Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Deputatlar müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin lehinə səs veriblər.
Maliyyə naziri Samir Şərifov səsvermədən sonra söz alaraq deputatların səsləndirdiyi fikirlərə, irad və təkliflərə münasibət bildirib. Məmurlarla bağlı səslənən tənqidi fikirlərə reaksiyasında nazir bildirib ki, heç kim deputatların hansısa məsələni qaldırdığına görə irad tuta bilməz. S.Şərifovun sözlərinə görə, deputatlar istədikləri məsələləri istədikləri qədər parlamentdə qaldıra, hətta hansısa məsələlərin həllinə hökuməti məcbur etmək üçün qanun da qəbul edə bilərlər.
“Bəzi emosianal çıxışlara baxmayaraq deputatların təkliflərinə baxılır və cavablar verilir. Cavabların verilməməsi ondan ibarətdir ki, konkret qərar qəbul edilməyib”, - deyə, S.Şərifov bildirdi.
Maliyyə naziri qeyd edib ki, ötən ilin büdcəsi böhran ilinin büdcəsi idi:
“Bizim iqtisadiyyatımız geriləmişdi. Hökumətin gördüyü tədbirlər hesabına bu tənəzzül daha geniş olmamışdı”.
S.Şərifov Göytəpə arxeoloji kompleksinə vəsait ayrılması ilə bağlı məsələnin gündəmdə olduğunu da bildirib.
