|
Türkiyənin “Star”ının saxta şəkil üzərindən həqarət yazısı və edilən üzrxahlıq...

Türkiyə-Azərbaycan qardaşlığından narahat olan qüvvələr hər zaman mövcud olub və indi də var. Hazırda iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyədədir. 44 günlük Vətən Müharibəsi dövründə bütün dünya Azərbaycan və Türkiyə qardaşlığına heyran qaldı.

Müharibədən sonrakı dövrdə münasibətlər daha da inkişaf etməkdədir. Təsəvvür edin, Azərbaycan Qarabağda strateji layihələrin icrasını Türkiyə şirkətlərinə tapşırır. Yol çəkilişləri, infrastrukturların quurlmasında türk şirkətləri üstünlük təşkil edir, habelə Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən 3 filiz yatağı Türkiyə şirkətlərinə verilib.
Hərbi əməkdaşlıq isə necə deyərlər, düşmən gözü çıxarır: Hazırda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdədir, bu gün də “Anatolian Phoenix-2021” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Şahinlərimiz birgə görüntülənir artıq...

703b49ea15b3.jpg (77 KB)
Təbii, yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan qardaşlığı heç də hər kəsin xoşuna gələn iş deyil, bir çox dairələrin, qüvvələrin maraqlarının tam əksinədir. Odur ki, Azərbaycan-Türkiyə qardaşlığından narahat olan məkrli çevrələr əllərinə fürsət düşdükcə iki qardaş ölkə arasındakı dünyada analoqu olmayan münasibətlərə zərbə vurmağa çalışır, hansısa şayiələr uydururlar, təxribatlar törədir, çaşqınlıq yaratmaq istəyirlər.

Çox təəssüf ki, bəzən Türkiyədəki qardaşlarımız, bəzi yazarlar, eyni zamanda Azərbaycanda da müəyyən şəxslər məqsədli şəkildə yayılan şayiələrə, təxribatçı şəkil və dezinformasiyalara inanır, reaksiya verirlər.
Türkiyənin “Star” portalında köşə yazarı Selahaddin E. Çakırgilin təəssüf doğuran, əsassız tənqidlərlə dolu yazısını da bu qəbildən hesab etmək olar.

Müəllif iddia edir ki, İsrail dövlətinin yaranmasının 73-cü il dönümü ilə bağlı 15 mayda Bakıda Alov Qüllələrində (Flame Towers) guya İsrail bayrağı əks etdirilib. Belə bir saxta şəkil sosial şəbkələrdə yayılıb...

Müəllif də bunu ciddi media orqanında tirajlayıb və sözün əsl mənasında “ağzını açıb, gözünü yumub”: Azərbaycan tarixindən “dərs verib”, cümhuriyyət dönəmindən sovet rejiminədək nümunələr göstərib, ən sonda da niyə Alov Qüllələrinin “İsrail bayrağı fonunda işıqlandırılmasına” izah istəyir...

Əvvəla onu qeyd edək ki, Azərbaycan İsraillə dost münasibətlərində olan ölkədir. Bunun təbii, tarixi və əsaslı səbəbləri var, Türkiyə rəhbərliyi, siyasi elitası da bunun fərqindədir. Heç zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə dövlətinin söz sahibləri olan şəxslər buna görə Azərbaycana irad bildirməyiblər. Hətta belə müzakirələr də mövcuddur ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsi üçün vasitəçilik edə və bu məsələ çözülə bilər. Azərbaycan Prezidenti İlham Əliyev 26 fevralda yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən də buna dair suala geniş və əhatəli cavab vermişdi.
“Beynəlxalq mediada Sizin Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün vasitəçi olmağınıza dair xəbərlər var. Bununla bağlı fikirləriniz varmı” sualına Prezident İlham Əliyev belə cavab verdi: “...Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məhz buna görə biz Qoşulmama Hərəkatına yekdil səslə - 120 ölkədən 119-nun səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-biri ilə yola getmirlər, onların arasında ciddi ixtilaflar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim çox səmimi siyasətimiz var. Biz hər bir ölkə ilə səmərəli işbirliyi qurmaq fikrindəyik, bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, müharibədən, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünki inam var. Artıq biz bu imici qazanmışıq. İnam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir.

Digər önəmli hadisələr baş verir. Müharibədən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün Azərbaycan səy göstərir. Nə üçün biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibənin əvvəlində də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün nə başağrısı yarada bilər? Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə həm siyasi, həm iqtisadi problem gətirə bilər. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Çalışıb ölkələri barışdırmaq. Bilirsiniz, xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda hansısa ifadə edilən bir söz düzgün qəbul edilmir, yaxud da ki, yanlış anlaşılır. Yəni, bütün bu emosional məsələlərdən masamızı təmizləməliyik və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var? Misal üçün hər hansı iki ölkə arasında hansısa ciddi əsaslı ixtilaf var. Əgər varsa, gəlin bunu çözək. Yoxdursa, o zaman Azərbaycan kimi ölkənin, necə deyərlər, fəaliyyəti, əməyi yerində ola bilər. Mən bundan artıq deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq mən hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, o, həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq”...
Eyni zamanda Azərbaycan dövləti daim balanslı, heç kimi incitməyəcək siyasət aparır və bütün dəngələri qorumağa çalışır.
Bütün bunlar təbii ki, Azərbaycanın güclənməsindən, habelə Türkiyə-Azərbaycan qardaşlığından narahat olanların təxribatları ilə də müşayiət olunur.
Məsələ ondadır ki, nə 15 mayda, nə də digər günlərdə Alov Qüllələrində İsrail bayrağı əks olunmayıb, rəngləndirlməyib. Bu iddia altında yayılan foto saxtadır, feykdir, montajdır. Bunu kimsə məqsədli şəkildə, təxribatçılıqla hazırlayıb və sosial şəbəkələrdə yayıb.

2ac6b73d-5c99-429b-a3af-f3c2ae55e4b5.jpg (89 KB)

Həmin o saxta şəkil - aydınca görünür ki, montaj edilib!

Türk mediası kifayət qədər peşəkardır. Ancaq necə ola bilər ki, bir feyk şəkil əsasında Türkiyə nəşri qardaş Azərbaycan haqqında həqarətli ifadələrlə yazı yayımlasın?! Bunun səbəbi nədir? Məqalədə müəllif Azərbaycan haqda elə ironiyalar səsləndirir ki, bunun arxasında bir erməni təxribatı olması ehtimalları da yaranır...
Arkadaş, əgər həqiqətən də Alov Qüvvələri İsraili bayrağı ilə şəkilləndirilsəydi, İsraili istəməyən yaxın-uzaq ölkələrin marıta dayanmış əlamanları nə cür haray qoparmışdılar, fərqindəsinizmi? Amma belə bir hay-küy yoxdur, heç bir kampaniya başlamayıb o ölkələrin müəyyən dairələrindən və Bakıdakı sevdalılarından. Çünki onlar belə bir hadisənin olmadığını, yayılan şəkilin isə saxta olduğunun, təxribat məqsədi daşımasının fərqindədirlər.
Ancaq nədənsə “Star” nəşri bunun fərqində olmayıb və ölkəmizin ünvanına hədyan dolu yazı dərc edib. Qardaş ölkənin nəşrinin bir dezinformasiya üzərindən belə davranışı çox üzücüdür. Bu, həmin nəşrin imicinə ciddi zərbədir.
Təbii, media qaydaları, quralları tələb edir ki, nəşr həmin yazıya təkzib versin, müəllifi cəzalandırısın və Azərbaycandan, oxuculardan üzr istənilsin. Yoxsa, bundan Azərbaycan-Türkiyə qardaşlığına çamur atmaq istəyənlər bərhələnəcək, ayıb olacaq...
Kampaniya, düşmən dəyirmanına su tökmək deyilsə, vicdanlı yanılmadırsa, səmimi şəkildə üzr istəmək vacibliyi ilə yanaşı, həm də anlaşılan olacaq.

P.S. Az öncə müəllifin üzrxahlığı dərc edildi. Mətni orijinalda təqdim edirik: "Önceki yazımın sonunda, 'Sionist İsrail rejiminin kuruluşunun 73. Yıldönümü' dolayısıyla Azerbaycan Cumhuriyeti'nin başkenti Bakû'daki gökdelenlerin dış cephelerinin, 15 Mayıs gecesi İsrail rejimi bayrağının renkleriyle ışıklandırıldığını teessüfle belirtmiştim.

Değerli Azerbaycan yöneticileri, böyle bir kutlamanın kesinlikle söz konusu olmadığını iletmişlerdir.

Bu konuda resmî kaynakların bilgisini esas alacağımızın tabiî olduğunu ve yazımdaki o bilgilerin yanlış olmasının da bizi ancak memnun edeceğini ifadeyle, durumu okuyucularıma tavzihen arz ediyor, Sayın Cumhurbaşkanı Aliyev'den ve dost Azerbaycanlı kardeşlerimizden helallik diliyorum.

Saygılarımla..."