|
Cəmi 3 aya inşa edilən və bütün Füzulini işıqlandıran yarımstansiya -FOTOLAR

Bu gün bir qrup media nümayəndəsinin Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil olunub.

Səfər zamanı media nümayəndələri Füzuli şəhərində inşa edilən “Füzuli” yarımstansiyasında olub. Əvvəlcə bildirək ki, bu yarımstansiya ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli şəhərində cəmi 3 ay ərzində inşa edilib. 

"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, hazırda işğaldan azad olunan bütün rayonlarda 110 kV -luq  yarımstansiyalar inşa olunur. 

Onun sözlərinə görə bu yarımstansiya ümumilikdə Füzuli rayonunu və strateji obyektləri, hava limanını da elektrik enerjisi ilə təmin edir.

T.Abdullayev digər görülən işlər barədə də məlumat verib. O qeyd edib ki, 110 kv, 35 kV və 10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub: 

"Bu stansiya sistemi əhəmiyyətli olduğu üçün çox vacibdir. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalandırılacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir. Eyni zamanda Murovu aşmaqla Kəlbəcərə 70 km məsafədə 110 kV-luq  iki dövrəli xətt çəkilir.

Qubadlı Zəngilan Cəbrayıl rayonlarına 110 kV-luq yeni  xətlər çəkilir. Ağdamda 110 kV-luq Ağdam-1  Ağdam-2 yarımstansiyaları tikilir. Bundan başqa Suqovuşan-1, Suqovuşan-2 kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb",- deyə T.Abdullayev qeyd edib.

Xatırladaq ki, iyun ayının 15-də prezident İlham Əliyev Füzuli rayonuna səfər edərək yenidənqurma işləri ilə tanış olmuşdu.

 


Musavat.com