|
Avropa Məhkəməsi ölkəmizlə bağlı 6 qərara baxır - hüquqşünas gözləntiləri açıqladı

Altı qərar ərizəçilərin siyasi və sosial iştirakçılığa, bir qərar - “Sarqsyan Azərbaycana qarşı”, digəri İnsanovun oğlunun şikayəti üzrədir; vəkil: “Qərarların icrası ölkənin imici deməkdir”

İyunun 7-si Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin görüşü başlayıb. “Yeni Müsavat” bildirir ki, görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan da daxil, qərarlarının icra durumu müzakirə edilir. Nazirlər Komitəsinin Azərbaycan üzrə nəzarətə götürdüyü 3 qərar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.

Altı qərar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılığa, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Avropa İnsan Hüquqları Konvensiyasına zidd olaraq məhkəməyə qədər həbsləri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bir qərar - “Sarqsyan Azərbaycana qarşı” işi üzrə qərar mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir. Digər qərarlardan biri sabiq səhiyyə naziri Əli İnsanovun oğlunun şikayəti üzrədir.

Əslində bir çox hallarda adi işlər yerli məhkəmələrin səhlənkarlığı ucbatından Avropa Məhkəməsinədək gedib çıxır. Bu baxımdan Azərbaycanda məhkəmələrin müstəqil olması, bu yöndə islahatların dərinləşməsi son dərəcə zəruridir. Lakin biz görürük ki, məmurların nüfuzu, məhkəmələrin qeyri-azad olması üzündən Azərbaycanla bağlı mülkiyyət işləri, siyasi işlər Avropa Məhkəməsinə göndərilir. Bu müraciətlərin sayının azaldılması məhz yerli məhkəmələrin müstəqillik imkanlarının artırılmasından asılıdır. Hazırda AİHM-də baxılan 6 işlə bağlı vəziyyət nə yerdədir?

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev 

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarına nəzarət edir. Onun sözlərinə görə, bəzi qərarlar komitə tərəfindən qüvvəyə minir və üç ay müddətində icra olunmalıdır, bəziləri isə palata tərəfindən olur, üç aylıq şikayət müddəti verilə bilər: “Şikayət verildiyi halda ona baxılmaq müddəti başa çatanda, yaxud təmin olunmayanda icrası qüvvəyə minir. Bir sözlə, komitənin 3, palatanın uzaqbaşı 6 ay ərzində qərarı icra olunmalıdır. Çox təəssüf ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasında 47 ölkədən axırıncı yerlərdən birini tutur. Bu da hər zaman tənqid olunur”.

Ə.Mustafayev qeyd etdi ki, qərarların icrası ölkənin imici deməkdir: “Bu, beynəlxalq yanaşma, məsuliyyət deməkdir, həm də siyasi hadisədir, digər ölkələr qarşısında etibar qazanmaq anlamına gəlir. Çünki hansısa xarici müəssisə Azərbaycana investisiya yatıranda ölkənin hüquqi imicinə baxır. Yəni sabah onun işinə problem yaransa, dövlət buna necə yanaşacaq. Ona görə bu qərarlar bütün iqtisadi-siyasi sahələri əhatə edir. Ona görə həmişə hökumətə müraciət edirik ki, öhdəliklər icra olunsun”.

Vəkilin sözlərinə görə, Sarqsyanın Çıraqovla Avropa Məhkəməsində olan işində iştirak edib: “Məndə məlumat yoxdur ki, Çıraqovun qərarı Ermənistan tərəfindən icra olunub, ya yox... Ola bilsin Azərbaycan deyə bilər ki, qoy əvvəlcə erməni tərəfi icra etsin, sonra biz, ya da deyilə bilər ki, Sarqsyan gəlib əmlakına yiyə dursun. Amma gələr, ya gəlməz, deyə bilmərik. Bütövlükdə icra olunmayan qərarlar var”.

Qeyd edək ki, 1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasını həyata keçirir.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub. Avropa Şurası Nazirlər Komitəsinin 15 mart 2021-ci il hesabatına görə, Avropa Məhkəməsinin Azərbaycanla bağlı ümumilikdə 287 qərarının icrası nəzarətə götürülüb, həmin qərarların 43-nün icrasına nəzarət qapadılıb.