Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazırdır.
Bunu Aİ Şurasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla söhbətində bildirib.
Onu da xatırladaq ki, Aİ-nin bir bölümü olan Avropa Parlamenti Azərbaycandan “erməni əsirləri azad edin” tələbi ilə qətnamə qəbul edib. Bu yandan da Şarl Mişel hər iki tərəfi konstruktivliyə dəvət edir. Maraqlıdır, sən özün qurum olaraq nə zaman konstruktiv, ədalətli və obyektiv oldun ki, konflikt tərəflərini buna çağırırsan?
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov məsələyə geniş şərh verdi: “44 günlük müharibə ərəfəsində baş verənlərlə bağlı tam səssizlik nümayiş etdirən bir sıra Qərb ölkələri və bəzi təşkilatlar son zamanlar müəyyən canfəşanlıq etməkdədirlər. Keçmiş münaqişə ilə bağlı tərəflər arasında sülhün və barışığın əldə edilməsinə çalışmaq görüntüsünü yaratmağa çalışan bu cür dövlət və təşkilatlar əslində yenə də ikiüzlü siyasətlərini ortaya qoyurlar. Belə ki, özlərinin fəaliyyətləri ilə ötən ilin noyabrına qədər mövcud olmuş münaqişənin həlli ilə bağlı otuz ilə yaxın dövr ərzində heç bir töhfə verməyən bu qüvvələr, hazırda bir sıra əsassız ittihamları və məsuliyyətsiz bəyanatları ilə də 10 noyabr tarixli bəyanatın pozulmasına və yenidən gərginliyin artmasına səbəb olurlar. Bu məsələdə qeyri-konstruktiv mövqeyi ilə fərqlənən təşkilatlardan biri də Avropa İttifaqıdır. İttifaqın qanunverici orqanı olan Avropa Parlamenti bu danışıqların mahiyyətinə və məzmununa zidd olaraq Azərbaycandan ”erməni əsirləri azad edin" tələbi ilə qətnamə qəbul edib.

Xəyal Bəşirov: “Ermənistan tərəfinin qərəzli yanaşması və siyasi ərköyünlük etməsinə baxmayaraq, Azərbaycana qarşı absurd iddialar səsləndirilir”
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə hər iki tərəfin konstruktivliyə dəvət edilməsi məzmununda apardığı danışıqların fonunda bu cür qətnamənin qəbul edilməsi bir daha bu qurumun qeyri-ciddiliyindən və qeyri-konstruktivliyindən xəbər verir. Ümumiyyətlə, Avropa İttifaqı ilə yanaşı bir sıra digər təşkilatlar və bəzi dövlətlər də bu məsələ ilə bağlı fikirlər səsləndirərkən əsassız da olsa, Azərbaycana qarşı konkret ittihamlar səsləndirmələrinə baxmayaraq, Ermənistana münasibətdə ümumi fikirlər bildirirlər. Terrorçuları hərbi əsir kimi qələmə vermək cəhdlərinə və Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təqdim etməsi ilə bağlı heç bir addımın atılmamasına dair Azərbaycanın rəsmi mövqeyi bəllidir və dəfələrlə səsləndirilib. Ancaq son zamanlar daha çox müzakirə obyekti olan və ölkəmizə qarşı əsassız ittihamların mövzusu olan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı delimitasiya və demarkasiya məsələləridir. Bununla bağlı Ermənistan tərəfinin qərəzli yanaşması və siyasi ərköyünlük etməsi ittiham olunmalı olduğu halda, Azərbaycana qarşı absurd iddialar səsləndirilir".
Ekspert beynəlxalq hüququn dediklərini sadaladı: “Əslində Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı beynəlxalq hüquq və mövcud praktika nə deyir?! Bu məsələdə ümumi mülahizə xarakterli fikirlərin və absurd ittihamların əvəzinə, beynəlxalq hüququn subyektləri olan təşkilatlar və dövlətlər hansı prinsipi tərəflərə, xüsusilə də Ermənistana önərməlidirlər?
Beynəlxalq hüquq elmində bir sıra ümumi qəbul edilmiş prinsiplər mövcuddur. Bunlardan biri də “uti possidetis juris”, yəni “nəyin sahibi idinsə, onun da sahibisən” prinsipidir ki, ayrı-ayrı ölkələrin təcrübəsində artıq dəfələrlə tətbiq olunub. Bu prinsipin məzmunu ondan ibarətdir ki, ayrı-ayrı dövlətlər, onların iradəsindən kənar baş verən hadisələrlə bağlı sərhədlərin pozulması və ya əhəmiyyətsizliyi baş vermişdirsə və sonradan həmin hadisənin nəticələri ləğv olunarsa, dövlətlər mübahisəsiz olaraq əvvəlki sərhədlərinə qayıtmalıdırlar. Əks təqdirdə, beynəlxalq hüququn “uti possidetis juris” prinsipinə əsasən onlar buna məcbur edilməlidirlər.
Finlandiya ilə İsveç dövləti arasında Aland adaları ilə bağlı mübahisə məhz bu prinsipin tətbiq edilməsi ilə müsbət həllini tapdı. Daha sonra İsrail və Misir arasında uzun müddət münaqişəyə səbəb olmuş Hicaz ərazisi ilə bağlı problemin həllində də “uti possidetis juris” prinsipi ciddi və əhəmiyyətli rol oynayıb. Afrikada Burkina Faso və Mali dövlətləri arasında mineral ehtiyatları ilə zəngin olan sərhəd əraziləri probleminin açarı da bu beynəlxalq prinsiplə müəyyənləşdirildi.
Bunlardan başqa, konkret olaraq bilavasitə Azərbaycanın və Ermənistanın münasibətlərinə uyğun təcrübələrdə də bu prinsipin dəfələrlə tətbiq olunmasına yol verilib ki, bunun da təkidli tərəfdarları məhz Avropa dövlətləri olublar. Çexoslavakiya və Yuqoslaviya Sosialist Federativ Respublikasının süquta uğramalarından sonra yeni yaranmış dövlətlər bu prinsip əsasında əvvəlki sərhədlərinə qayıtdılar.
Azərbaycanla Ermənistan arasındakı sərhədlərin tarixinə və onun dəyişilməsi prosesinə diqqət yetirək. Ümumiyyətlə, tarixdən bizə məlumdur ki, 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan iki hissəyə bölünüb və hazırkı müstəqil Azərbaycan ərazisi məcburi olaraq Rusiya İmperiyasının tərkibinə daxil edilib. Həmin dönəmdə tarixi ərazilərimiz olan Naxçıvan və Qarabağla yanaşı, Zəngəzur mahalı da Azərbaycanın ərazisinə aid idi. Bu vəziyyət Birinci Dünya müharibəsinin nəticələri baş verənədək və Rusiya İmperiyasının süquta uğramasına qədər belə davam etdi. Birinci Dünya müharibəsində məğlubiyyətə uğradıqdan və imperiya quruluşu dağıldıqdan sonra qalib “ANTANTA” dövlətləri ittifaqının nümayəndəsi kimi İngiltərə ordusu Azərbaycana daxil oldu. Həmin dönəmdə də Azərbaycan Gülüstan müqaviləsinin imzalandığı dövrə aid ərazilərə malik idi. 1918-ci ildə müstəqilliyini qazanan Azərbaycanın Paris sülh konfransında qalib dövlətlər tərəfindən tanınması və daha sonra bunun “ANTANTA” dövlətlərinin Ali Şurası tərəfindən bəyan edilməsi zamanı da əzəli torpaqlarımız olan Naxçıvan, Qarabağ və Zəngəzur Azərbaycanın sərhədləri daxilində idi və Ermənistan tərəfindən bu ərazilərə qarşı heç bir iddia yox idi. Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılmasından sonrakı proseslərdə, konkret olaraq 1921-ci ildə imzalanmış Qars müqaviləsinin şərtləri də bu gün Ermənistan tərəfindən mübahisələndirilən torpaqların Azərbaycana aid olduğunu açıq şəkildə diktə edirdi. Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra və 1991-ci ildə yenidən müstəqilliyini bərpa edənə qədər baş verən proseslər də hər birimizə məlumdur. SSRİ-nin və ya onu təşkil edən ayrı-ayrı sosialist dövlətlərin hər birinin beynəlxalq hüququn subyekti olmaları ilə bağlı məsələyə gəldikdə isə onu qeyd etmək vacibdir ki, hər bir sosialist respublika, o cümlədən də Azərbaycan beynəlxalq hüququn ayrıca subyekti kimi tanınırdı. Bunu bir çox alimlər, o cümlədən də Sovet beynəlxalq hüquq elmi məktəbinin alimi olan Tunkin də iddia edirdi. Artıq bu baxış bucağından yanaşdıqda, məcburən Sovetlər Birliyinin tərkibində olmasına baxmayaraq, Azərbaycanın qeyd olunan sərhədlər daxilində beynəlxalq müstəvidə tanınması qəbul olunmalıdır".
X.Bəşirov Aİ-ni tələblərə əməl etməyə çağırdı: “Avropa İttifaqı, digər təşkilatlar və ayrı-ayrı dövlətlər özlərinin yaratdıqları və maraq və mənafelərinə uyğun gələrkən dərhal müraciət etdikləri beynəlxalq hüququn nəzəri və praktiki tələblərinə riayət etməlidirlər”.
