NATO baş katibi Yens Stoltenberq ABŞ qoşunlarının Əfqanıstan çıxması barədə danışıb. O deyib ki, reallıqla üzləşməliyik, burada çoxlu qeyri-müəyyənlik var: “Ayrılma qərarı risklərə səbəb olur”.
Onun dəyərləndirməsinə görə, ABŞ və NATO qoşunları Əfqanıstandan çıxdıqdan sonra Əfqanıstan hökuməti və təhlükəsizlik qüvvələrinin uğurlu olacağına və hətta sağ qalacaqlarına zəmanət yoxdur.
Maraqlıdır, Əfqanıstandan çıxmaq məsələsində NATO ilə Pentaqon arasında, ya da Ağ Ev arasında fikir ayrılığımı yaranıb? ABŞ qoşunların çıxarılmasında tərəddüdmü keçirir?
İkincisi, Əfqanıstandan bu qədər narahatdırlarsa və bunlar oradan çıxdıqdan sonra vəziyyət yenə əvvəlki kimi olacaqsa, ölkə yenidən Talibanın və digər terrorçu təşkilatların əlinə keçəcəksə, ABŞ-ın, NATO-nun bu ölkədə nə işi var idi?
Üçüncüsü, bu təhlükə varsa, niyə qoşunları oradan çıxarırlar?
Dördüncüsü, Əfqanıstanda yaranacaq yeni durum regionda terrorizmin vüsət almasına səbəb olacaqmı? Bu perspektiv bizi də təhdid edirmi?

Arzu Nağıyev: “Orada maraqlar başqadır”
Deputat, politoloq Arzu Nağıyev: “Düşünürəm ki, NATO nə qədər bəyanat versə də, tam şəkildə hərbi kontingentini oradan çıxarmayacaq. Amerika və digər dövlətlərin orada məxsusi maraqları var. Hərbi maraqlar öndədir. Bu maraqlar çərçivəsində də heç kəs terror təşkilatlarının, Talibanın nəzarətindən kənarda qalmasını istəməz. Bu baxımdan istər xüsusi xidmət orqanları, istər hərbi kəşfiyyat, istərsə də əks kəşfiyyat səviyyəsində olsun, orada öz nəzarətlərini saxlayacaqlar. Müəyyən bir qruplaşma qalacaq. Ola bilsin ki, rəsmi səviyyədə bunların adı NATO qoşunları olmasın, yəni hansısa bir hərbi birləşmələr olsun. Bir sözlə, düşünmürəm ki, tam şəkildə onlar nəzarəti əldən versinlər. Digər tərəfdən, Əfqanıstandan çıxmaq birmənalı şəkildə Orta Asiyaya nəzarəti itirmək deməkdir. Burada yeri ya Rusiya, ya da Çin tuta bilər. Ona görə inandırıcı görünmür ki, NATO tam şəkildə oranı tərk etsin. Orada çox ciddi litium yataqları var. O yataqlarla bağlı da deyə bilərəm ki, çox bahalı, perspektivli, hətta dördüncü sənaye inqilabında istifadə oluna biləcək ən mühüm materialdır. Bunların hamısı üzdə olandır. Əfqanıstan çox strateji əhəmiyyətli, eyni zamanda maraq doğuran bir dövlətdir. Burada hərənin öz marağı var. Yadınızdadırsa, 80-cı illərdə rus qoşunları orada olduqdan sonra nəzarət tam şəkildə başqa kontingentə keçdi. Bir sözlə, orada maraqlar başqadır”.
![]()
Əhəd Məmmədli: “Əfqanıstanı tarixdə bir dövlət fəth edə bilib, o da...”
Deputat proseslərin Azərbaycana nə dərəcədə etkisinin ola biləcəyindən də söz açdı: “Əfqanıstanla Azərbaycan arasında münasibətlər normal şəkildədir. Biz dövlət və dövlətçiliyi dəstəkləyirik. Azərbaycan kontingentinin orada işi sülhməramlı missiyanı həyata keçirməkdən ibarət idi. Müəyyən daşınmalar həyata keçirilirdi. Düşünmürəm ki, Azərbaycan üçün elə də ciddi təhdid olsun”.
Siyasi şərhçi Əhəd Məmmədli NATO baş katibini qorxudan səbəbləri sadaladı: “Stoltenberq müəyyən mənada haqlıdır. Amma NATO işğalı da Əfqanıstana kifayət qədər böyük faciələr gətirdi. NATO Əfqanıstanda qoyduğu hədəflərə böyük ölçüdə çatmadı. Ən əsası Talibanı məğlub edə bilmədilər. NATO və ABŞ-ı qorxudan odur ki, Əfqanıstanı tərk edəndən sonra Taliban hərəkatı yenidən ölkədə hakimiyyəti əlinə alacaq. SSRİ qoşunları məğlub olub Əfqanıstanı tərk edəndə hakimiyyətə qoyduğu molla Nəcibullanı mücahidlər asdılar. Stoltenberqi də qorxudan odur ki, eyni hadisə onlar Əfqanıstanı tərk edəndən sonra təyin etdikləri əfqan iqtidarının başına gələcək. ABŞ və NATO Əfqanıstanı işğal etmək istədilər, amma bunu bacarmadılar. Böyük Britaniya və SSRİ-nin Əfqanıstandakı taleyini ABŞ da təkrarlamaqdadır. XIX əsrin ən böyük imperiyası Böyük Britaniya, XX əsrin ən nəhəng dövləti SSRİ, XXI əsrdə isə bir nömrəli superderjava ABŞ Əfqanıstanda eyni məğlubiyyət aqibətini yaşadılar. Əfqanıstanı tarixdə bir dövlət fəth edə bilib, o da Nadir şah Əfşarın türkmənlər imperiyası olub. Fikrimcə, ABŞ Əfqanıstandan tam çıxandan sonra Taliban bir-iki ilə bu ölkədə iqtidara qayıdacaq. Güman edirəm ki, Taliban hakimiyyətdə olduğu dövrdə buraxdığı səhvlərdən nəticə çıxarıb təkcə puştunların deyil, Əfqanıstanda olan bütün millətlərin hakimiyyəti olacaqlar. ABŞ Əfqanıstanı tərk edəndən sonra Taliban bu ölkədə hakimiyyətə qayıtsa, bu müttəfiq qoşunların fiaskosu olacaq. ABŞ da ikinci Vyetnam sindromunu yaşamış olacaq”.
