Elçin Mirzəbəyli: “Bu sammiti parçalanmaqda olan Qərb blokunun faktiki olaraq yenidən bir araya gəlməsi üçün şans kimi qələmə verirdilər”
Hazırda dünya siyasi səhnəsində əsas hadisə G-7 sammitidir. Dünyanın ən böyük dövlətlərinin liderləri növbəti dəfə bir araya gəlib və təkbətək, çoxtərəfli görüşlər keçiriblər. İyunun 14-də isə “Böyük yeddilik” ölkələri liderləri sammitinin yekun bəyanatı imzalanıb.
Sənəddə ilk dəfə olaraq Tayvan boğazında sülh və sabitliyə çağırış edilib. Bununla yanaşı, G-7 liderləri qarşılıqlı maraq kəsb edən qlobal məsələlər ətrafında Çinlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Həmçinin ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya dövlət və hökumət başçıları Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərin tərəfdarı olduqlarını bəyan ediblər.
Bununla yanaşı, bəyanatda koronavirusun mənbəyinin tapılması üzrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ikinci araşdırmanın aparılması təklifi irəli sürülüb. Sammit iştirakçıları 2022-ci ildə dünya ölkələrini 1 milyard doza vaksinlə təmin etməyi öz öhdələrinə götürüblər.
Sammit bir neçə maraqlı məqamla yadda qalıb. Təbii ki, sammitin ən çox diqqət çəkən siması ABŞ-ın yeni prezidenti olub. Co Bayden İngiltərədə G-7 Liderlər Sammitində ölkənin baş naziri Boris Conson, İtaliyanın baş naziri Mario Draqhi və Yaponiyanın baş naziri Yosihide Suqa ilə ayrı-ayrılıqda görüşüb.
Ağ Evdən verilən məlumata görə, C.Bayden İtaliyanın baş naziri M.Draqhi ilə görüşündə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsini istəyib. İki lider yeni növ koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizədə də sıx əməkdaşlıqla çalışmağa davam edəcəklərini bildirib.
Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərarı üçün İtaliyanın dəstəyini qiymətləndirən Bayden Çin, Rusiya və Liviya kimi xarici siyasət məsələlərində də Mario Draqhi ilə işləməyi qəbul edib.
Co Bayden İngiltərənin baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skott Morrisonla üçtərəfli görüş keçirib. Söhbət zamanı Hindistan-Sakit Okean bölgəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir çox mövzudan danışılıb, bölgədəki strateji kontekstin dəyişdiyinə diqqət çəkilib və üç hökumət arasında əməkdaşlığın dərinləşdirilməsi üçün razılığa gəlinib.
İngiltərənin baş naziri Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı komissiyasının sədri Ursula Von der Leyenlə Şimali İrlandiya Protokolunun tətbiqi ilə bağlı fikir ayrılığını da müzakirə edib.
Bu arada Co Bayden sammitə hamıdan sonra təşrif buyuraraq krallıq protokolunu pozub. Bu barədə “Ria Novosti” xəbər yayıb. Bildirilib ki, Co Bayden və xanımı Cill G-7 zirvəsinə Böyük Britaniya Kraliçası II Yelizaveta gəldikdən sonra gəliblər və bununla da İngiltərə krallığının qoyduğu protokol qaydalarını pozublar.

Elçin Mirzəbəyli
Qeyd edək ki, qaydalara əsasən kral ailəsinin üzvlərinin tədbirə sonuncu gəlməsi və hamıdan əvvəl getmələri şərtdir.
Britaniya Kraliçası II Yelizaveta isə G-7 zirvəsindən əvvəl xüsusi mərasimdə tort kəsib. Maraqlı məqam o olub ki, kraliça tortu qılıncla kəsib. Ardından qeyd edib ki, bıçağın olduğunu bilir, amma bu daha qeyri-adi bir şeydir.
G-7 zirvəsinin mübahisəsi isə Fransa prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında baş verib.
Mübahisəyə səbəb Consonun daha çox bəhs etdiyi “Brexit” məsələsi olub. Makron Boris Consonun gündəmdə bir çox mövzuların olduğu halda, diqqəti daha çox “Brext” məsələsinə yönəltməsindən narahat olub və ona iradını bildirib.
“Britaniyanın Avropa Birliyindən çıxması üçün özünüz imza atdınız, o zaman nə etdiyinizi bilməliydiniz”, - deyə Fransa prezidenti Boris Consonu qınayıb.
Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci il tarixdən Avropa Birliyindən çıxıb. Bundan sonra tərəflər arasında ticarət razılaşmaları ilə əlaqəli bəzi problemlər yaranıb.
“Yeni Müsavat”a açıqlamasında sammitin işini qiymətləndirən politoloq Elçin Mirzəbəyli bildirdi ki, orada liderlərin müzakirə etdiyi əsas məsələ Çinin “Bir kəmər - Bir yol” layihəsinə alternativ yaratmaq olub: “G-7-yə üzv olan ölkələrin budəfəki sammiti kifayət qədər diqqət cəlb etdi. Uzun müddət idi ki, bu sammitə hazırlıq gedirdi, müzakirə olunan məsələlərin siyahısı da kifayət qədər geniş idi. Bu sammiti parçalanmaqda olan Qərb blokunun faktiki olaraq yenidən bir araya gəlməsi üçün şans kimi qələmə verirdilər. Amma bu şansdan maksimum dərəcədə istifadə edilmədiyi də ortadadır, yetərincə ziddiyyətli məqamlar nəzərə çarpdı. Əsasən Çinlə bağlı məsələ üzərində fokuslandılar, Çin məsələsində ortaq bir mövqenin sərgilənməsi, prioritetlərin ”Bir kəmər - Bir yol" layihəsinə qarşı olacağı, yeni bir infrastruktur layihəsinin alternativ olaraq həyata keçiriləcəyi xüsusilə diqqət çəkdi. Çox güman ki, Çinin bu layihəsi G-7 ölkələrini digər məqamlardan daha çox narahat edir. Rusiya ilə bağlı məqamlarda xüsusi bir hadisə baş vermədi. Rusiya qazının ixracı ilə bağlı məsələdə fikir ayrılığı qabarıq şəkildə nəzərə çarpmaqdadır. İndiki şəraitdə G-7 sammitindən belə bir təəssürat yaranır ki, məqsəd, sadəcə olaraq, Çinlə bağlı yekun qərarın qəbul olunmasına yönəlib. Qərb blokunun qarşısında dayanan faktor da elə Çin amilidir".
Qeyd edək ki, G-7 qrupuna ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada və İtaliya daxildir. Avropa İttifaqının mərkəzi qurumlarının rəhbərləri də G-7 zirvə görüşlərinə qatılırlar.
