Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin virtual konfransı keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, konfransda ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa, təşkilatın Avropa Regionunun 53 üzv dövlətinin gömrük xidmətlərinin rəhbərləri iştirak edib.
Qeyd edək ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu ÜGT-nin Avropa Regionuna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rəhbərlik edir. Konfransa da Dövlət Gömrük Komitəsi adından Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev sədrlik edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev konfransda region üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunacağına, beynəlxalq əməkdaşlığın güclənməsi, gömrüyün gələcək inkişafı üçün vacib qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan gömrüyünün pandemiya dövründə də bir sıra mühüm yeniliklərə imza ataraq uğurla inkişaf etdiyini vurğulayan Komitə sədri informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb. Qeyd olunub ki, cari ildə bir tondan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb ki, bu da cəmiyyətin sağlamlığının qorunmasına mühüm töhfədir.
