|
“Böyük qayıdış” prosesi gözlədiyimizdən daha sürətli gedir

Dövlətin qarşısında hər zaman çox ciddi sosial-iqtisadi inkişaf proqramları olub, böyük infrastruktur layihələri həyata keçirilib. Lakin müstəqillik tariximizin ən böyük dövlət layihəsi “Böyük qayıdış” proqramıdır. 4 mərhələdən ibarət bu proqramın ilkin mərhələləri işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi, ilkin infrastrukturun qurulması, ikinci mərhələsi isə o torpaqların iqtisadiyyatımıza qazandırılması və yaşayış məskəninə çevrilməsi, məcburi köçkünlərin yurdlarına qayıtmasıdır. Hazırda sürətli bərpa prosesi gedir. Hətta bu işlərə müharibə bitməmiş başlanılıb. Qələbədən sonra başlıca olaraq,  yolların çəkilməsi böyük diqqət göstərildi. Prezident İlham Əliyev cari il yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Bundan başqa,   Füzuli rayonunda beynəlxalq hava limanının da təməli qoyulub. Bu aeroportun uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq.

Bundan başqa, qələbədən sonra Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilməsi də gözlənilir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyük olacaq. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Zəfər yolu çərçivəsində isə martın 15-də Azərbaycan Prezidenti tərəfindən Füzuli-Hadrut avtomobil yolunun da təməli qoyulub, bu yol isə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

Qarabağda başqa bir strateji əhəmiyyətli nöqtə  Zəngilan hava limanı olacaq. O cümlədən Zəngilan-Horadiz avtomobil yolu, eləcə də Bərdə-Ağdam avtomobil yolu da “Böyük qayıdışı” sürətləndirən infrastruktur layihələridir.

Yollarla yanaşı, azad edilən ərazilərimizdə içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində də xeyli iş görülüb. Paralel olaraq, “Böyük qayıdış” proqramının ikinci mərhələsi, yəni o torpaqların iqtisadiyyata qazandırılması istiqamətində də addımlar atılır. Belə ki, Ağdam şəhərinin təməlqoyma mərasimi və Ağdam Sənaye Parkının əsasının qoyulması da buna nümunədir. Ağdamda yeni baş plana uyğun məktəb və digər sosial infrastrukturun da tikintisi nəzərdə tutulur.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov 

“Böyük qayıdış”la bağlı “Yeni Müsavat”a danışan Füzuli rayonunu təmsil edən deputat, iqtisadçı alim Vüqar Bayramov vurğuladı ki, ilk dəfə olaraq parlament zəfər büdcəsini təsdiqlədi və ilkin mərhələdə böyük bir məbləğ bərpa işləri üçün ayrıldı: “İlk dəfə olaraq, 2021-ci ilin dövlət büdcəsində ”Böyük qayıdış"la bağlı 2,2 milyard manat vəsait ayrıldı. 2021-ci ilin büdcəsi “zəfər büdcəsi” idi. Bu baxımdan artıq ilin əvvəlindən etibarən biz bütövlükdə “Böyük qayıdış”ın birinci mərhələsinin reallaşmasını müşahidə etdik. Hətta savaşın getdiyi günlərdə belə həm Suqovuşanda, həm də işğaldan azad olunmuş digər ərazilərimizdə bərpa və yenidənqurma işlərinə başlanılmışdı. Ancaq 2021-ci ildən bu daha sürətlə həyata keçirilməyə başladı. Artıq Hadrut və Şuşanın fasiləsiz elektrik təminatı həyata keçirilib. Eyni zamanda infrastruktur layihələrinin reallaşması müşahidə olunur. Füzulidə inşa edilən beynəlxalq aeroport sentyabrın əvvəlində ilkin istifadəyə veriləcək və söhbət xüsusən də Qarabağı digər ölkələrlə birləşdirəcək beynəlxalq hava limanından gedir. Hava limanının inşası çox intensiv şəkildə reallaşmaqdadır. Eyni zamanda Zəngilanda da hava limanının inşasına başlanılıb".

V.Bayramov vurğuladı ki, artıq “Zəfər yolu” inşa edilib və o yolla Şuşaya getmək mümkündür: “Bu istiqamətdə də işlər sürətlə aparılır. Bununla yanaşı, Horadiz və Zəngilanı birləşdirəcək dəmiryol xətti , həm Hadrut və Cəbrayıl arasında avtomobil yolu çəkilir. Bütün bunlar ondan xəbər verir ki, infrastruktur və  bərpa işləri gözləniləndən daha sürətlə həyata keçirilir. Minadan təmizlənmə ilə bağlı fəaliyyət genişlənib. Ağdam şəhərinin təməlqoyma mərasimi oldu, Zəngilan rayonunda ilk "ağıllı kənd"in qurulmasına başlanılıb. İntensiv şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaq. ”Böyük qayıdış"  proqramının 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci dəymiş ziyanın qiymətləndirilməsi və minadan təmizləmə, ikinci bərpa və infrastrukturun formalaşdırılması, üçüncü sosial və inzibati infrastrukturun, binaların inşası və dördüncüsü məskunlaşma prosesi. Bu il həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edə biləcək".