|
“Buyursunlar, Minsk qrupu şansından istifadə etsinlər” - Politoloqun təhlili

Ermənistanda erkən parlament seçkilərinə bir neçə gün qalmış seçkidə iddialı olan Nikol Paşinyan ötən həftə təbliğat və təşviqat prosesini 2018-ci ildə onu bu vəzifəyə təyin edən Avropada, daha dəqiq Parisdə və Brüsseldə davam etdirdi. Çünki o seçkinin gedişatına heç bir təsir göstərə bilməyən ölkə vətəndaşlarının nəinki dəstəyini qazana bilməyib, heç ölkədə seçki mühiti belə formalaşdıra bilməyib.

Bütün təhlillərin, siyasi araşdırmaların və sosial sorğuların nəticələri də göstərir ki, yenicə müharibədən kapitulyasiyaya uğramış vəziyyətdə çıxmış Ermənistanın insanını seçki maraqlandırmır.

Küləyin istiqamətindən tez və çox mövqe dəyişməkdə olan siyasi flüger olması Paşinyanın Moskvaya sədaqətini nümayiş etdirməsinə və onun dəstəyini tam qazanmasına mane oldu. Elə buna görə də, məzlum Paşinyan yenidən, üç il ərzində ümidlərini doğrultmadığı sahiblərinə üz tutmaq məcburiyyətində qaldı.
Heç bir qanunun işləmədiyi Ermənistanın seçki qanunvericiliyini də ayaqları altına alan bu şəxs, onunla demək olar ki, eyni siyasi taleni bölüşən Makronla görüşü zamanı Parisdə bir sıra sərsəm bəyanatlar da səsləndirməyi unutmadı.

Açıq şəkildə böyük etirazla qarşılanan Parisdə maksimum diqqət və rəğbət qazanmaq məqsədilə onu və dövlətini xilas etmək üçün 10 noyabr gecə saatlarında yuxusuna haram qatdığı Rusiya dövlətinin bostanına da daş atdı. Təbii ki, bizi nə ölkə daxilində, nə də beynəlxalq aləmdə heç bir siyasi imici və reputasiyası olmayan Paşinyandan daha çox, ona qucaq açan və uzun illər ərzində Azırbaycanla yüksək münasibətləri olan Fransa kimi dövlətlərin münasibəti daha çox maraqlandırırdı.

Yenə də, artıq təəccüblənmədiyimiz və son dövrlər hərtərəfli olaraq artan nüfuzumuza qısqanclığın təzahürü olan eyni ikiüzlü münasibəti gördük. Bir daha Prezident İlham Əliyevlə və digər dövlət rəsmilərimizlə görüşlər və danışıqlar zamanı sərgilənən münasibətin və mövqenin tam əksinin şahidi olduq.
Ancaq bu dəfə, haqq verməsək belə, onları hardasa anlamağa çalışırıq. Çünki, yürütdüyümz uğurlu diplomatiya və xarici siyasətlə 44 günlük müharibədə gizli olaraq hərtərəfli dəstəyin olmasına rəğmən döyüş meydanında tək qalmaları şəraitini təmin etdiyimiz Ermənistanla yanaşı onun dəstəkçilərini və havadarlarını da məğlub etdik. Bax bunu həzm edə bilməmələrini və hələ uzun illər ərzində qəbullana bilməyəcəklərini başa düşürük.

Düşmənimizdən nəsillərin intiqamını almağımıza səbəb olan Vətən müharibəmizdə, onunla paralel və ondan sonra baş verən proseslər bizə və dünyanın reallığı görmək istəyən hissəsinə çox şeyləri aydınlaşdırdı. Canlı şahidi olduğumuz bu acı reallıqları dilə gətirməklə görmə qabiliyyəti olmayanların eşitmələrini də təmin etmək missiyasını müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev öz üzrinə götürüb və uğurla həyata keçirtməkdədir. Özünün hələ də davam edən geniş müsahibələrində və çıxışlarında dünyaya çatdırmaqdadır ki, əslində otuz ilə yaxın müddətdə Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək görüntüsünü yaradanların əsas məqsədi tam başqa olub. Onlar Azərbaycanın vahid və dəmir yumruqla həll etdiyi münaqişənin həllinə deyil, əksinə onu maksimum şəkildə uzatmaqla bundan, günü-gündən nüfuzu artan və regionda söz sahibi olan Azərbaycana qarşı manipulyasiya aləti kimi istifadə etməyə çalışıblar. Uzun zamanların məkrli planını pozan Azərbaycanın bu cür hədəfə gəlməsi anlaşılandır.

Ermənistanın vətən müharibəsindən sonra regionumuzda müəyyənləşdirdiyimiz region və qonşu ölkələrlə yanaşı, dünyanın aparıcı dövlətlərinin də qəbul etməkdə olduğu reallığa zidd olan addımlarına münasibətdə prinsipial mövqe ortaya qoymalı tərəflərdən biri də şimal qonşumuzdur. Ermənistanın forpostluq etdiyi və regionda sülhməramlı missiyanı öz üzərinə götürən Rusiya regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması ilə bağlı çox böyük məsuliyyət üstlənib. Təbii ki, keçiriləcək seçkiyə hesablanmış bəzi təxribat xarakterli bəyanatların verilməsinin və məkrli addımların atılmasının Rusiya dövləti tərəfindən elə seçkiyə qədər gözardına alınması məlumdur. Ancaq regionda sülh və təhlükəsizlik şəraitini birmənalı şəkildə istisna edən minalarla bağlı problem bu qəbildən ola bilməz və regionda məramı sülh olan Moskvanın bu məsələdə prinsipial mövqe sərgiləməsinin zamanıdır.

Əks təqdirdə addımbaşı minaların basdırıldığı həmin ərazilərdə sülhdən söhbət gedə bilməz və Rusiya sülhməramlı kontingenti üçün də həyati təhlükə təşkil edən həmin minalar partladıqca sülhməramlı missiyaya da ciddi zərbə vurmaqdadır. Ona görə də, Rusiya dövləti də mövcud mina xəritələrinin Azərbaycana təqdim edilməsi üşün çox qısa zaman ərzində real iş görməli və konkret mövqe ortaya qoymaldır.

Prezident İlham Əliyevin dili ilə Azərbaycan bütün dünyaya isbat etdi ki, “islamafobiya” və “türkafobiya” ilə yanaşı planetimizə sahiblik iddiasında olan güclərdə artıq yeni bir fobiya da yarnıb. “Azərbaycanafobiya” adlanan və bir çox dövlətlərin və təşkilatların yuxularına haram qatan bu qorxu 44 günlük müharibədən sonra açıq şəkildə sezilməkdədir.

Azərbaycanın dövlət başçısı açıq şəkildə dünya güclərinə izah etməyə çalışır ki, Azərbaycansız onlar üçün Cənubi Qafqaz, Cənubi Qafqazsız da şimaldan Rusiyanın, cənubdan da İranın qapatdığı şərq dünyasına giriş yoxdur. Cənubi Qafqazda isə üç dövlətin olmasına baxmayaraq, regionun şimalından cənubuna qədər uzanan və Qərbin ən əsas rəqiblərindən olan Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə dövlət Azərbaycandır.

Bütün bunlara görə, onların özlərinin də, region və qonşu dövlətlərin də çox gözəl bildiyi bu məqamın bizə də bəlli olduğunu bir daha diqqətlərinə çatdırdıq. Artıq seçim onlarsız da demək olar ki, həllini tapmış keçmiş Qarabağ münaqişəsini əslində planlaşdırılmadıqlarını, vasitəçilik edərək həllinə nail olmaqda səmimi olduqlarını və ən nəhayət, Azərbaycana qarşı heç bir fobiya daşımadıqlarını isbat etməklə bağlı ikiüzlü siyasət yürüdənlərdədir.

Buyursunlar, 44 gün ərzində həll olunan münaqişəni otuz ilə həll edə bilməyənlər vasitəçi kimi ortaya atdıqları və bu gün də heç bir təklif ortaya qoymadan vasitəçiliyə davam etmək istəyən ATƏT-in Minsk qrupu vasitəsilə yaranan real şansdan istifadə etsinlər. Onlardan real təklif gözləyən Azərbaycanın qarşısında olan əsas problemlərdən biri kimi, hələ də günahsız insanlarımızın canını almaqda olan minalara dair xəritələrin Ermənistandan alınıb Azərbaycana təqdim edilməsi ilə bağlı real bir iş görsünlər. Belə olan halda, regionda sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın təminatı üçün hətta Ermənistanın genişmiqyaslı vəhşilikləri ilə dolu kitabı bağlayıb yaddaş kitabxanasının arxa bir rəfinə qoymağa hazır olan Azərbaycan onların da qeyri-səmimiliyini qapatmağı bacaracaq.

Politoloq Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Musavat.com üçün