|
Uzaq Çin Azərbaycana niyə yaxın olur?

Ekspertlər deyir ki, güclü iqtisadi təsir rıçaqları olan Çinlə əməkdaşlıqda ehtiyatı əldən vermək olmaz...

Çin və Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə olsa da, son illər beynəlxalq əlaqələrdə yaxınlıq var. Bu da bəzi suallara yol açır ki, səbəbsiz deyil.

Belə ki, Çin daha çox Rusiya bucağında yer alır, yəni Amerika başda olmaqla, Qərb dünyası tərəfindən qəbul edilməyən bir gücdür. Belə olan təqdirdə bu münasibətlərin müəyyən problemlərə yol aça biləcəyini ekspertlər də dilə gətirirlər.

Bəs Azərbaycan Çinin yeni dünya planlarında hansı yeri tutur? İki ölkə arasında əlaqələr necə davam edəcək? Bu əlaqələrin iqtisadi tərəfləri ayrı, amma siyasi anlamda bizə nə verə, nə ziyan vura bilər?

Çin ABŞ kimi dövlətin hədəfindədir və Pekini az qala dünya üçün təhdid hesab edirlər. Asiyanın şübhəsiz ki, superdövləti olan Çinlə siyasi məkanda da yaxınlıq bizə nə qazandıra bilər?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, xarici ticarət dövriyyəsi 5 trilyon dollar ətrafında olan Çinin Azərbaycan üzərindən yüklərin Qərbə və əksinə daşınması ilə bağlı böyük maraqları var: “Çin bu gün ümumdünya fabrikası funksiyasını yerinə yetirdiyindən bu yüklərin qısa yolla daşınması iqtisadi cəhətdən onun üçün olduqca maraqlıdır. Əgər okeanlar və dənizlər vasitəsilə bu yüklər Çindən Avropaya 30-35 günə çatdırılırsa, eyni yüklər quru yolla Azərbaycan üzərində Avropaya 13-15 günə çatdırıla bilər.

Fikrət Yusifov: "Ölkədə real sektorun inkişafına ciddi bir təkan olacaq"

Fikrət Yusifov

Bu isə kapitalın dövriyyəsinin sürətlənməsi və nəticə etibarı ilə onun sahibinə 2-3 dəfə çox gəlirin əldə olunmasına şərait yaradılması deməkdir. Əks halda, adi bir şəhərində Azərbaycanın əhalisindən 4-5 dəfə çox insan yaşayan bu ölkənin Azərbaycanda elə ciddi bir marağının olması mümkün deyildi”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirləri olduqca diqqət çəkir: “Azərbaycan Çinlə iqtisadi, ticarət və regional əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ancaq Çinlə əməkdaşlıqda ehtiyatı da əldən vermək olmaz. Misal üçün, biz Ələt limanı üzərindən Avropaya daha çox Çin məhsulunun çatdırılmasını istəyirik. Bununla həm Bakı-Tiflis-Qars dəmir yolu tam gücü ilə işləyəcək, həm də gələcəkdə Zəngəzur dəhlizinə faydası olacaq. Ancaq Ələt limanına Çin şirkətlərinin sahib olması maraqlarımıza uyğun deyil. Çünki Çinin yatırımlarının ardınca, başqa istəkləri də gələ bilər. Mərkəzi Asiyadakı durum buna sübutdur. Çinin illərdir Mərkəzi Asiyada nüfuzu artır. SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri Çinlə yaxınlaşmağa başladılar. Bu, ilkin illərdə tərəflər üçün faydalı idi. Çin Mərkəzi Asiya ölkələrinə kreditlər verir, əvəzində bu ölkələrin yataqlarını əldə edir və infrastruktur çalışmaları həyata keçirirdi. Pekin ilkin illərdə yatırım qoyduğu ölkələrin siyasətinə qarışmırdı. Buna baxmayaraq, münasibətlərdə gərginlik illər keçdikcə tədricən artır. Misal üçün, yalnız 2019-2020-ci illərdə Mərkəzi Asiya ölkələrində Çinin yatırımlarıyla bağlı 40-a yaxın insident qeydə alınıb. Səbəblər müxtəlif olub. Çində uyğurlara qarşı edilən zülmdən tutmuş Çin şirkətlərinə verilən torpaq sahələrinə qədər mövzularda yerli əhali ilə çinlilər arasında toqquşmalar olub. Məsələ burasındadır ki, Çin yatırım qoyduğu ölkələrdə çinli işçiləri yerləşdirməyə çalışır, bu isə yerlərdə narazılıq yaradır. Qırğızıstanda bir ara vəziyyət o həddə gərginləşdi və Çin əleyhinə o qədər aksiya təşkil edildi ki, bu ölkənin keçmiş prezidenti vətəndaşlarına xəbərdarlıq etmək məcburiyyətində qaldı. Halbuki Çin yalnız Bişkekdəki elektrik stansiyanın yenidən qurulması üçün 386 milyon dollar yatırım qoyub. Özbəkistanda da eyni vəziyyətdir. Bu ölkənin Çinə olan borcu ümumi gəlirinin 16 faizi həcmindədir. Yığılan borc Çinə imkan verir ki, bu ölkələrə təsirini artırsın. Pekinin Mərkəzi Asiya ölkələri ilə qeyri-rəsmi razılaşmaları mövcuddur. Bu razılaşmalara görə, bu ölkələr Çinə olan borcun qarşılığında Çin şirkətlərinə daha çox imkanlar yaratmaq məcburiyyətindədirlər. Çin Qərb ölkələrindən fərqli olaraq investisiya yatırmaq üçün ölkələrə ağır şərtlər irəli sürmür, layihələrin icrasında şəffaflıq və xüsusi hesabatlılıq tələb etmir, razılaşmalar şifahi vədlər əsasında hazırlanır. Bəzən bu kimi hallar böyük korrupsiyaya səbəb olur. 

Qırğızıstanda aparılan araşdırma nəticəsində bəlli olub ki, Çin mallarının böyük hissəsi Qırğızıstana rəsmiləşdirilmədən daxil olurmuş. Bundan bir sıra gömrük işçiləri varlanıb. Çin son illərdə Mərkəzi Asiyada möhkəmlənən mövqelərindən istifadə edərək hakimiyyətə iddialı olan siyasətçilərlə sıx əlaqələr qurub. Həmin siyasətçilərin bir qisminin yaxınlarının Çinlə böyük ticarət sövdələşmələri və ya birgə şirkətləri var. Bu, Pekinə imkan verir ki, əlindəki alətlərdən istifadə edərək Mərkəzi Asiya dövlətlərinin daxili və xarici siyasətinə nüfuz edə bilsin. Başqa sözlə, Mərkəzi Asiyada son 20 ildə formalaşan siyasi və iqtisadi elita nə Rusiyaya, nə də Qərbə bağlıdır. Çinə bağlılıq artır. Çinin maliyyəsi çoxdur və yatırım qoymağa məkanlar axtarır. Pekin bu məkanları özü üçün müəyyənləşdirərkən dünyanın özü kimi böyük güc mərkəzlərini qabaqlamağa çalışır. Bunun yolu isə həmin dövlətlərə şirnikləndirici təkliflərdən keçir. Pekin eyni siyasəti Əfqanıstanda da həyata keçirməyə çalışır. Kasıb və iqtisadiyyatı uzun illərin müharibələrindən dağınıq vəziyyətə düşən Əfqanıstanın xarici investisiyalara ehtiyacı var. Əfqanıstana böyük investisiyaları yatıra biləcək tək ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələrini Əfqanıstanla birləşdirəcək regional layihələri maliyyələşdirməyə də hazırdır. Bununla Çin ətrafındakı həm iqtisadi, həm təhlükəsizlik, həm də asılılıq çənbərini genişləndirməyə çalışır”.