|
Deputat icra başçılarının və nazirlərin “kadr siyasətinı” pislədi

Vahid Əhmədov: “Onları vəzifəyə ona görə qoymayıblar ki, qohum-qardaşını, yerlilərini və tələbə yoldaşlarını yığıb gətirsin öz yanına...”

Milli Məclisin son iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov icra başçılarını tənqid edib. Siyavuş Novruzov bildirib ki, bəzi icra başçıları vəzifəsinə başlayan kimi imtahanla dövlət qulluğuna qəbul olunanları işindən azad edir: “İcra başçısı gələn kimi test və müsahibə üsulu ilə imtahandan keçən şəxsə deyir ki, ərizəni yaz, get. Nəticə etibarı ilə illərdir yetişən kadr bazasını kimlərinsə iradəsinin ifadəsinə uyğun olaraq itiririk. Nazirliklərdə, komitələrdə də biz bu halları görürük”.

S.Novruzovun sözlərinə görə, icra başçıları özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edir. Komitə sədri  kadrlara münasibətdən şikayətlənir: “İşdən çıxdı, oldu xalq düşməni. Bizim daxili  nizamnamədə də var ki, Milli Məclisin üzvü növbəti dəfə seçilmədiyi təqdirdə, o, Milli Məclisin üzvlüyü səviyyəsində işlə təmin olunmalıdır. Heç bütövlükdə sistem dəyişikliyi baş verəndə belə bütün kadrlar ucdantutma dəyişdirilmir. Yetişdirilən kadrları birdən-birə kənara atmaq olmaz, onların təcrübəsindən istifadə olunmalıdır”.

S.Novruzovun qaldırdığı məsələ həqiqətən də problem kimi özünü göstərməkdədir. Ekspertlər də bildirir ki, bu mənada deputat haqlıdır. Çünki vəzifəyə yeni gələn kadr az qala əvvəl işlədiyi yerdəki süpürgəçisini də özü ilə gətirir. Bu hal təkcə icra hakimiyyətlərində deyil, həmçinin nazirlik və komitələrdə də var.

Bəs kadr siyasətində bu cür halların qarşısını necə almalı?

Vahid Əhmədov: “Əhaliyə dəstək fondu yaradılsın, pensiyalar artırılsın” »  Reyting.az

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə qaldırılan sözügedən problem bir sıra rayonlarda və hökumət qurumlarında, şirkətlərdə həqiqətən də mövcuddur və təəssüf ki, getdikcə daha çox qabarır: “Mənə də bu cür xoşagəlməz hallarla bağlı çoxsaylı məlumatlar, şikayətlər gəlir. Belə görünür ki, yeni təyin olunan  bəzi icra başçıları, həmçinin digər yüksək vəzifəli şəxslər işə başlayan kimi köhnə kadrların çoxunu işdən azad edir və özü ilə gətirdiyi şəxsləri onların yerinə təyin edir. Əlbəttə, bu, qəbul edilən hal deyil. Çünki elə kadrlar var ki, onlar işlədiyi sahədə böyük təcrübəyə yiyələniblər, sahəni bilirlər, yerli əhalini yaxından tanıyırlar və sair. Yeni gələn icra başçısı isə bu kimi məsələlərə diqqət etmir. Dərhal guya ”kadr islahatına" başlayır. Nəticədə isə həm narazılıqlar yaranır, həm də konkret sahələr üzrə işlərdə axsamalar başlayır. İcra başçısı və digər vəzifəli şəxslər bilməlidirlər ki, onu vəzifəyə işlədiyi rayonda, strukturda irəliləyişə nail olmaq üçün təyin edirlər. Onları vəzifəyə ona görə qoymayıblar ki, qohum-qardaşını, yerlilərini, tələbə yoldaşlarını, keçmiş iş yoldaşlarını, işi bildi-bilmədi, yığıb gətirsin öz yanına. Təəssüf ki, bu cür hallar həm rayonlarda, həm bəzi nazirliklərdə, komitələrdə, dövlət şirklətlərində var. Bu barədə bizə də çoxsaylı şikayətlər var".

Deputatın sözlərinə görə, yeni icra başçısı təyin olunan  adam bilməlidir ki, onu rayonda problemləri həll etmək üçün vəzifəyə təyin ediblər, yeni problemlər, yeni narazılıqlar yaratmaq üçün deyil: “Bu, digər yüksək vəzifələrə təyin olunanlara da aiddir. Heç kəs Prezidentin onun qarşısında qoyduğu tapşırıqları unutmamalıdır. Düşünməməlidir ki, yeni təyin olunubsa, etimad göstərilibsə, arxayın hər şey edə bilər. Prezident onlardan nə iş gördüklərini, hansı müsbət işlərə imza atdıqlarını soranda nə cavab verəcəklərini düşünsünlər. Ona görə də hər kəs işlərində bunu nəzərə almalıdır”.

Qaldırılan problemə necə son qoyulması, problemin necə həll edilməsinə gəldikdə, Vahid Əhmədov hesab edir ki, ilk növbədə vəzifəyə qoyulan şəxslər təcrübəli adamlar olmalıdır: “İcra başçısı və ya nazir kifayət qədər təcrübəyə malik adam olmalıdır. Dövlət başçısının qoyduğu kriteriyalara uyğun şəxs olmalıdır, Prezidentin onun qarşısında qoyduğu məsələlərə çox diqqətlə yanaşmalıdır. Əgər dövlət başçısı deyirsə ki, insanları narazı salmaq olmaz, rüşvətə, korrupsiyaya son qoyulmalıdır, deməli, vəzifə təklifi alan şəxs bütün bu kimi tapşırıqların öhdəsindən gəlmək bacarığını özündə görürsə işi üzərinə götürməlidir. Yoxsa ki, Prezidentin etimadından sui-istifadə edib mənfi istiqamətdə işlərlə məşğul olacaqsa, yeni problemlər yaranacaq. Problemlər yaradanların isə vəzifədən kənarlaşdırılması labüddür. Prezident icra başçısı və ya başqa yüksək vəzifəyə adamları təyin edəndə onların qarşısında quruculuq işləri ilə məşğul olmağı qoyur, dağıdıcılıq işləri ilə məşğul olmağı yox.

Eyni zamanda hesab edirəm ki, ümumiyyətlə, ölkədə kadr potensialı ilə əlaqədar xüsusi hazırlıq getməlidir. Müasir idarəetməni bilən, insanlarla işləməyi bacaran kadrlar yetişdirilməlidir. Yoxsa haradansa gəlib, kiminsə qohumudur prizması ilə vəzifəyə qoymaq gec-tez mənfi nəticələr verir".

Müzakirə mövzusu olan neqativ halın aradan qaldırılması üçün ucdantutma həbslər həyata keçirilməsinin tərəfdarı olmadığını deyən V.Əhmədov vurğuladı ki, qanunsuzluqlara yol verən vəzifəli şəxsləri, sadəcə, azad edib, qanunsuz yollarla əldə etdiyi əmlakı qanuni yolla alıb dövlət büdcəsinə köçürmək lazımdır: “İcra başçısı və ya başqa vəzifəli şəxslər həbsə atılır, lakin əllərində əmlakları qalır. Bir müddət həbsdə yatır, sonra ya əfvə, ya amnistiyaya düşür, sonra çıxır və qanunsuz topladığı əmlakını istədiyi kimi işlədir. Məncə, bundansa həbs etməyib əmlakını, vəsaitini alıb dövlət büdcəsinə keçirmək daha səmərəli olar”.