|
Bakıda salınan yol çıxıntıları barədə RƏSMİ AÇIQLAMA VİDEO

Bakıda bəzi yollar düzəldildikdən sonra sürücülər üçün böyük problemlər yaranır. Belə problemlərdən biri də Xətai rayonunda yaranıb.

Bu barədə paytaxt sakini Bəhruz Nəsirov BAKU.WS-in qaynar xəttinə şikayətində bildirib.

Onun sözlərinə görə, yollarda çıxıntılar düzəldilir.

“Bu zaman yolların giriş-çıxışı daralır. Bu səbəbdən də həmin yollarda müəyyən vaxtlarda tıxac yaranır”, - deyə, Bəhruz Nəsirov bildirib.

Qeyd edək ki, söhbət Seyid Əzim Şirvani küçəsindən gedir.

Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazilərdə yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilib.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin çıxıntılar əsasən avtomobillərin park edilməsi üçün qoyulur.

“Çıxıntılar, xüsusi park yerləri, piyadaların yolu təhlükəsiz keçməsi üçün xüsusi vasitələr qoyulur. Bu əksinə yolda baş verə biləcək hansısa qəzada təhlükəni azaltmaq məqsədi daşıyır. Bu, şəhər infrastrukturu üçün normal bir şeydir. Onsuz da həmin çıxıntı olmayanda kənarda avtomobillər saxlanılır. Burada qeydi-adi bir şey yoxdur”, - deyə, qurum rəsmisi bildirib.