Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilmiş terror dəstəsinin üzvləri barəsində DTX-nın İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir. Tezliklə məhkəmə prosesi başlayacaq. Bu məhkəmə prosesi həm də ona görə mühümdür ki, Ermənistanın tərəfini saxlayan bəzi ölkələr və beynəlxalq təşkilatlar erməni diversantları “əsir” adlandırırlar, Azərbaycanı əsassız ittiham edirlər. İndi onların nümayəndələrinin məhkəməyə gəlməsini də təmin etmək lazımdır ki, bu proses həm də Azərbaycanı haqsız ittiham edənlərin ifşası olsun.
Hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a deyib ki, məsələyə qiymət vermək üçün beynəlxalq humanitar hüququn əsasını təşkil edən mənbələrə baxmaq lazımdır: “Bu mənbələrdə 1949-cu il konvensiyaları kimi tanınan Cenevrə konvensiyaları və onlara əlavə edilmiş 1977-ci il protokollarıdır. Bu sənədləri həm Azərbaycan, həm Ermənistan vaxtı ilə imzalayıblar, təsdiq ediblər, ratifikasiya ediblər. Həmin konvensiyadakı anlayışlara baxanda, çox rahat şəkildə görmək olur ki, hərbi əsirlər kimlərdir. Hərbi əsirlər o şəxslərə deyilir ki, onlar silahlı münaqişə zamanı, müharibə zamanı müharibənin gedişində bu hərbi münaqişənin gedişində və hərbi əməliyyatlardan dərhal sonra bir tərəfin digər tərəfə düşdüyü şəxslər hərbi əsirdir. Hərbiçi olanlar və hərbiçi olmayan şəxslər ola bilərlər. Bu anlayışı və bu yanaşmanı ikinci Qarabağ müharibəsi və ondan sonraki dövrə şamil etsək, çox rahatlıqla deyə bilərik ki, 10 noyabr 2020-ci ildən sonra hərbi əməliyyatlar, nəticədə müharibə faktiki dayandırılıb. Həmin gündən uzun müddət sonra, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində, əllərində silah-sursat, partladıcı maddələr olan şəxslər ələ keçibsə, bu şəxslər hərbi əsir kateqoriyasına aid deyillər. Hərbi əsirlər kimi təqdim edilməyə çalışılan şəxslər hərbi əməliyyatlar dayandırılandan sonra 6 aydan artıq bir müddət ötəndən sonra saxlanılıblar və artıq qeyd etdiyim yanaşmaya uyğun olaraq hərbi əsirlər hesab edilə bilməzlər”.

Hüquq müdafiəçisi: “Müharibədən sonra saxlanılan şəxslər hərbi əsir sayıla bilməz, bunu beynəlxalq hüquq deyir”
Hüquq müdafiəçisi saxlanılan şəxslərin statusu haqda bunları deyib: “Bu şəxslər başqa bir dövlətin vətəndaşlarıdır, hansı ki, Azərbaycanın suveren ərazisinə daxil olublar. Əslində bu şəxslər Azərbaycan sərhədlərini qanunsuz aşdıqları andan cinayət məsuliyyəti daşıyırlar. Üstəlik, suveren dövlətin ərazisinə daxil olduqdan sonra da digər cinayət əməllərini törətməyə cəhd göstəribər, törədiblər. Barələrində müvafiq orqanların, məhkəmələrin qərarları var. Hazırda bu şəxslərin işləri qrup-qrup məhkəmələrə göndərilir və hərbi məhkəmələrdə baxılıb əməllərinə müvafiq hüquqi qiymət verilir”.
Hüquq müdafiəçisi deyir ki, qarşı tərəfin həmin şəxsləri hərbi əsir kimi təqdim etməsi sui-istifadədən başqa bir şey deyil: “Beynəlxalq humanitar hüquqdan sui-istifadə etməyə çalışırlar. Fakt isə budur ki, bu şəxslər hərbi əsir deyillər. Hərbi əsirlər müharibədən sonra mübadilə edilir. Müharibədən sonra saxlanılan şəxslər hərbi əsir sayıla bilməz. Bunu beynəlxalq hüquq deyir”.
Hüquqşünas: “Açıq məhkəmə prosesində Fransanın səfirindən tutmuş bütün ölkələrinin səfirləri iştirak edə bilərlər”
“Bakı Hüquq Şirkəti”nin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ölkə xaricində qışqır-bağır salan dırnaqarası hüquq müdafiəçiləri, özlərini insan haqları fəalları adlandıranlar yaxşı olar ki, Bakı Hərbi Məhkəməsinə gedib prosesdə iştirak etsinlər: “Məhkəmə açıq keçirilir. Əllərində silah, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ələ keçən bu erməninin Şuşa həbsxanasında, Xankəndində işgəncə verdikləri zərərçəkənləri də dinləsinlər. Zərərçəkənlərin ifadələri ilə mətbuatdan tanış olduq. Biri deyir ki, bizi dəyənəklə döyəndə sevinirdik. Çünki adətən onları armaturla, dəmir parçaları ilə döyüblər. Məhkəməyə qədər gəlib çıxan 12 nəfər zərərçəkən var. Bu iki erməninin əlində ölən neçə-neçə azərbaycanlının taleyinə niyə biganə yanaşırlar?”
Hüquqşünas deyir ki, Qərb ölkələri Azərbaycana olduqca aqressiv münasibət sərgiləyirlər: “Biz Vətən savaşında da Fransanın Ermənistana açıq dəstəyini gördük. Biz öz halal torpağımızı işğaldan azad etmək uğrunda mücadilə verəndə, döyüşəndə Fransa Senatı bizi müharibəni dayandırmağa və Füzuli, Ağdam, Cəbrayıl kimi ermənilərin heç zaman yaşamadığı ərazilərdən geri çəkilməyə çağırırdı. Müharibədən sonra Fransa səfiri ”müharibə tamaşa predmeti olmamalıdır" dedi. Halbuki elə həmin səfirin vətənində müharibədə fransızlar tərəfindən öldürülmüş ərəblərin kəllə sümüyü muzeylərdə nümayiş etdirilir. Boş qalmış dəbilqənin nümayişindən təsirlənənlər kəllə sümüyünü bəh-bəhlə nümayiş etdirməkdən həzz alırlar. Odur ki, Qərb ölkələrinin bu tip bəyanatlarına fikir vermək lazım deyil. Təəssübünü çəkdikləri iki erməninin tükürpədən əməlləri haqda xəbərdar olmaq istəyirlərsə, buyursunlar Bakı Hərbi Məhkəməsinə. Azərbaycanda açıq məhkəmə prosesində elə həmin Fransanın səfirindən tutmuş bütün Qərb ölkələrinin səfirləri iştirak edə bilərlər. Qanun buna icazə verir. Qərəzli deyillərsə, gəlib məhkəmədə iştirak etsinlər".
