Azərbaycanda birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə işgəncə verməkdə və onları qətlə yetirməkdə ittiham olunan iki erməninin məhkəməsi başlayıb. İyunun 2-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə 2-ci Qarabağ müharibəsi zamanı ələ keçirilən Ermənistan vətəndaşları Lüdvik Mkrtçoviç Mkrtçyan və Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Hakim iclasda təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib. Prosesdə Azərbaycan vətəndaşı olan 12 zərərçəkən, 2 zərərçəkənin isə hüquqi nümayəndələri iştirak ediblər. Hər iki təqsirləndirilən tərcüməçinin xidmətlərindən istifadə edir, Azərbaycan dövləti hesabına vəkillə təmin olunublar, onlara erməni dilinə tərcümə olunmuş ittiham aktı da təqdim olunub. Məhkəmə prosesində ombudsman da iştirak edib.
Barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilən Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə) 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə), 120.2.12 (milli, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə ittiham olunurlar. Alyoşa Xosrovyana bu ittihamlarla yanaşı casusluq ittihamı da verilib. Təqsirləndirilən şəxslərin birinci Qarabağ savaşı və atəşkəs zamanı əsir düşən, girov götürülən Azərbaycan vətəndaşlarına Şuşa həbsxanasında, Xankəndində işgəncələr vermələrinə dair faktlar, zərərçəkənlərin ifadələri var. İttihama görə, Ermənistan vətəndaşı 1969-cu il təvəllüdlü Lüdvik Mkrtçyan erməni silahlı qüvvələrinin tərkibində 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Yerevana aparılmış və orada hərbi hissələrin birində saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

Qərib Rövşənoğlu: “Hazırda bədənimdə həmin işgəncələrin izləri var” |
“İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın Yerevan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib”, - ittiham aktında deyilir.
Lüdvik Mkrtçyanın 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan hərbçiləri tərəfindən ələ keçirildiyi bildirilir.
İstintaq materiallarına görə, Ermənistan vətəndaşı 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyana qarşı da oxşar ittihamlar irəli sürülüb. O, 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməkdə, onlarla qəddar və qeyri-insani rəftar etməkdə təqsirləndirilir.
İttiham aktında yazılır: “Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində saxlanılan zaman, qondarma Dağlıq Qarabağın müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib".

Həbib Kazımov: “İşgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər” |
Rəsmi məlumata əsasən, Alyoşa Xosrovyan Azərbaycan ərazilərində kəşfiyyat apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib.
Hazırlıq iclasında hakimlər müşavirəyə çıxdıqdan sonra ombsudman Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb. Məhkəmənin baxış iclası iyunun 9-na təyin edilib.
Bunu “Trend”ə açıqlamasında erməni əsirliyində işgəncələrə məruz qalan zərərçəkmiş Həbib Kazımov deyib.“1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşmüşəm”.
O bildirib ki, 1 il 9 ay erməni əsirliyində olub:
“Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə məni döyüblər. Əzab veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Yoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik Yoxa ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizlə o danışırdı. Bizi Azərbaycan dilində belə təhqir edirdi”.
Zərərçəkən deyib ki, onun əsirlikdə saxlandığı kamerada daha 40-a yaxın azərbaycanlı olub:
“Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar”.
“Biz atəşkəs dövründə, 1999-cu ildə əsir düşmüşdük, erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib”.
Bunu isə Yasamal Rayon Məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zaman zərərçəkmiş kimi tanınan Qərib Rövşənoğlu deyib.
Q.Rövşənoğlu bildirib ki, Lüdvik Mkrtiçyanın verdiyi işgəncələrin izləri hələ də qalmaqdadır:
“Hazırda bədənimdə həmin işgəncələrin izləri var. Sinəm qırıqdı, başımda əziklər var. Çoxlu işgəncələrə məruz qalmışam. Ona görə də mən buradayam. Lüdvik Mkrtiçyan məni görən kimi tanıdı. O, həm orada Azərbaycan dilində tərcüməçi işləyirdi, həm də bizə işgəncə verirdi. Bu gün o, məhkəmədə deyir ki, Azərbaycan dilində bilmir, amma əsirlikdə olanda bizimlə Azərbaycan dilində danışırdı”.
