|
Xəzərdən İtaliyaya uzanan yol - siyasi və iqtisadi faydalar

“Şahdəniz” layihəsi Azərbaycana nə verəcək?

İyunun 4-də Xəzər dənizində yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə hasilatın pay bölgüsü sazişinin imzalanmasının 25 ili tamam olub. Layihənin operatoru bp şirkətinin bu münasibətlə yaydığı açıqlamada qeyd olunur ki, sazişin imzalanması “Azərbaycanın regiona və Avropaya qaz ixrac edən uğurlu yolunun başlanğıcını” qoyub.

“Şahdəniz” Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur.

“Şahdəniz yatağ”ı 1999-cu ildə kəşf edilib. Yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

“Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır: “Şahdəniz yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya  ilə təmin edərək ölkə iqtisadiyyatını daha da gücləndiribir. Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib oldu. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilib”.

Yataqdan hasil olunan qazın Gürcüstan və Türkiyəyə çatdırılması üçün inşa olunan Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqlinə 2006-cı ildən başlanıb. Bu kəmər yatağın işlənməsinin birinci mərhələsində hasil olunan qazı nəql edir. İndiyədək CQBK vasitəsilə təxminən 96 milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib.

Macarıstan Azərbaycan qazını qəbul etməyə hazırdır - Sonxeber.net

İşlənmənin ikinci mərhələsində - “Şahdəniz-2"-də hasil olunacaq qaz isə yalnız Gürcüstan və Türkiyəyə deyil, Avropa bazarına da çıxarılacaq. ”Şahdəniz 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarı 2013-cü ildə qəbul edilib. “Şahdəniz”dən ikinci mərhələ qazının hasilatına 2018-ci ildə başlanıb. Oradan əlavə ildə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə 26 milyard kubmetrə çatacaq.

İlk hasilat başlayandan 2021-ci ilin 1-ci rübünün sonunadək “Şahdəniz” yatağından 140 milyard kubmetr qaz və təxminən 33 milyon ton kondensat hasil olunub.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir. “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır. Hazırda “Şahdəniz” yatağının ən məhsuldar quyusundan hasilat gündə 36 min barel neft ekvivalentidir. Ümumilikdə bu günə qədər “Şahdəniz” yatağında ümumilikdə 32 quyu, o cümlədən “Şahdəniz 1" çərçivəsində 11, ”Şahdəniz 2" çərçivəsində isə 21 quyu qazılıb. Bu quyulardan 19-u hazırda istismardadır.

“Şahdəniz” layihəsi çərçivəsində kapital xərcləri 2021-ci ilin 1-ci rübünün sonuna 27 milyard dollar təşkil edib.

Şahdəniz 2” layihəsinin 99%-i artıq tamamlanıb – Oilgas.Az

“Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalansa da, 2013-cü ilin dekabrında 2048-ci ilə qədər uzadılıb. Hazırda “Şahdəniz” üzrə iştirak payları belədir: bp (operator - 28,8 %), TPAO (19 %), “Petronas” (15,5 %), AzŞD (10 %), “LUKoyl” (10 %), NIKO (10 %) və Cənub Qaz Dəhlizi Apstrim (6,7 %).

Yuxarıda da qeyd etdik ki, yataqdan ikinci mərhələ çərçivəsində hasil olunan qaz Avropa bazarlarına çatdırılır. Bu, Azərbaycanın beynəlxalq əhəmiyyətli ikinci enerji layihəsi olan Cənubi Qafqaz Dəhlizinin həyata keçirilməsi nəticəsində mümkün olub. Ümumiyyətlə, “Şahdəniz 2" dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O, həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.

Dənizdə “Şahdəniz 2" layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3 500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri inşa edilib.

Ümumilikdə “Şahdəniz 2" çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb. Bu quyulardan səkkizi hazırda istismardadır və daha beşi dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla, 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

“Şahdəniz” yatağında hasilat maksimuma çatdıqda, Cənub Qaz Dəhlizi boyu yerləşən paytaxt şəhərlərdən hər birinin ehtiyaclarını iki dəfədən artıq ödəmək üçün kifayət qədər təbii qaz təmin edəcək.

2020-ci ilin dekabrında TAP kəmərinin işə salınması və Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində “Şahdəniz” qazının Avropaya nəqlinə başlanıb. Aprel ayının sonunadək TAP vasitəsilə Avropa alıcılarına 2 milyard kubmetr qaz çatdırılıb.

2021-ci il iqtisadi artım ili kimi yadda qalacaq” - Vüqar

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, “Şahdəniz” layihəsi Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır: “Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bu layihənin özünəməxsus payı var. Avropa Birliyi ilə bu birliyə üzv olmayan ölkələri birləşdirən azsaylı layihələrdən biridir. Azərbaycan qazı ötən ilin dekabrından Avropa bazarına çıxmağa başlayıb. Bu böyük bazara çıxış ölkəmiz üçün yalnız iqtisadi deyil, siyasi-straeji dividentlər də gətirir. Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizi layihəsinə Avropa və ABŞ tərəfindən verilən böyük və ardıcıl dəstək də bundan xəbər verir”.

Millət vəkili bildirir ki, 2021-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya 5 milyard kubmetr, Türkiyəyə 8 milyard kubmetr, Gürcüstana isə 1 milyard kubmetr qaz nəql olunacaq: “Bu dəhlizdən əldə edilən gəlirlərimizdə artım olacaq. Dəhlizin ötürmə qabiliyyəti indiki 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırıla bilər. Dəhlizin ümumi reallaşma dəyəri ilkin mərhələdə 45 milyard dollar hesablansa da, sonradan 40 milyard dollara endirildi, yekunda isə 38 milyard dollara başa gəldi. Ümumilikdə, layihədən Azərbaycanın 100 milyard dollar gəlir əldə etməsi gözlənilir ki, bu da onun çox rentabelli bir layihə olduğunu göstərir”.