Hindistanın əhalisinə görə ən böyük ştatı olan Uttar-Pradeşdə ağlasığmaz hadisə baş verib. Belə ki, toy günü gəlin ölüb. Ancaq toy ləğv olunmayıb. İki ailənin böyükləri bir araya gəliblər. Xeyli müzakirədən sonra rəhmətə gedən qızın bacısına gəlin paltarı geyindirib toy ediblər. Dünyasını dəyişən bacısının yerinə ərə getməli olan bacı hansı hisslər keçirib? Bu barədə Hindistan mətbuatı elə bir şey yazmır. Yazdıqları odur ki, otağın birində gənc qızın meyiti olub, digər otaqda isə ziyafət keçirilib.
Hər iki ailənin böyükləri deyib ki, onlar ziddiyyətli hisslər yaşayıblar. Toy mərasimi zamanı gəlin özündən gedib və bir daha ayağa qalxmayıb. Dünyasını dəyişən qızın qardaşı deyib ki, biz çıxılmaz vəziyyətlə üzləşmişdik. İki ailə toplandıq, müzakirə etdik. Kimsə təklif etdi ki, vəfat edən bacım Surabhinin yerinə kiçik bacım Nişanı ərə verək. Müzakirələr zamanı bu təklifə tərəfdar çıxan çox oldu.
Hindistan mətbuatı yazır ki, bəy evinin adamları gəlini götürüb getdikdən sonra qız evi mərhum Surabhinin dəfn mərasiminə başlayıb.
Qeyd edək ki, əfsanəvi Tac-Mahal məscidi 200 milyondan çox insanın yaşadığığı Uttar-Pradeş ştatında yerləşir. Müsəlman türklərin yadigarı olan Tac-Mahal həm də bir kişinin bir qadına olan sonsuz məhəbbətinin daşlaşmış simvolu kimi tanınır. Belə bir müqəddəs məkanda belə bir hadisənin baş verməsi xüsusi ilə təəssüf doğurur.
Elbəyi Həsənli, Sürix
