Tanınmış şirkətlərdən biri olan “VİP Logistics Company” MMC öz işçisindən şikayətçidir. Şirkət iddia edir ki, əməkdaşları kassadan pul götürərək mənimsəyiblər.
Musavat.com-un əldə etdiyi məlumata görə MMC-nin rəhbəri Nicat İbrahimov 4 aylıq əməkdaşlıq etdikləri işçiləri Cavid Səfərovun kassadan 13 min manatdan çox pulu götürərək mənimsədiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Cavid Səfərovun atası Elcan Səfərov deyib ki, oğlu belə bir əməl törətməyib.
Elcan Səfərov iddia edib ki, 22 yaşlı oğluna hədə qorxu gəlinir.
"Cavid 2021-ci il yanvar ayının 11-də MMC-də işə qəbul edilib, lakin cəmi 1 ay sonra onunla bağlanmış əmək müqaviləsinə əsassız xitam verilib. Bundan sonra MMC-nin rəhbərinə etdiyimiz etirazlardan Nicat İbrahimov narazı qaldı.
Sonra oğluma bildirdi ki, pandemiya dövründə MMC-nin gəlirləri azalıb. Buna görə də bir müddət qeyri-rəsmi olaraq çalışmağı təklif etdi. 2021-ci ilin mart ayında mənə zəng gəldi. Özünü MMC-nin direktoru Rəşad kimi təqdim edən şəxs mənə bildirdi ki, oğlum kassadan 3500 manat götürüb. Mən belə bir şeyin əsla ola bilməyəcəyini dedim və bunu aydınlaşdırmaq üçün görüşmək istədiyimi bildirdim. Rəşad isə mənə bildirdi ki, hələlik bu məsələnin şişirdilməsinə ehtiyac yoxdur. Bu məsələni həll etmək üçün pul istədi.
Bundan sonra Cavidlə birlikdə məsələnin aydınlaşdırılması üçün MMC-nin Nərimanov rayonunda yerləşən ofisinə getdik. Həmin vaxt orda Nicat İbrahimov, Rəşad, Sərxan, Rəşadın atası kimi təqdim edilən şəxs, Fərid adlı şəxs və bir nəfər mülkü geyimdə olan lakin polis əməkdaşı kimi təqdim etdikləri şəxs var idi.
Biz MMC-nin ofisində məsələnin aydınlaşdırılması ilə bağlı söhbət edərkən Nicat İbrahimov Cavidə dedi ki, hazırda kassadan 5-7 min arası pul çatmır. Biz bununla bağlı akt tərtib etmişik. Tələb etdilər ki, oğlum öz dilindən izahat yazaraq həmin məbləği qəbul etsin. Yoxsa oğlumu polisə şikayət edib tutduracaqlarını dedilər. Aktı tələb etdik və bildirdim ki, əgər belə bir şey vardısa, akt tərtib ediləndə hansı səbəbdən Cavid orda iştirak etməyib?
Akt belə əsaslandırlıb ki, guya Cavid şirkətdə çalışdığı 4 ay ərzində kassadan 13 min 540 manat mənimsəyib. Bunu isə guya özünün və yaxın qohumlarımın adına saxta hesab açmaqla həyata keçirib. Lakin aktın tarixində saxtakarlıq var. Akt 23.03.2021-ci ildə tərtib edilsə də Cavidin 01.04 2021-dək işlədiyi qeyd olunur",-deyə Elcan Cəfərov açıqlamasında bildirib.
Maraqlısı budur ki, Elcan Cəfərovun oğlu etirafedici ərizə yazıb və borcu qəbul edib.
E.Cəfərov iddia edir ki, Rəşadın atasının fiziki və mənəvi təzyiqlərdən sonra bu ərizəni yazıb.
"Bir müddət sonra isə Cavidi “İnternotional Audit” MMC-nin rəhbəri dəvət edərək bildirdi ki, “VİP Logistics Company” MMC tərəfindən müraciət edilərək Cavidlə bağlı yoxlama keçirilməsi tapşırılıb. Biz də audit mərkəzinə gedərək əsl həqiqət barədə izahat verdik",- deyə E.Cəfərov qeyd edib.
