Qabil Hüseynli: “Çavuşoğlunun səfəri Paris üçün münasibətləri düzəltməkdə bir fürsət ola və yeni səhifə aça bilər”
Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransaya rəsmi səfərə gedib. Bu səfər Fransanın Türkiyəyə və Azərbaycana qarşı ən ədalətsiz və qərəzli mövqe sərgilədiyi vaxta təsadüf edir. Ona görə də Çavuşoğlunun budəfəki səfəri xüsusi maraq kəsb edir və səfərdən gözləntilər barədə suallar yaranır. Türkiyəli nazirin Paris səfəri münasibətlərin düzəlməsinə kömək edə bilərmi? M.Çavuşoğlu səfərlə bağlı tvitt-də bildirib: “İkitərəfli münasibətlərimizi, Avropa İttifaqı ilə əməkdaşlığımızı və regional prosesləri müzakirə etmək üçün Parisdəyik”.
Siyasi analitiklər hesab edir ki, xüsusilə regional proseslərin müzakirəsinə çox ciddi prioritet məsələlər daxildir.
Bu barədə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, son günlərdə Fransa prezidenti həm Türkiyəyə, həm də Azərbaycana doğru bəzi dostluq mesajları səsləndirir. Mövlud Çavuşoğlu da bildirib ki, Fransa ilə Türkiyə arasında dostluq münasibətləri var. Yəni bu cür xoş niyyətlə deyilmiş sözlər mövcuddur və səfərin müsbət təsirlərinin olacağı ehtimalı var: “Öncə deyim ki, Fransa prezidenti Makronun ölkəsində vəziyyəti o qədər də ürəkaçan deyil. Əvvəla, o, növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib, üstəlik də əhalinin müəyyən qruplarından ”sənin hakimiyyətdə nə işin var" kimi açıq ifadələr məhz Makrona ünvanlanır. Son günlər Fransa ilə Türkiyə arasında kontaktların olması barədə mətbuatda xəbərlər yayılmışdı. Bu əlaqələr yüksək səviyyəli danışıqların ərsəyə gəlməsinə şərait yaradıb. Əlverişli siyasi şərait yarandığı üçün Türkiyənin xarici işlər naziri Fransaya səfər edir. Həm də səfər ərəfəsində Türkiyəyə yönəlik xoş mesajlar bu səfərin yerinə yetirilməsini labüd edib. İnanıram ki, Çavuşoğlunun Fransa səfərindən müsbət nəticələr əldə edilə biləcək".
Qabil Hüseynli
Q.Hüseynli dedi ki, Fransa Ermənistanı müdafiə etməklə Türkiyə kimi nəhəng dövlətlə, Azərbaycan kimi regionun önəmli lider dövləti ilə münasibətləri korlamış vəziyyətdədir. Fransa get-gedə yanlışlıq etdiyinin fərqinə varmaqdadır: “Fransa hakimiyyəti özünü ortaya atmaqla öz ölkəsi və xalqı üçün xeyir gətirməyən vəziyyət yaratdı. Buna görə hətta parlament səviyyəsində də Makrona etirazlar çoxalıb. Fransa üçün Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Avropada ən ciddi ticarət əlaqələrini Türkiyə Fransa ilə yaradıb. Fransanın çox böyük şirkətləri Türkiyədə fəaliyyət göstərirlər. Eləcə də Bakıda da Fransa şirkətləri fəaliyyət göstərir. Fransa prezidentinin Ermənistanı dəstəkləməsi bu əlaqələri sual altına gətirirdi. Eyni zamanda Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması məsələsinin qoyulması gündəmə gələ bilərdi. Paris bunları yaxşı bilir. Ona görə də artıq yumşalma xəttinin tutulduğu müşahidə edilməkdədir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun səfəri Fransa hakimiyyəti üçün, belə demək mümkündürsə, münasibətləri düzəltmək üçün bir fürsət ola və Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərində yeni səhifə aça bilər. Bu səfər lazımlı, əhəmiyyətli səfərdir. Bu səfər sonrakı danışıqlar prosesi üçün bir vəsilə ola bilər”.
Politoloq qeyd etdi ki, türkiyəli nazirin Paris səfərində Qarabağla bağlı hazırkı vəziyyətin də müzakirə olunması şübhəsizdir. Bu məsələdə Türkiyənin və Azərbaycanın mövqeyi bəllidir. Cənab Çavuşoğlu mövqeyimizi birbaşa Fransa hakimiyyətinə çatdıracaq.
