləcək qüdrətdə olan bir tarixi sənəd rolunu oynayır.

Azərbaycanla Türkiyənin son 100 ildə birgə fəaliyyəti, Türkiyə hərbisinin, siyasətinin yaşadığımız bölgəyə gəlməsi Güney Qafqazda sülhə və əmin-amanlığa qarantiya olub. 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi böyük bir savaşı, daha doğrusu azərbaycanlılara qarşı etnik soyqırımını dayandırdı. Erməni daşnaklar həmin vaxt vətənimizin müxtəlif bölgələrində 10 minlərlə soydaşımızı qətlə yetirmişdi. Qan su yerinə axırdı. Region böyük bir fəlakətin içində idi. Əgər qüdrətli Türk Ordusu vaxtında yetişməsəydi, Azərbaycan da daxil olmaqla bölgədə uzun illər barışı təmin etmək mümkün olmayacaqdı.

Türkün fəlsəfəsində sülhyaratma missiyası Tanrı vergisi kimidir. Bu bizim böyük bir irq olaraq qanımızdadır. Harada savaşa başlayıb, harda sülh bağlamağı, bəlkə də, türklər qədər bilən, buna əməl edən ikinci millət yoxdur Yer üzündə. Kimsəyə torpağını güzəştə getməz. Bəzən Vətəninin bir hissəsi işğala məruz qalar, on illərlə bu işğal davam edər. Fəqət bir gün yerindən qalxar, böyük savaş başladar və düşmənin burnunu ovaraq Vətənini bütövləşdirər. İkinci Qarabağ savaşında olduğu kimi.

Azərbaycan xalqı və onun lideri Vətən Müharibəsi başladıb, 30 ilə yaxın davam edən işğala son qoydu.

Bu müqəddəs savaşda yanımızda dayanan, bizə arxa-dayaq olan əsas dövlət Türkiyə Cümhuriyyəti oldu. Prezident Rəcəb Tayyib Ərdoğan hələ savaşdan öncə Azərbaycana özünün, ölkəsinin hər cür dəstəyini verdi. Tovuz döyüşləri başlayandan Türkiyəni yanımızda gördük. Düşmənin bu alçaq və namərdcə həmləsi həm də Türkiyənin yaxından dəstəyi ilə geri otuzduruldu.

44 günlük müharibə dövründə də Türkiyə, onun Prezidenti yanımızda oldu. Savaşdan sonra da yanımızdadır. Ərdoğanın 2020-ci ilin 10 dekabr tarixində Azadlıq meydanında keçirilən Zəfər Paradında iştirakı, oradakı çıxışı bütün dünyaya mesaj idi. Üstündən 6 ay keçdikdən sonra – 15 iyun 2021-ci ildə hörmətli Ərdoğanın Qarabağa səfəri, iki ölkə başçısının Şuşada müttəfiqlik sənədi imzalamaları son 100 ilin ən önəmli hadisəsi idi.

Bu savaşın, bu qələbənin əsas müəllifi, aparıcı gücü Azərbaycan xalqıdır. Buna kimsənin şübhəsi yoxdur, ola bilməz. Xalqı savaşa hazırlayıb, qələbəni təmin edən isə Prezident İlham Əliyev oldu. O, Ali Baş Komandan kimi də vəzifəsinin öhdəsindən uğurla gəldi. Müharibə yeni başlayanda kimsə düşünmürdü ki, bu savaş Şuşanın azadlığı ilə bitəcək. İlham Əliyev isə çıxışlarında deyirdi: “Şuşasız qələbə yarımçıq olar”. O, xalqı fikrən, Ordusunu isə felən Şuşaya istiqamətləndirdi. Hədəfi böyütdü. Bilirdi ki, azərbaycanlılar üçün Şuşa müqəddəs ülküdür. O ülkü gerçəkləşməsə, qazanılan qələbənin effekti o qədər də olmayacaq.

Noyabrın 8-də hərbi paltarda, Ali Baş Komandan simasında Şəhidlər Xiyabanından Şuşanın işğaldan azad edildiyini xalqa, dünyaya bildirdi.

“Əziz Şuşa, sən azadsan” söylədi. Həmin gün Azərbaycanın tarixində böyük dönüş oldu. Çünki xalq və ölkə olaraq böyük zəfər qazanmışdıq. İkinci böyük Zəfəri isə iyunun 15-də Şuşada qazandıq. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi 7 aylıq nigaranlığımıza son verdi. Zəfərimiz, qələbəmiz qarantiya altına alındı.

Beləliklə, İlham Əliyev Azərbaycana ikinci zəfəri qazandırdı. Bu dəfə döyüşərək yox, danışaraq, anlaşaraq. R.T.Ərdoğan da, İ.Əliyev də Şuşada çıxışlarında sülh mesajları verdilər. Başladılmış bu prosesdən Ermənistanın da pay alacağını diqqətə çatdırdılar. Bunu Azərbaycan Prezidenti də dəfələrlə bildirib. Hər fürsətdə İlham Əliyev düşmənə barış əlini uzadıb. Ermənistan hakimiyyətinə revanşizmdən əl çəkib, sülh yolu seçməyi təklif edib.

Ermənistan Şuşa Bəyannaməsindən böyük dərs götürməlidir. İndən sonra heç olmaya anlamalıdırlar ki, hər hansı bir cəhd, revanş istəyi onlara daha böyük problemlər yaşadacaq.

Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bu günlərdə deyib ki, bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edir.

“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”,- deyə, Petrosyan qeyd edib.

Azərbaycan və Türkiyə rəhbərləri isə bitən, tükənən və məğlub olan Ermənistana dirçəlmək təklif edir. Azərbaycana, Türkiyəyə yersiz, mənasız ərazi iddialarından əl çəksə, bu xəstəlikdən sağala bilsə, Ermənistan üçün yeni dövr başlaya bilər.

Təxminən 100 il öncə Azərbaycanın və Türkiyənin aydınları böyük bir ideologiyanın - siyasi Turançılığın əsasını qoydular. Ötən əsrin əvvəlindəki Azərbaycan istiqlalçı nəsli, Turançılıq ideologiyasının memarları bu xətti siyasi fəlsəfə kimi irəli sürdülər. Turan ideologiyasının bütün dünya türklərini, xüsusilə də Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan əsas xətt olduğunu isbatladılar.

Bu gün siyasi Turançılıq ideologiyası gerçəkləşir. Turan ərazilərin birləşdirilməsindən çox fikirlərin, ideyaların, maraqların birləşdirilməsidir. Bu gün bu nəhəng və vacib missiyanı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan gerçəyə çevirir.

Hər iki lider ölkələrinə, xalqlarına böyük bir miras buraxdılar. Bu miras əsrlər boyu yaşayacaq və xalqlarımızın, ölkələrimizin bugünü, həmçinin sabahı üçün zəmanət rolu oynayacaq.

15 iyundan sonra kimsə Qarabağdakı Rusiya sülhməramlıları haqda danışmır. Danışılacaq nə qaldı ki?! Kimsə “Rusiya Qarabağı işğal etdi” deyib, siyasi şüvənlik etmir. Edə bilmir. Çünki Qarabağ Azərbaycanla Türkiyənin birgə nəzarətində, idarəsində və iradəsindədir.

15 iyun 2021-ci il Ermənistanın sonu, erməniçiliyin rəsmən başa çatdığı gündür. Cəsarətləri çatır, bizə savaş açsınlar. Müharibəyə başlasınlar. Hətta havadarları da buna cəsarət etməz.

Qarabağda yeni dövr başladı. İnşallah yerdə qalan şəhər və kəndlərimizi də erməni işğalından tezliklə azad edəcəyik. Ərdoğanın səfəri Qarabağın tam zəfəri olacaq!

 

musavat