Ötən yazımızda aqroturizmlə bağlı qısa arayış vermiş və turizm sahəsində təmsil olunan sahibkarlar üçün yeni çağırışların nələr olduğunu qeyd etmişdik. İndi isə aqroturizm və ekoturizmlə bağlı xarici təcrübəni və ölkəmizin bu sahədəki potensialını şərh etməyə çalışacağıq. Belə ki, hazırda ənənəvi turizm dedikdə insanlar istirahəti, sadəcə, yaxşı hoteldə gecələmək, dəniz və ya yaşıllıq, dadlı yeməklər, bir də əyləncədən ibarət hesab edirlər. Ancaq hazırda dünya insanı istirahətlə yanaşı qısa müddət də olsa, fərqli həyat tərzi yaşamaq, yeni insanlar tanımaq, yeniliklər kəşf etmək, macəralı tətil keçirmək istəyir. Hazırda dünyada yeni trend, yeni çağırışlar məhz budur. Əksər turistik bölgələrdə insanlara məhz bu cür fərqli xidmətlər təklif olunur.
Azərbaycan da turizm baxımından cəlbediciliyi olan, gözəl təbiətə, dağ-meşə zolağına malik, həmçinin aqrar baxımdan inkişaf etmiş, fərqli adət-ənənələrə, mədəniyyətə sahib olan bir ölkədir. Həm ölkəmizə xaricdən gələn turistlərin, həm də paytaxtda yaşayan əhalinin bölgələrə marağını cəlb etmək, onlara yaddaqalan bir tətil yaşatmaq üçün indi haqqında bəhs edəcəyimiz turizm növlərinə müraciət etmək olar.
Son dövrlərdə dünyada, əsasən də inkişaf etmiş ölkələrdə aqroturizm, ekoturizm, “soft” turizm kimi alternativ turizm növlərinə maraq getdikcə artmaqdadır. Bütün dünyanın sürətlə şəhərləşdiyi və sənayeləşdiyi bir vaxtda insanın təbiətlə təması da paralel olaraq zəifləməkdədir. Aqroturizm bir növ insanları şəhərin stresindən uzaqlaşdıraraq təbiətə qovuşmalarını təmin edir. Aqroturizm turizmlə kənd təsərrüfatının birləşdirilməsi kimi də qəbul edilə bilər, bir tərəfdən ziyarətçiləri əyləndirmək, eyni zamanda digər tərəfdən də maarifləndirmək, ferma və ya kənd təsərrüfatı işlərinə cəlb etmək, kənd təsərrüfatı istehsalı və emalı müəssisələrinə ekskursiyalar təşkil etmək və s.

Vüsalə Əhmədova: “Kənd yerlərindən əhalinin sürətlə köç etməsinin qarşısını almaq üçün ailə müəssisələrinin dəstəklənməsi vacibdir”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Vüsalə Əhmədovanın sözlərinə görə, artıq insanları lüks hotellər, gözəl hovuzlar deyil, daha çox təbiət cəlb edir: “Dünyada bu turizm növünün ferma turizmi (farm tourism), kənd turizmi (village tourism), yaylaq turizmi (highland tourism), aqroturizm (agro-tourism), ekoturizm (ecotourism) kimi fərqli adlarla adlandırılması məhz əhatə dairəsinin geniş olmasından xəbər verir. Lüks hotellər, geniş hovuzlar, dəniz sahilləri bunlar gözəldir, ancaq dünyada insanlar artıq aktiv turizm növlərinə daha çox meyl etməyə başlayıblar. Məsələn, ABŞ əhalisinin 70%-i aqroturizmdən faydalanır, hollandiyalı turistlərin 39%-i turistik məkan olaraq kənd yerlərini daha çox tərcih edirlər, İngiltərə əhalisinin 75-80 faizi ildə ən az bir dəfə kəndləri ziyarət edirlər. ABŞ-da balqabaq və ya qarğıdalı yığımı, maldarlıq fermalarında yemləmə və ya əkin proseslərində iştirak, yeni ilə hazırlıq zamanı şam ağaclarının kəsiminə qoşulma, kənd sakinləri ilə görüşlər, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını ziyarət, kənd təsərrüfatı muzeylərinə və ya şərabçılıq müəssisələrinə ekskursiyalar, istehsal olunan məhsulların dequstasiyası, meyvə bağlarına turlar kimi aqroturizm xidmətləri təklif olunur”.
V.Əhmədovanın sözlərinə görə, aqroturizm sahəsində ən inkişaf etmiş 5 ölkəni sayacaq olsaq, bunlar Fransa, İtalya, İspaniya, Almaniya və İngiltərədir: “Fransada aqroturizmlə məşğul olan mikro ailə müəssisələrindən tutmuş, ölkə səviyyəsində böyük müəssisələrə qədər mövcuddur. Sektor, Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər nazirliklərin (İdman Nazirliyi və s.) himayəsindədir. Ölkədə ümumilikdə 94 500 çarpayı yeri olan kənd otelləri, 50 min kənd evi, 30 min qonaq evi, 37 min turstik ərazi, 28 min turistik ev, 308 bin çadır yeri aqroturizmə xidmət etməkdədir. Məsələn, İtalyada 1960-1980-ci illər arasında kəndlərdə məskunlaşmış 5 milyondan çox italyan vətəndaşı torpaqlarını tərk edərək şəhərlərə köç etdilər. Kəndlərin kütləvi tərk edilməsini görən Kənd Təsərrüfatı və Turizm Dərnəyi aqroturizm fikrini ortaya atdı. İlkin olaraq, kənd təsərrüfatı ilə məşğul olanların evlərini kirayə vermələri, istehsal etdikləri məhsulları markalaşdırmaları kimi məqsədlər güdülürdü. Artıq bir müddət keçdikdən sonra bəzi bölgələrdən şəhərə köçün azaldığı, kənd sakinlərinin turizmə yönəldikləri müşahidə olundu. Diğər tərəfdən də bəzi bölgələrdə (Tuscany, Umbria, Latium, Liquria və s.) kənd evləri yenidən inşa edilərək müasir tərz villalara çevrildi. Hazırda Latium bölgəsində turistlərə qonaqlama, atla gəzinti, göldə balıq tutma, ənənəvi İtalyan mətbəxinin yeməklərini dadma kimi xidmətlər təklif olunur. Bu ölkədə aqroturizmi seçənlərin 60%-i ailələr olduğu üçün bir növ ”ailə turizmi" olaraq qəbul edilir. 2004-cü idə İtalyan hökumət bu sahəyə 441 milyon avro maliyyə dəstəyi ayırdı".

Müzəffər Ağakərimov: "Ekoturizm sabahın çağırışıdır, söhbət uzaq gələcəkdən yox, qarşıdakı 5-10 ildən gedir"
İqtisadçının sözlərinə görə, aqroturizmdə aparıcı olan digər bir ölkə İspaniyada bu sahə demək olar ki, son 20 ildə inkişaf edib: “1994-cü ildə sayı 1074 olan kənd təsərrüfatı turizm müəssisəsi 2003-cü ildə artıq 6534-ə çatdırılmışdı. Sakinlərinin əksəriyyəti heyvandarlıqla məşğul olan Ribaqorza və Sabrarbe kantonlarından əhalinin şəhərlərə kütləvi köç etməsinin qarşısını almaq üçün aqroturizmin inkişaf etdirilməsinə qərar verildi. Nəticədə, Madrid və Barselona kimi şəhərlərə kütləvi köçün demək olar ki, qarşısı alındı və kənd yerlərinin sosial-iqtisadi inkişafına nail olundu. Aqroturizm sahəsində 150 illik təcrübəsi olan ölkə isə Almaniyadır. 1970-ci ildə Almaniya Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bu sahə daha da inkişaf etdirildi. Ölkədə sayı 23 min olan aqroturizm müəssisəsi kənd ailələrinə əlavə qazanc mənbəyi təşkil etməkdədir. Vətəndaşlarının aqroturistik rekreasiya xidmətlərindən istifadə səviyyəsi yüksək olan ölkə İngiltərədir. Hər dörd ingilis vətəndaşından üçü dincəlmək üçün kənd yerlərinə üz tutur. Türkiyədə isə daha çox yaylaq turizmi, ekoturizm və macəra turizm növləri populyardır və bu xidmətlər dövlət və həmçinin özəl sektor tərəfindən təqdim edilməkdədir”.
İqtisadçı alim vurğuladı ki, aqroturizm istehsalçılara əlavə gəlir mənbəyi yaratmaqla yanaşı, kənd təsərrüfatının inkişafına da öz töhfəsini verir: “O cümlədən istehsalçıların öz məhsulları ilə dünya bazarına çıxmalarının əlverişli yoludur. Kənd yerlərindən əhalinin sürətlə köç etməsinin qarşısını almaq və kəndlərdə məskunlaşan vətəndaşların davamlı inkişafına nail olmaq üçün aqroturizm sahələrinin tez bir zamanda yaradılması, kənd təsərrüfatı iqtisadiyyatının dayaq nöqtəsi olan ailə müəssisələrinin dəstəklənməsi, kənd iqtisadiyyatının çeşidləndirilməsi vacibdir. Məlumdur ki, COVİD-19 pandemiyası dünya turizm sektoruna ağır zərbə vurdu. Ancaq hər çətinlikdə bir ibrət var deyiblər. Bu, turizmin daha yaxşı formada qurulması, davamlı, əhatəli, qeyri-ənənəvi təşkili, kənd yerlərinin turizmə qoşulması üçün bir stimul ola bilər. Aqroturistik təsərrüfat fəaliyyətlərini şaxələndirmək və kənd təsərrüfatı məhsullarına yeni tələbat yaratmaqla fermerlərə və kənd sakinlərinə fayda gətirilə bilər.
Vəziyyəti nəzərə alan BMT-nin Qida və Kənd Təsərrüfatı ilə Dünya Turizm Təşkilatı birgə kəndlərin inkişaf səviyyəsini yüksəltmək üçün davamlı kənd təsərrüfatı turizmini təşvik etməyi planlaşdırır. FAO-WTO tərəfdaşlığı, FAO-nun qlobal əhəmiyyətli kənd təsərrüfatı irsi sistemləri (GIAHS) sahəsində aqroturizmi təşviq etməklə başlayacaq. Məqsəd təkcə diqqət cəlb edən təbiət mənzərələri ilə tanış olmaq deyil, həmçinin kəndlərdə əhalinin yaşayış səviyəsini yüksəltmək, yoxsulluqla mübarizə aparmaq, gənclərə yeni iş inkanları təmin etmək, kənd təsərrüfatı təcrübələrini, ənənə və yeniliyi özünəməxsus şəkildə birləşdirməkdir".
Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın aqroturizm və ekoturizmlə bağlı çox böyük potensialı var və artıq bu istiqamətdə müəyyən işartılar sezilməkdədir: “Azərbaycanda son illər turizmin fərqli növlərinə maraq yaranıb. Təsadüfi deyil ki, Ekoturizm Assosiasiyası da yaranıb. Bundan başqa, bir çox fikirlər də var ki, ümumiyyətlə, Azərbaycanda ekoturizmi inkişaf etdirmək günün vacib tələbidir. Bunun üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır ki, ekoturizm, aqroturizm nədir. Ekoturizmə həm aqro turizm, həm də yaşıl kənd turizmi daxildir. Ekoturizmin ilk şərti eko hotellərin inşa olunmasıdır. Bu hotellər təbiət qoynunda olmalıdır, orada alternativ enerjidən, günəş enerjisindən istifadə olunmalıdır, ətraf mühitin qorunması, suya qənaət prinsiplərinin qorunması, hətta tullantıların çeşidlənməsi, bununla yanaşı, hotelin tikintisində istifadə olunan materialların da təbii materiallar olması önəmlidir. Bu eko hotellər ən çox Şimali Skandinaviya ölkələrində geniş yayılıb. Norveç, İsveç, Danimarka və Finlandiyada belə hotellər çoxdur və onların təcrübəsindən istifadə etmək olar”.
M.Ağakərimov vurğuladı ki, Azərbaycanın bu istiqamətdə potensialı çox böyükdür, biz ekoturizmin inkişafına nə qədər tez başlasaq və Qafqazda önə çıxsaq, bura gələn turistlərin də sayı da artacaq: “Ekoturizmi dəyərləndirən, ona maraq göstərən ilk növbədə Avropa turistləridir. Onlar üçün təklif olunan mətbəxt də ekoloji baxımdan təmiz və orqanik olmalıdır, kənd yumurtası, nehrə yağı, pendir, şor, hətta ət də təbiətdən birbaşa süfrəyə gəlməlidir. Ekoturizm kompleks şəkildə aparılmalıdır, eko hotellər, eko restoranlar olmalıdır, personal davranış qaydalarını bilməli, təbiətə zərər verəcək addım atmamalıdır, tullantılar təbiətə atılmamalıdır.
Ekoturizm sabahın çağırışıdır, söhbət uzaq gələcəkdən yox, qarşıdakı 5-10 ildən gedir. Ekoturizm həm də rayonlarda yaşan insanlar üçün əlavə iş yeri, gəlir deməkdir. Azərbaycan Turizm Assosiasiyası, Ekoturizm Assosiasiyası, Hotellər Assosiasiyası birləşib bu barədə iş aparmalıdır. Kəndlilər turistlərə öz təsərrüfatlarında saxladıqları inəyin, keçinin südündən, bağın meyvəsindən, tərəvəzindən, hətta Lənkəran kimi bölgədə balıq və sair təklif edə bilərlər, onlar da görəcəklər ki, bu təmiz məhsuldur. Bu sahədə kompleks iş aparılmalıdır, ancaq sürətli olmaq lazımdır, çox uzun çəkərsə biz qonşu ölkələrə uduzacağıq. Qarabağ zonasında ekoturizmi inkişaf etdirmək üçün geniş şərait var. Təkcə Şuşada deyil, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda bu turizm növünü inkişaf etmək üçün əlimizdən gələni etməliyik. Bu prosesə mütləq mütəxəssislər cəlb olunmalıdır, kor-koranə iş aparmaq olmaz".
