Ekspert: “Rusiyada vəziyyət daha da pisləşəcək”
Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası “ekstremist” olaraq təyin olunan təşkilatların üzvlərinin və tərəfdarlarının hər hansı bir vəzifəyə seçilməsini qadağan edən qanun layihəsini təsdiq edib.
Bu, həbsdə olan müxalifət siyasətçisi Aleksey Navalnı ilə əlaqəsi olan hər kəsin praktiki olaraq dövlət vəzifəsində işləməsini imkansız edir.
Palata tərəfindən iyunun 2-də təsdiqlənən qanun layihəsinə əsasən, Rusiya məhkəmələri tərəfindən ekstremist və ya terrorçu elan edilən təşkilat rəhbərləri və təsisçilərinə beş il müddətinə vəzifələrə namizədliklərini irəli sürmələri qadağan ediləcək.
Ekspertlər belə hesab edirlər ki, Rusiya hökuməti Navalnı üzərindən həyata keçirilməsi planlaşdırılan inqilabın, yaxud iqtidar dəyişikliyinin qarşısını almaq üçün hər şeyə əl atır. Hesab edilir ki, Navalnının həbsi inqilabı önləmək üçün idi və hazırda seçkiyə getməsinin qarşısını almaq üçün bu cür addımlar atılır. Bu tədbirlər Putini, onun 21 illik iqtidarını xilas edə biləcəkmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, getdikcə Rusiyada vəziyyət gərginləşir: "Putin antidemokratik qanunları çox qəbul edib. Hesab edirəm ki, Rusiyada artıq hakimiyyət totalitar hakimiyyət formasını kəsb etməyə başlayıb. İndi isə belə bir qanunu qəbul etməklə həmin hakimiyyətin totalitar dayaqlarını daha da möhkəmləndirirlər. Rusiyada hər şey Putinin ömrü qədərdir. Əhalinin yoxsullaşması, ölkədə iqtisadi vəziyyətin durmadan pisləşməsi artıq başlayıb. Orada əhalinin narazılığı da bununla düz mütənasibdir. Putinin dövründə bəlkə də hansısa kortəbii hərəkat baş qaldırdı və kimsə bu halın qəhrəmanına, başçısına çevrildi. Rusiyanı bu vəziyyətdən xilas etmək demək olar ki, mümkünsüz görünür. Xüsusilə də qeyri-rus xalqlarına diqqət edək. Onlar ruslardan ən azı 10 faiz çoxdurlar. Onların içərisində sayı 15 milyonu keçən tatarlar var. Qeyri-rus xalqlarının çoxu türkdilli xalqlardır. Bu baxımdan düşünürəm ki, hadisələrin gedişi davam edəcək və Rusiyada vəziyyət pisləşəcək. Hər halda, qanunun qəbul edilməsindən asılı olmayaraq ölkədə hakim təbəqə ilə sıravi əhali arasındakı ziddiyyətlər daha da kəskinləşəcək və bir növ inqilabi şərait yetişəcək".

Qabil Hüseynli
Lakin statistikalar və Rusiyanın özündə aparılan təhlillər başqa mənzərəni ortaya qoyur. Belə ki, araşdırmalara görə, Rusiyada Putinin reytinqi hələ də yüksək olaraq qalır. Bu ilin may ayında keçirilən sorğusuna görə respondentlərin 57 faizi Rusiya prezidenti Vladimir Putinə etibar edir.
Rusiya İctimai Rəy Fondunun keçirdiyi sosioloji rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulanların 31 faizi Rusiya prezidenti Vladimir Putinə etibar etmir, respondentlərin 11 faizi isə cavab verməyə çətinlik çəkdiklərini bildirib.
Sorğu mayın 14-16-dək 18 yaşdan yuxarı 3 000 respondent arasında Rusiyanın 73 subyektində 207 yaşayış məntəqəsində keçirilib.
