Vətəndaş əmin olur ki, başına bir hadisə gəlsə, yaxınları heç bir problem yaşamadan sığorta ödənişini alacaqlar
Azərbaycanda sığorta bazarı getdikcə genişlənir. İldən-ilə toplanan sığorta haqları, insanlara verilən sığorta ödənişlərinin həcmi artır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2020-ci ildə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 728 milyon 634 min manat həcmində sığorta haqqı yığılıb. Hesabat ilində şirkətlər tərəfindən 465 153 min manat həcmində ödəniş həyata keçirilib.
Hesabata əsasən, sığorta yığımları ötən il 7 faiz artıb, ödənişlərdə isə 54,3 faiz artım qeydə alınıb. Koroanvirus pandemiyasının tüğyan etdiyi bir ildə sığorta yığımlarındakı artımın əsasında həyat sığortası növləri üzrə artım dayanıb. Belə ki, 2020-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 303 milyon 744 min manat sığorta haqqı toplanıb. Bu, 2019-cu illə müqayisədə 13,6 faiz çoxdur. qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 424 milyon 890 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,7 faiz çoxdur.
2021-ci ilin yanvar-aprel ayında isə ölkədə fəaliyyət göstərən 5 həyat sığortası şirkəti tərəfindən ümumilikdə 134 milyon 305 min manat məbləğində sığorta haqqı toplanıb. Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 16,1 faiz çoxdur. Ötən dörd ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 204 milyon 802 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,7 faiz çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2 dəfə artaraq 102,051 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40 faiz artaraq 77,738 milyon manata çatıb. Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 76 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 43,2 manat və 28,4 manat olub.

Həyat sığortası nədir və bu sığorta növü üzrə artım nə ilə bağlıdır? Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
Həyat sığortası birbaşa şəxsin həyatı ilə bağlıdır. Hətta sovet dövründə də həyat sığortasının bir neçə növündən istifadə etmək olurdu. Ən populyar olan isə uşaqların sığortası idi. Həyat sığortasının sığorta obyektinə görə bir neçə növü var. Bunlar Həyatın ölüm halından sığortası; Həyatın yaşam sığortası; Annuitet sığortası; Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və Sağalmaz xəsəliklərdən sığortadır.
Həyatın ölüm halından sığortası - Sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutulan sığorta növüdür.
Həyatın yaşam sığortası - Bu sığorta növü müəyyən olunmuş müddət ərzində sığorta ödənişinin sığorta olunanın sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun müqaviləsinin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası deməkdir.

Annuitet sığortası - Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir. Ümumiyyətlə, annuitet istər periodik ödənilən məbləğin alınmasını, istərsə də onun ödənilməsini bildirir.
Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu sığorta növü icbari xarakter daşıyır, sığorta haqqı həm işəgötürən, həm də işçi tərəfindən bərabər ödənməklə əmək haqqının 1 faizə qədərini əhatə edir.
Sağalmaz xəsəliklərdən sığorta - könüllü olub, sağalmaz xəstəliklərdən sığortada müqavilənin qüvvədə olduğu müddəti əhatə edir. Sığorta olunan sağalmaz xəstəliklərdən sığortalanır və sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin 100 faizədək ödənilməsi nəzərdə tutulur.

Azərbaycanda həyat sığortasına marağın artması nə ilə bağlıdır? Bu sığorta növünü tənzimləyən qanunverici baza nə qədər təkmildir? Sığorta sahəsi üzrə mütəxəssis İlkin İbrahimovun dediyinə görə, həyat sığorta növləri sosial xarakter daşıyır: “Çünki bu sığorta növləri yığım xarakterlidir. Digər sığorta növlərindən fərqi ondan ibarətdir ki, sığorta haqları yığılır və müəyyən müddətdən sonra vətəndaşa toplu halda geri qaytarılır. Məsələn, 3-5 il müddətində sığorta haqqı ödəyirsən, həmin müddət başa çatandan sonra ödədiklərinin hamısını geri alırsan”.
Mütəxəssis bildirir ki, həyat sığortası üzrə ödənişlərin indiki artımının əsas səbəbi 5 illik müqavilələrin başa çatmasıdır: “2016-cı ildə bağlanan müqavilələrin müddəti bu il başa çatır. Ona görə də yığılan haqlar geri ödənilir. Yığımların çoxalması isə vətəndaşların bu sığorta növünə marağının artmasından xəbər verir”.
Həyat sığortası üzrə ödənişlərin həcminin artması Vətən müharibəsində şəhid olan, yaralanan şəxslərə ödənişlərin edilməsi ilə bağlıdırmı? İ.İbrahimov belə bağlılığın olmadığını deyir: “Vətən müharibəsində şəhid olan, yaralanan vətəndaşlara ödənişlər icbari şəxsi sığorta çərçivəsində ödənilir. Bunu ”Azərsığorta" həyata keçirir. Bu ilin yanvar-aprel aylarında həm həyat sığortası, həm də icbari şəxsi sığorta üzrə yığımların artması müşahidə olunur. Burada icbari şəxsi sığorta üzrə yığımlarda müharibə iştirakçıları ilə bağlı yığımlar rol oynayır".
Azərbaycanda həyat sığortası ilə bağlı qanunvericilik kifayət qədər təkmildir. İ.İbrahimov bildirir ki, ölkəmizdə ən çox sığorta yığımları məhz bu növ üzrə toplanılır: “20 sığorta şirkəti arasında 5 həyat sığortası şirkətinin yığımları daha yüksəkdir. Bir neçə il əvvəl Vergilər Məcəlləsinin 102-ci maddəsinə mühüm dəyişiklik olundu. Orada qeyd edilir ki, vətəndaşın əmək haqqının 50 faizdən yuxarısı vergidən azaddır. Bu azad olan hissəni vətəndaş 3-5 illik həyat sığortaları ilə kompensasiya edə bilər. Həyat sığorta şirkətləri son illərdə bu növün uğurlu təbliğini qura biliblər. Azərbaycanda ən az şikayətlər məhz həyat sığorta növlərində qeydə alınır. Bu da ondan irəli gəlir ki, qanunvericilik detallı və dəqiqdir”.
Müsahibimizin sözlərinə görə, həyat sığortasına marağı daha da artırmaq üçün təbliğat işlərinin genişləndirilməsi vacibdir: “Həyat sığortasında 3 tərəf var: işəgötürən, sığortalı və sığortaedən. İşəgötürən ona görə iştirak edir ki, vətəndaşın aldığı rəsmi əmək haqqının 50 faizi həyat sığortasına cəlb edilə bilər. Uzunmüddətli pensiya yığımlarını yaşı çatanda almaq üçün vətəndaşlar xeyli sayda tələblərə cavab verməlidilər. Bir çox hallarda bu tələblərə cavab vermək olmur və neçə illər sosial sığorta ödəməsinə baxmayaraq, vətəndaş pensiya deyil, yaşa görə müavinət almalı olur. Amma həyat sığortasında belə deyil - 3 il, 5 il müddətində ödənişini edirsən və sonda mütləq ödənişini alırsan. Burada yeganə şərt vətəndaşın qanuni əmək münasibətlərində olması, iş yerinin prosesə etirazının olmamasıdır. Buna görə də vətəndaşlar getdikcə bu sığorta növündən daha çox yararlanmağa başlayırlar”.
Göründüyü kimi, həyat sığortasından yararlanmaq üçün vətəndaşın rəsmi əmək müqaviləsinin olması əsas şərtlərdən biridir. Bu isə Azərbaycanda səviyyəsi yüksək olan kölgə iqtisadiyyatı şəraitində bu sığorta növünün inkişafı qarşısında ciddi problemin olması deməkdir. Belə görünür ki, son illərdə kölgə iqtisadiyyatına qarşı mübarizə, əmək münasibətlərinin rəsmiləşməsi istiqamətində atılan addımların həyat sığortasına müraciət edənlərin sayındakı artımlarda mühüm rolu olub.
Həyat sığortası könüllü sığorta olmaqla, sığorta hadisəsi baş verdikdə ödənişin alınmaması ehtimalı olmayan sığorta növüdür: “Vətəndaş əmin olur ki, başına bir hadisə gəlsə - xəstələnsə, yaralansa özü, həyatını itirsə, yaxınları heç bir problem yaşamadan sığorta ödənişini alacaqlar”.
