“Təəssüf ki, xidməti vəzifəsini yerinə yetirən Azərbaycan jurnalistlərinin Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirmələri faktına zəruri beynəlxalq reaksiya yoxdur. Hesab edirəm ki, bu, ümumən Azərbaycana münasibətdə hər zamankı ikili standartlar siyasətinin nəticəsidir”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu fikirləri jurnalist həmkarlarımıza qarşı terror aktına beynəlxalq aləmin səssiz qalmasını şərh edərkən söylədi. Ə.Amaşov baş vermiş cinayət hadisəsinə beynəlxalq səviyyədə adekvat reaksiyanın olmamasından təəssüfləndiyini ifadə etdi: “Bir anlıq əksini təsəvvür elədim və düşündüm ki, Ermənistan jurnalistləri mina partlayışından həlak olsaydılar, necə vəziyyət yaranardı? Bir daha deyirəm, təəssüf ki, hazırda reaksiya lazımi səviyyədə deyil”.
Amma bununla belə, MŞ sədrinin fikrincə, demək olmaz ki, reaksiya tamamilə yoxdur: “Beynəlxalq Jurnalistlər Federasiyası, Jurnalistlərin Müdafiə Komitəsi, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviç, ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeyro başsağlığı veriblər, hadisəni pisləyiblər. Rusiya Jurnalistlər Birliyi də reaksiya verib. Həmçinin Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyası da jurnalistlərimizə qarşı məkrli davranışı qətiyyətlə pisləyib, sırf Ermənistana ünvanlanmış bəyanat verib, beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb”.

Ə.Amaşov qeyd etdi ki, Azərbaycandan hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb: “Azərbaycan jurnalistlərinin də müraciəti oldu. Biz həmin müraciəti təqribən 50-dən artıq ünvana göndərdik. Reaksiyalar var, dediyim kimi. Ancaq düşünürəm ki, bununla kifayətlənmək olmaz. Daha çox işləmək lazımdır. Bəli, dünyada ikili standartlar var, bəzən sözümüzə ümumiyyətlə, məhəl qoyulmur. Amma bu o demək deyil ki, biz bu reallıqla barışmalıyıq. Daha çox işləmək, daha çox diqqət çəkmək gərəkdir. Belə olduqda lazımi reaksiya da formalaşacaq”.
