|
Bakıdakı ruslar “Sputnik-V”yə etibar edirlər

Səhiyyə Nazirliyi  “Pfizer” vaksininin ödənişlə vurulması iddiasına aydınlıq gətirib

Ümumdünya Səhiyyə Təşkilatının  Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib ki, koronavirusa yoluxma riskini yalnız planetdəki bütün insanların ən azı 80 faizi peyvənd olunduğu təqdirdə azaltmaq mümkün olacaq: "Düşünürük ki, yayılmanı əhəmiyyətli dərəcədə azaltmaq üçün dünya əhalisinin təxminən 80 faizi peyvəndlənməlidir".

Yeri gəlmişkən, daha bir xəstəliyin yayıldığı barədə xəbərlər var. Mukormikoz və ya “qara kif” kimi tanınan bu xəstəlik artıq Misir, Meksika və İraqda da qeydə alınıb. Xəstəlik immuniteti zəif olan şəxslər üçün ciddi təhlükə törədir. Onların sırasına koronavirusdan sağalan insanlar da aiddir. Müxtəlif nəşrlərdə bu xəstəliyə yoluxan xəstələrin həyatını qurtarmaq üçün onların əllərinin amputasiya edildiyi, gözlərinin çıxarıldığı bildirilir. Bəs görəsən, bu xəstəliyin bizim ölkəmizə gəlib çıxma ehtimalı nə qədərdir? 

Bu arada iyunun 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşların “Pfizer” vaksinindən də istifadəsinə başlanıb. Belə iddialar var ki, guya bu vaksini vurdurmaq üçün ödəniş tələb edilir.

Ölkəmizdə insanların ən çox Çinin “CoronaVac” peyvəndinə etibar etdiyi  də deyilir. “Sputnik-V” vaksinini isə əsasən ölkəmizdə olan rus və rusiyalılar istifadə edir. Bizimlə söhbətdə Bakıda yaşayan rus əsilli Yuliya Baqrova bildirir ki, ailəsi “Sputnik-V” vaksinini seçib: "Bəli, biz Rusiyanın vaksinini seçmişik. Əslində qonşumuz Vera Yurevna bizə bunu məsləhət gördü.  Anam ilk doza peyvənd olundu. Deyirlər, “Sputnik-V”  vaksinlər içində ən yaxşısıdır. Biz maraqlandıq, Rusiyanın ən məşhur blogerləri də bu peyvəndi məsləhət görürlər, özləri də “Sputnik-V” vurdurublar və yan təsirinin olmadığını deyirlər. Biz də ona görə bunu seçdik".

Yeri gəlmişkən, Azərbaycan-Rusiya əczaçılıq zavodunda “Sputnik-V” koronavirus vaksininin istehsalı planlaşdırılır. Bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib. O bildirib ki, bir müddət əvvəl Azərbaycanda açılmış zavodda artıq müəyyən məhsullar istehsal olunur: “Mənə məlum olduğu qədər, zavodda Rusiya vaksininin istehsalı planlaşdırılır”.

Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: ""Qara kif", “Qara göbələk” kimi tanınan xəstəlik dünyanın hər yerində var. Bu, nəmişlik olan yerdə inkişaf edən göbələkdir. Siz onu divarların dibində, vanna otaqlarında, meşələrdə, müxtəlif yerlərdə görə bilərsiz. Bu xəstəlik dünyanın hər yerində yayılıb. İmmun sisteminin zəifliyi fonunda bu baş alıb gedə bilər. Hindistandakı situasiya ona bağlıdır. Çünki ikili mutasiya getmiş ştamm yayıldı, 340 min insan dünyasını dəyişdi. Xeyli xəstə də var. İmmun sistemi zəifləmiş adamlarda “Qara kif” xəstəliyinin yayılmasına şərait yaranmış olur. Bu, post-COVİD sindromu fonunda yayılır. Düşünürəm ki, bunun bizim üçün ciddi təhlükəsi yoxdur. Sadəcə olaraq, COVİD keçirən insanlar özlərini ciddi şəkildə gözləməlidirlər".

Həkim gələcəkdə vaksinlərin  ödənişli olması məsələsinə də fikir bildirib: "Fikrimcə, peyvənd dövlət proqramı çərçivəsində həyata keçirildiyindən hələlik ödənişsizdir. Amma ödənişli peyvəndlərlə bağlı zərurət ortaya çıxarsa, bu mümkündür. Hələlik belə bir zərurət yoxdur".

Səhiyyə Nazirliyi isə “Pfizer” vaksininin ödənişlə vurulması iddiasına aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu iddialar əsassızdər, peyvəndlər pulsuz olaraq tətbiq edilir.