|
Ölkədə kriptovalyuta alqı-satqısı da nəzarətə götürüldü - vergi ödəyəcəklər

Rəşad Həsənov: “10 faiz vergi tutmaq doğru yanaşma deyil”

Dünyada kriptovalyuta bazarı gündən-günə böyüməkdədir. Virtual paranı tənzimləmək mümkün olmadığından hələ ki mərkəzi banklar bitkoinlərə maraq göstərməsə də, artıq iri şirkətlər onu ödəniş vasitəsi kimi qəbul etməyə başlayıblar.

Dünyanın ən böyük milyarderləri yatırımlarının bir qismini rəqəmsal pula yönəldirlər. Bir çox dövlətlər isə özlərinin tənzimləyə bildiyi koinlər yaratmaq üçün çalışırlar. Artıq bir çox ölkələr bu mənada irəli keçib. Azərbaycanda  isə verilən qərarlar daha çox sanki ölkə vətəndaşlarını kriptovalyuta  bazarından uzaq tutmağa çalışır.

Belə ki, bir tərəfdən Azərbaycandan kriptovalyuta almaq  istəyən vətəndaş xaricdən əmtəə, mal alırmış kimi görünür və ondan faiz vergisi tutulur. Digər tərəfdən isə yeni qanunla artıq kriptovalyuta alarkən gəlir vergisi də ödəməlidir, çünki bu qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab sayılırmış.

Bu vergilərin üzərinə kriptovalyutaların risklərini də gəlsək, bu sahədə maariflənmənin aşağı olduğunu və qiymətli kağızlar bazarı ilə bağlı təcrübənin olmadığını da nəzərə alsaq, vətəndaşlarımızın bu bazara çıxışı ilə bağlı şərtlər bir qədər də mürəkkəbləşir. Lakin görünür, ölkəmizdən bu sahəyə maraq müəyyən qədər varmış ki, Dövlət Vergi Xidməti belə bir zərurət hiss edib.

Yayılan açıqlamaya görə, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.

 Dövlət Vergi Xidməti bildirir ki, bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Rəşad Həsənov: “Ələt Azərbaycana qoyulacaq investisiyaların əsas mənbəyi  olacaq”

Rəşad Həsənov 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu vergilər kriptovalyuta bazarına olan marağı azaldacaq: “Kriptovalyuta ilə bağlı bundan öncə başqa bir problem var idi. Azərbaycandan kimsə xaricdən kriptovalyuta alarkən ödənişlər edəndə, o ödənişlər xarici rezidentə ödəniş kimi qəbul olunurdu və ödəmə mənbəyindən 10 faiz vergi tutulurdu. Yəni azərbaycanlı bazar iştirakçısı digər ölkələrin vətəndaşları ilə müqayisədə kriptovalyutanı bir marja, bir də əlavə tətbiq edilən  faiz əlavə vergi ilə alırdı. Bunun üzərinə 14 faiz gəlir vergisinin də əlavə olunması ilə bu istiqamətdə xərcləri daha da artıracaq və meyllilik aşağı düşəcək. Amma istənilən halda, dünyada da bu proses gedir. Sadəcə, qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Əgər gəlir vergisi tətbiq olunursa, ödəmə mənbəyindən tutulan əlavə 10 faiz vergi tutmaq doğru yanaşma deyil. İnsanlara şərait yaratmaq lazımdır ki, bu bazarda iştirak etsinlər, əlavə gəlir mənbələri olsun. Kriptovalyutanın təbii ki, əlavə riskləri də var və risklər böyükdür. Ancaq bununla yanaşı, bu, gələcəyin investisiya alətidir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda qiymətli kağızlar bazarı, səhm bazarı zəif inkişaf edib və insanların alternativ üsullarla gəlir əldə etmək  imkanları məhduddur: “Ancaq bu istiqamətdə əlverişli mühit yaranarsa, yaxşı maarifləndirmə olarsa, düzgün analizlər təqdim edən maliyyə təşkilatları olarsa, bu, insanlar üçün əlavə gəlir qazanma imkanı ola bilər, həm də ölkəyə əlavə valyuta daxil olmasına gətirib çıxarar. Bunu maliyyə bazarlarından ölkəyə valyuta daxilolması kimi də qiymətləndirmək olar.  Buna görə də ilk növbədə ödəmə mənbəyindən tutulan vergi ləğv olunmalıdır. Bu ədalətsizdir. Çünki bu zaman, faktiki, insanların əldə etdiyi gəlirdən asılı olmayaraq vergi tətbiq edilir. Ola bilsin ki, insanlar bu investisiyadan zərər edəcək. Ola bilər ki, gəlirlərə14 faiz vergi tətbiq edilməsi qalsın, digəri ləğv olunsun. Bu  zaman bazar iştirakçısı əldə etdiyi gəlirdən  14 faiz vergi ödəyir. Gəlir əldə etməsə, ödəməyəcək, əldə etsə, ödəyəcək. Məlum olduğu kimi, alış qiyməti ilə satış qiyməti arasındakı fərq gəlir hesab olunur. Bu zaman vergi satış  zamanı, yəni gəlir əldə edərkən tətbiq olunmalıdır, alış zamanı ödəmə mənbəyinə tətbiq olunan 14 faizlik vergi isə ləğv olunmalıdır”.