Anti-terror əməliyyatlarına dəstək verməyə də hazır olanlar var
Azərbaycan müxalifəti Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi, diversiya qrupları vasitəsilə terror aktları təşkil etməsi və bütün bunların nəticəsində azərbaycanlıların, ən son olaraq jurnalistlərin həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək istəyir. Lakin partiyalar bu cür müraciətin bütün partiyaların adından birlikdə ünvanlanmasını məqsədəuyğun sayırlar. Eyni zamanda bəziləri antiterror əməliyyatlarına başlanmasını vacib sayırlar.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə “Yeni Müsavat”a bildirdi ki, təbliğat və Azərbaycanın mövqeyinin möhkəmlənməsi baxımından partiyaların beynəlxalq təşkilatlara müraciəti əhəmiyyətli ola bilər: “Əslində isə Azərbaycan müxalifətinin bu məsələ barədə səsləndirdiyi ideya ondan ibarətdir ki, Xankəndindəki terrorçu rejim qaldıqca diversiya terror aktları çox olacaq. Ona görə də Azərbaycan hakimiyyəti həmin təhlükənin aradan qaldırılması üçün hərəkətə - antiterror əməliyyatlarına başlayarsa, müxalifət olaraq bizlər bu addımları müdafiə edəcəyik. Beynəlxalq təşkilatlara hazırda daha çox hüquq müdafiə təşkilatları, QHT-lər, ayrı-ayrı ictimai xadimlər və KİV-n müraciətləri gedir. Şəxsən Azərbaycan Xalq Partiyası bu cür müraciətləri dəstəklədiyini ifadə eləyən xüsusi qərar qəbul eləyib yayıb. Əgər təşəbbüslər olarsa ki, siyasi partiyaların da beynəlxalq təşkilatlara, xarici ölkələrdəki siyasi partiyalara müraciəti olsun, şübhəsiz ki, bu addımın da atılması nəzərdən keçirilə bilər. Amma bizim əsas mövqeyimiz ondan ibarətdir ki, antiterror əməliyyatları başladılsa dövlətin bu mövqeyi ciddi şəkildə müdafiə olunacaq”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Qarabağ məsələsi ilə bağlı iqtidar və müxalifətin vahid mövqedən çıxış eləməsi barədə uzun müddətdir düzgün bir yol tutulub: “Əgər iqtidarlı müxalifətli siyasi partiyaların beynəlxalq təşkilatlara birgə müraciəti vacibdirsə, biz buna hazırıq. Hakimiyyət partiyasının bu məsələdə mövqeyinin necə olduğunu da bilmək lazımdır. Biz mümkün qədər siyasi birliyi qorumaq şərtilə addımlarımızı atmaq istəyirik. Təbii ki, iqtidar partiyası da razı olsa biz ölkədəki siyasi partiyaların adından beynəlxalq birliyə müraciət eləməliyik”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, mina xəritələrinin Azərbaycana verilməməsi və mina qurbanlarının sayının getdikcə artmasından hiddətləniblər. Jurnalistlərin də həlak olması düşmənə qarşı qəzəbi daha da artırıb: “Erməni diversiya qrupları ölkəmizin ərazisində faktiki olaraq terror aktı həyata keçirirlər. Bu vəziyyətlə bağlı biz beynəlxalq təşkilatlara öz müraciətimizi, mövqeyimizi, tələbimizi bəyanatımızda, çıxışlarımızda ifadə etmişik. Bundan sonra da davam edəcəyik. Amma lazım olacaqsa, yazılı və imzalı şəkildə müraciətimizi və etirazımızı bildirəcəyik. Ərazilərdə guya hansısa tarixi abidələrin qorunması ilə bağlı Azərbaycana tövsiyə verən beynəlxalq təşkilatlar jurnalistlərin, günahsız insanların ermənilərin basdırdığı minaların qurbanı olması hallarına reaksiya vermirlər, Ermənistan qarşısında tələb qoymurlar. Bu cür beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıla bilər. AĞ Partiya bu məsələ istiqamətində üzərinə düşəni etməyə hazırdır”.
VHP sədrinin müavini Samir Əsədli isə qeyd etdi ki, Kəlbəcərdə baş verən hadisə terrordur və bunun müəllifi Ermənistandır. İqtidar və ya müxalifət olmasından asılı olmayaraq Azərbaycanda hər kəsin mövqeyi budur. Bu hadisə erməni tərəfinin terrorçu və ekstremist mahiyyətini açmaqla yanaşı, rus sülhməramlılarının fəaliyyətsizliyini də ortaya qoydu: “Bölgədə sülhün, qanunsuz hərbi birləşmələrin ortadan qaldırılmasına təminatçı olan Rusiya konkret addımlar atmalıdır. Əks halda, Kremlin niyyətinin başqa olması haqda fikirlər təsdiqini tapmış olacaq. Həmçinin sərhəddə öz hüquqi ərazilərini bərpa edən Azərbaycanı qınayan beynəlxalq ictimaiyyət jurnalistlərin ölümü ilə nəticələnən olaya münasibət bildirməli, Ermənistana gərəkən təzyiqlər göstərilməlidir. İndiki durumda Azərbaycan da düşmənə ”dəmir yumruğun" hər an havaya qalxa biləcəyini anlatmalıdır. Biz beynəlxalq təşkilatlara birgə müraciət etməyə hazırıq".
